...

Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın Həştərxanda əldə olunmuş razılığa itaətsizliyidir - azərbaycanlı politoloq

Siyasət Materials 13 Noyabr 2010 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlaması rəsmi Yerevanın Həştərxanda Rusiya Prezidentinin təşəbbüsü ilə əldə olunmuş razılığa itaətsizliyinin göstəricisidir. Bu barədə şənbə günü Trend-ə politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarksyanın danışıqlarının yekunlarına əsasən oktyabrın 27-də Həştərxanda Dağlıq Qarabağ münaqişəsi tərəfləri - Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin qaytarılmasını nəzərdə tutan və humanitar xarakter daşıyan bəyannamə imzalanıb.

"Qısa müddətli fasilədən sonra Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlaması rəsmi Yerevanın Həştərxanda Rusiya Prezidentinin təşəbbüsü ilə əldə olunmuş razılığa itaətsizliyinin göstəricisidir", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, prezident Serj Sarksyanın iştirakı ilə hərbi təlimlərin keçirilməsi beynəlxalq hüquq normalarının, o cümlədən Ermənistanın zəruri ehtiyac hiss etdiyi güc tətbiq etməmək prinsipinin inkarı deməkdir. "Ermənistan hərbi təlim keçirməklə bütün dünyaya sübut etdi ki, ATƏT-in Astana sammiti zamanı dinc tənzimlənmə variantına razılıq verməyəcək", - politoloq deyib.

Əhmədoğlu hesab edir ki, həmişə kiməsə arxayın olaraq addım atmağı xoşlayan Ermənistanın Rusiyaya qarşı bu sayğısızlığının arxasında regional güclərdən birinin dayandığını ehtimal etmək olar.

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistana ən böyük hörmət və fayda münaqişəni bu dövlətin iştirakı olmadan həll etməkdir. Ermənistanı sevənlər hökmən bu addımı atmalıdırlar. Ermənistan və Dağlıq Qarabağdakı ermənilərin normal insani həyat tərzinə alışdırılması zamanın tələbidir", - Mərkəzin direktoru bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti