...

Azərbaycanda seçicilər radikallığı təbliğ edənləri boykot edib – hakim partiya

Siyasət Materials 11 Noyabr 2010 14:56 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası hesab edir ki, parlament seçkiləri zamanı radikallığı, qeyri-konstruktivliyi təbliğ edənlər, bunu təşviqatının mühüm komponenti hesab edənlər seçicilər tərəfindən boykot edilib.
Azərbaycanda seçicilər radikallığı təbliğ edənləri boykot edib – hakim partiya

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, parlament seçkiləri zamanı radikallığı, qeyri-konstruktivliyi təbliğ edənlər, bunu təşviqatının mühüm komponenti hesab edənlər seçicilər tərəfindən boykot edilib.

"Bu seçkilər bir daha göstərdi ki, seçicilər, Azərbaycan vətəndaşları radikalizmə yox deyir. Müxalifətin kontsruktivlikdən uzaq partiyalarının bu seçkilərdə böyük məğlubiyyətə uğramasının bir göstəricisi də budur", - YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı cümə axşamı partiyanın rəsmi saytına verdiyi müsahibəsində bildirib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

"Həm İsa Qəmbər, həm də Əli Kərimli vaxtilə Azərbaycanda siyasi hakimiyyətdə olmuş insanlardır və onların hakimiyyəti dövründə Azərbaycanın ictimai-siyasi həyatında yalnız uğursuz, xoşagəlməz hadisələr baş verib. Onlar yenidən siyasi hakimiyyətə can atmaqla, bir növ uğursuzluqlarını yada salmağa çalışırlar. Azərbaycan cəmiyyəti isə heç nəyi unutmur, İsa Qəmbərin, Əli Kərimlinin hakimiyyətdə olduğu dövrdə Azərbaycana yaşatdıqları bəlaları yaddan çıxarmayıb. Xalqımız növbəti dəfə öz üzərində eksperiment aparılmasına razı deyil və razı olmayacaq", - Qurbanlı əlavə edib.

Parlament seçkiləri nəticəsində hakim partiyanın 70-dən çox nümayəndəsi xalqdan mandat almağı bacarıb. Müxalif AXCP-Müsavat blokunun seçkilərə qatılan 37 namizədindən heç biri qələbə qazana bilməyib.

Qurbanlının sözlərinə görə, xalqın AXCP-Müsavat blokunun nümayəndələrinə etimad göstərməməsi, səs verməməsi elə həmin insanların özlərinin fəaliyyətinin nəticəsidir: "Bu, eyni zamanda Azərbaycan seçicisinin radikallığa münasibətidir. Real fikirlər, proqramlar ortaya qoymaqdansa, ümumi sözlərlə, qeyri-obyektiv, həqiqətə söykənməyən, populist tənqidlərlə öz təşviqatlarını qurublar. Təbii ki, bu üsulla irəli getmək mümkün deyil. Bütün bu sadalananlar isə nəticə etibarı ilə onların məğlubiyyətini şərtləndirir",  - o, vurğulayıb.

Qurbanlı hakim partiyanın cəmiyyətdəki nüfuzundan da söz açıb.

"YAP-ın Azərbaycan cəmiyyətində çox böyük nüfuzu var. Bu nüfuz bütün sahələrdə özünü göstərir. Yeni Azərbaycan Partiyasının 520 mindən artıq üzvü, 8500-dən artıq ilk partiya təşkilatları var. Eyni zamanda, YAP Azərbaycanın bütün şəhər və kəndlərində özək təşkilatlarını yaradıb. İntellektual səviyyəsinə görə, üzvlərinin intellektual potensialına görə Azərbaycanda heç bir siyasi təşkilat YAP-la rəqabət apara bilməz", - o, qeyd edib.

YAP 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti