...

Əli Həsənov: Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməlidirlər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 10 Noyabr 2012 12:00 (UTC +04:00)
Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər.
Əli Həsənov: Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməlidirlər (ƏLAVƏ OLUNUB) (FOTO)

Son 4 abzas əlavə olunub (ilk xəbər saat 10:24-də yayılıb)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov şənbə günü "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda bildirib.

Həsənov deyib ki, ilk dəfədir Azərbaycan dövlətinin dəstəyi ilə dövlət nümayəndələri, mətbuat nümayəndələri və ATƏT nümayəndələrinin iştirakı ilə tədbir keçirir.

O, İdrak Abbasovun timsalında qeyd edib ki, həmin şəxsə qarşı güc tətbiq edilməsi onu göstərir ki, o öz yerini düzgün seçməyib. Hüquq mühafizə orqanları onun özünü jurnalist kimi aparmadığını, o özü isə jurnalist olduğunu bildirir.

"Bizim də məqsədimiz ondan ibarətdir ki, daha dəqiq müəyyən edək ki, kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyəti necə qurulmalıdır, jurnalistlərin forması necə olmalıdır, onların yeri necə müəyyən olunmalıdır", - PA rəsmisi deyib.

Həsənov həmçinin qeyd edib ki, mətbuat işçilərinin vəsiqələrinin formasının necə olması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu müəyyənləşməlidir: "Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir".

Onun sözlərinə görə, bu kimi seminarlarla bu sahədə beynəlxalq təcrübəni öyrənmək qarşıya məqsəd qoyulub.

Həsənov bildirib ki, Azərbaycanda KİV sahəsində qanunvericilik bazası kifayət qədər təkmilləşib.

PA rəsmisi qeyd edib ki, seminar informasiya idarəçiliyi və söz və mətbuat azadlığının təmin olunması sahəsində mövcud təcrübəni bölüşmək, o cümlədən problemlərin aradan qaldırılmasına yönəlib.

"Üç günlük seminar zamanı kütləvi tədbirlərdə jurnalistlərin iştirakının metodologiyası, polis və kütləvi tədbirlərdə iştirak edən jurnalistlər arasında münasibətlər, jurnalistlərin müvafiq qurumlar tərəfindən keçirilən kütləvi tədbirləri işıqlandırması ilə bağlı məsələlər müzakirə olunacaq", - o deyib.

Həsənov vurğulayıb ki, son 10 ildə Azərbaycanda bu sahədə qanunverici baza təkmilləşdirilib. O qeyd edib ki, seminarda jurnalistlərin daha təhlükəsiz, maneələrə rast gəlmədən kütləvi tədbirlərdə tədbir iştirakçılarına qarışmadan, kənarda dayanaraq həmin tədbirləri işıqlandırmasının beynəlxalq standartlara çatdırılması istiqamətində müzakirələr aparılacaq.

"Həmçinin, jurnalist vəsiqələrinin verilməsi sahəsində nizamsızlığın aradan qaldırılmasına çalışacağıq. Bu işdə bütün məsuliyyət Mətbuat Şurası və baş redaktorların üzərinə düşür", - PA rəsmisi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti