...

Azərbaycanın bəzi müxalifət partiyalarının xalq parlamenti yaratması absurd ideyadır – partiya sədri

Siyasət Materials 27 Noyabr 2010 13:55 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət partiyalarının xalq parlamenti yaratmaq ideyası tam mənasız və absurd ideyadır.
Azərbaycanın bəzi müxalifət partiyalarının xalq parlamenti yaratması absurd ideyadır – partiya sədri

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın bəzi müxalifət partiyalarının xalq parlamenti yaratmaq ideyası tam mənasız və absurd ideyadır. Bu barədə şənbə günü Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

"Bu ideyanı həyata keçirtmək müxalifətin ən güclü olduğu 1998-2000-ci illərdə belə, mümkün olmayıb. Xalq parlamentinə legitimlik statusu vermək, real hakimiyyətə çevirmək mümkün olmayacaq. Arxasında böyük bir xalq kütləsi durmayan hər hansı bir qurum yaratmaq, bunun tanınma məsələsini həll etmək böyük problemli məsələdir. Bu Fələstin Azadlıq Təşkilatı deyil ki, formalaşdırsınlar və hamı bunu tanısın", - Mustafa əlavə edib.

Noyabrın 23-də Müsavat Partiyasının mərkəzi qərargahında 7 noyabr parlament seçkisinin nəticələrini tanımayan namizədlərin forumu keçirilib.

"AXCP-Müsavat" seçki blokunun təşəbbüsü ilə keçirilən forumda Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Azadlıq, Demokratik Azərbaycan Dünyası, Azərbaycan Xalq partiyalarının təmsilçiləri və müstəqil namizədlər iştirak ediblər. Forumda parlament seçkiləri, sekçidən sonrakı vəziyyət müzakirə edilib.

Forumda həmçinin Milli Məclisə alternativ qurumun - xalq parlamentinin yaradılması təklifi səsləndirilib.

"Mən məsləhət görərdim ki, indidən bu ideyanın arxasınca düşüb, özlərini çətin vəziyyətə qoymasınlar. Təbii ki, müxalifət müəyyən yollar tapmalıdır və taktikasında müəyyən dəyişikliklər etməlidir. Amma ən uğursuz təkliflərdən biri kimi xalq parlamentinin yaradılması ideyasını hesab edirəm. Bunun reallaşması heç bir halda mümkün deyil. Hətta hakimiyyət özbaşına buraxsa belə, mümkün deyil. Bu, ideyasız birlik formasıdır", - partiya sədri qeyd edib.

Mustafanın sözlərinə görə, bu birliyi yaratmağa cəhd göstərən insanların əksər hissəsi xalqdan dəstək ala bilməyib.

"Onların fikirlərindən belə çıxır ki, kim parlamentə keçməyibsə, deməli xalqı təmsil edir. Bu absurd yanaşmadır. Müxalifət cinahında o qədər nüfuzsuz adamlar namizədlik vermişdi ki. Təbii ki, nüfuzlu adamlar da var ki, onlar özlərinə görə səs də toplayıblar. Amma 50-60 faiz ümumiyyətlə səs toplamayıb. Bu insanları xalqı təmsil edənlər kimi sırımağın nə mənası var?" - Mustafa vurğulayıb.

Onun sözlərinə görə, bu ideya ilə uğur qazanmaq mümkün olmayacaq. "Bu çox absurd və mənasız ideyadır. Ona görə də mən deyirəm ki, bu ideya ilə bir addım da irəliləmək mümkün olmayacaq. Əvvəlcədən tam qətiyyətlə bunu söyləyirəm", - partiya sədri deyib.

Noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticəsi olaraq YAP Milli Məclisdə 71 yer qazanıb. Bundan əlavə, Ana Vətən Partiyası (AVP) 2, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 2, Demokratik İslahatlar Partiyası (DİP), Böyük Quruluş Partiyası (BQP), Ümid, Sosial Rifah Partiyası (SRP), Vətəndaş Birliyi Partiyası (VBP), Ədalət Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) hərəsi 1 deputatla Milli Məclisdə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti