...

ABŞ-da “Nabukko sonrası: "Cənub qaz dəhlizi" və Avropanın enerji təhlükəsizliyində yeniliklər” mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 1 May 2013 10:36 (UTC +04:00)
ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyətinin iştirakı ilə Vudru Vilson Beynəlxalq Mərkəzində (Woodrow Wilson International Center) “Nabukko sonrası: Cənub Qaz Dəhlizi və Avropa Enerji Təhlükəsizliyində yeniliklər” mövzusunda konfrans keçirilib.
ABŞ-da “Nabukko sonrası: "Cənub qaz dəhlizi" və Avropanın enerji təhlükəsizliyində yeniliklər” mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyətinin iştirakı ilə Vudru Vilson Beynəlxalq Mərkəzində (Woodrow Wilson International Center) "Nabukko sonrası: "Cənub qaz dəhlizi" və Avropanın enerji təhlükəsizliyində yeniliklər" mövzusunda konfrans keçirilib.

SAM-ın mətbuat xidmətndən Trend-ə verilən məlumata görə, konfransda "Region və cənub dəhlizinə strateji baxış" mövzusunda çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, energetika problemləri bütün dünyada olduğu kimi, Azərbaycanda da aktuallığını saxlamaqdadır. İş elə gətirib ki, bu gün "Azərbaycan" dedikdə neft, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yada düşür. Energetika, xüsusilə neft amili son 160 ildə Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həlledici rol oynamaqdadır. Bununla belə, yalnız 22 il bundan əvvəl, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin zəngin təbii ehtiyatları dövlətimizin sərvətinə çevrilib və onun inkişafına yönəldilib.

Onun sözlərinə görə, 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın neft strategiyasının əsas çevrələri və mərhələləri müəyyən edilib. İlk dövrdə dövlətin qarşısında duran əsas vəzifələr ölkədə ictimai-siyasi sabitliyin bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə atəşkəs rejiminin əldə edilməsi və xarici ölkələrdən dəstək alan silahlı müxalifətin neytrallaşdırılması olub. Strategiyanın ikinci mərhələsi Xəzər dənizinin dərin qatlarındakı neft yataqlarında kəşfiyyat işlərinin aparılması və neftin nəql olunması ilə əlaqəli idi. Bu vəzifələrin icrası üçün Azərbaycan o dövrdə kifayət qədər istehsal gücünə və mükəmməl texnologiyalara malik deyildi. Məhz "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində bu məsələ öz həllini tapıb, Azərbaycana həcmi milyard dollarlarla ölçülən sərmayələr qoyulub, müasir istehsal texnologiyalarının tətbiqinə başlanılıb.

O qeyd edib ki, 1994-cü ildən sonra neft strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsinə - neftin dünya bazarına çıxarılması üçün şaxələndirmə marşrutlarının formalaşdırılmasına başlanılıb. Bu zaman əsas vəzifə başqalarının irəli sürə biləcəyi ağır şərtlərdən asılılığı aradan qaldırmaq məqsədilə bir marşrutla kifayətlənməmək və boru kəmərinin tamhüquqlu sahibi olmaq idi. Azərbaycan buna 2005-ci ilin mayında - Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara buraxılandan sonra nail oldu. Belə ki, 2006-cı il iyunun 1-dən cari ilin aprelin 1-dək ölkədən 212 milyon 795,576 ton neft ixrac edilib.

SAM-ın direktoru bildirib ki, ixrac marşrutlarının müəyyən edilməsindən sonra Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ neftin ən yüksək qiymətlə satışa çıxarılması və əldə edilən maliyyə vəsaitinin toplanması üçün şəffaf strukturun yaradılması idi. Bu məqsədlə 2001-ci ildə Dövlət Neft Fondu təsis edilib. İlk dövrlərdə fondun aktivləri 270 milyon ABŞ dolları olduğu halda, hazırda 34,325 milyard dollara çatdırılıb.

Cənub enerji dəhlizinin formalaşmasında əhəmiyyətli mövqeyə sahib olan Azərbaycan öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, ölkəmiz etibarlı tərəfdaş olduğunu öz işi ilə sübuta yetirib. Azərbaycan 1994-cü ildə imzalanmış müqavilənin bütün şərtlərinə əməl etməklə yanaşı, özünün milli maraqlarını təmin edir və tərəfdaşları ilə əlaqələri genişləndirir.

Dövlətimiz enerji siyasətində siyasi amilləri minimuma endirilməsinin vacibliyinə həmişə xüsusi önəm verib. 2012-ci ildə TANAP boru kəməri çəkilişinə dair Azərbaycan və Türkiyənin birgə təşəbbüsü bu mövqenin bariz nümunəsidir.

"Qeyd edək ki, həmin təşəbbüs "Nabukko" layihəsinin reallaşdırılması ətrafında illər uzunu davam edən və nəticəsiz qalan müzakirələrdən sonra irəli sürülüb. Xatırladaq ki, "Nabukko" layihəsində maraqlı olan tərəflərin heç biri onun həyata keçirilməsi istiqamətində əməli fəaliyyət göstərməyib, məsuliyyəti öz üzərinə götürməkdən çəkinib. Azərbaycanın bu addımı onun neft strategiyasından irəli gələn mərhələli vəzifələrin - neft və qazın dünya bazarına çıxarılması və konkret ünvana, istehlakçıya çatdırılmasının məntiqi davamıdır. O da aydındır ki, ənənəvi olaraq "neft ölkəsi" adlandırılan Azərbaycan yaxın gələcəkdə qaz ixracatçısına, perspektivdə isə neft və qazın Mərkəzi Asiyadan Avropaya nəql edilməsində geniş infrastruktur şəbəkəsinə malik tranzit dövlətə çevriləcəkdir",- Məmmədov əlavə edib.

Konfransda millət vəkili Asim Mollazadə "Enerji sahəsindəki inkişaf, regional və beynəlxalq təsirlər", SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva "TANAP/Şahdəniz/Nabukko Qərb/TAP-da xüsusi yenilənmə" mövzularında çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti