...

Azərbaycanın müxalif partiyalarının birliyinə daha bir partiya qoşula bilər

Siyasət Materials 27 Sentyabr 2010 11:50 (UTC +04:00)
Azərbaycanın müxalif Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının birliyinə Klassik Xalq Cəbhəsi Partiyası (AXCP) da qoşula bilər.
Azərbaycanın müxalif partiyalarının birliyinə daha bir partiya qoşula bilər

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının birliyinə Klassik Xalq Cəbhəsi Partiyası (AXCP) da qoşula bilər. Bu barədə bazar ertəsi Trend-ə Müsavat Partiyası  Məclisinin sədri Sülhəddin Əkbər bildirib.

"AXCP ilə Müsavatın birliyi yarandıqdan sonra, biz bu birləşmə prosesini bitmiş hesab etməyəcəyik. Ondan sonra da davam etdirəcəyik. Biz "açıq qapı" siyasəti aparmaq niyyətindəyik. Gələcəkdə iki variant mümkündür. Ya danışıqlar prosesinə Klassik Xalq Cəbhəsi partiyası da daxil edilə bilər və yaxud bu birlik başa çatdıqdan sonra da danışıqlar davam etdirilə bilər", - Əkbər əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyaların birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin şənbə günü keçirilən qurultayında Müsavatla birləşmək haqqında qərar qəbul olunub.

Müsavat funksioneri deyib ki, Müsavatın da yaxın zamanlarda qurultayı keçiriləcək.

"Müsavat Partiyasının Ali Məclisi qurultay keçirməklə bağlı qərarı yanvar ayında verib. Seçki kampaniyasına görə qurultay bir qədər ertələnib. Seçki kampaniyası bitdikdən sonra, qurultaya hazırlıq işləri başlanacaq və mümkün olan, qısa vaxtda qurultayı keçirməyə çalışacağıq", - Əkbər deyib.

Onun fikrincə, Müsavat qurultayı birləşmə məsələsi ilə bağlı müsbət qərar verəcək.

"Birləşmə qurultayın səlahiyyətinə aid olan qərardır. Mən bu qərarı AXCP-nin qurultayındakı çıxışım zamanı da dəstəklədim. Qurultaydan öncə də birlik tərəfdarı idim. Ümid edirəm, Müsavatda da bu qərar müsbət qarşılanacaq. Çünki bu təklif Müsavat başqanı İsa Qəmbərin təklifidir və böyük əksəriyyət tərəfindən rəğbətlə qarşılanıb. İnanıram, Müsavat Partiyasının  qərarı müsbət olacaq", - o qeyd edib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan sonra, partiyanın fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər partiyanın başqanı seçilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik, liberallıq ideyaları dayanır.

Xəbər lenti

Xəbər lenti