Azərbaycan, Bakı, 22 iyul /Trend/
Azərbaycanda bu ilin altı ayı ərzində cinayətlərin təxminən 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
"Bütün subyektlər üzrə 12.139 cinayət qeydə alınıb ki, onların 95%-i, yəni 11.520-si daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Həmin cinayətlərin 90,5%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 9,5%-ni ağır və xüsusilə ağır növlər təşkil edib", - Trend-in məlumatına görə, bunu cümə günü respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.
Ümumi cinayətlərin 82,2%-i, daxili işlər və prokurorluq orqanlarına aid olanların isə 83,4%-i açılıb. Qəsdən adam öldürməyə cəhdlərin açılması 3,3%, avtonəqliyyat oğurluğu faktlarının açılması 60% yaxşılaşıb, adam oğurluğu cinayətləri tam açılıb. Cinayətlərin ağır və xüsusilə ağır növləri 19%, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 7,2%, hədə-qorxu ilə tələb etmələr 33,3%, cibgirliklər 3,7% azalıb. Adamları girov götürmə və banditizm cinayətləri qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin 31 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 155, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isə "isti izlərlə" 566 cinayətin açılması təmin edilib. Cinayətkarlığa qarşı mübarizədə vətəndaşların da böyük əməyi olub və qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 85%-i məhz onların yaxından iştirakı ilə açılıb.
Nazirlik sistemində müasir texniki vasitələrdən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktik işin effektivliyini xeyli artırıb. "102" və "Təhlükəsiz Şəhər" xidmətləri tərəfindən məişət zəminində baş vermiş 2493 hüquqazidd əməlin, 147 ijtimai asayişin pozulması faktının, 28 yanğının, 8 avtoxuliqanlığın və s. hadisələrin qarşısı alınıb, axtarışda olan 16 avtomobil saxlanılıb. "Məlumat Portalı" vasitəsilə 447 təqsirləndirilən şəxs müəyyən edilib, cinayətlərin açılmasında əhəmiyyət kəsb edən 270 minə yaxın sorğu cavablandırılıb. Avtomatlaşdırılmış kriminalistik laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 22,4 faizi (1954) üzrə sübut bazası toplanılıb.
Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütövlükdə 408.342 inzibati xəta müəyyən edilib, 1895 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Avtomobillərinin şüşələrinə pərdə və plyonka çəkmiş 5130, avtoxuliqanlıq etdiyinə görə 298 şəxs barəsində qanunauyğun tədbirlər görülüb. Müxtəlif inzibati xətalara görə tərtib olunmuş 411.381 protokol üzrə 369.979 nəfər cərimələnib, 1724 nəfər məhkəmələr tərəfindən həbs olunub.
Hesabat dövründə 20.265 ərizə və şikayətin araşdırılıb, nazirliyin rəhbərliyi və struktur xidmətlər tərəfindən 2500-dən çox vətəndaş qəbul edilib, qanunçuluğun pozulmasına qarşı həyata keçirilən davamlı mübarizənin müsbət nəticəsi olaraq polis əməkdaşlarından şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1% azalıb.
İclasa yekun vuran general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda Daxili Qoşunların hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirib.