...

Prezident İlham Əliyev: Azərbaycan MDB ölkələri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək (FOTO)

Siyasət Materials 25 Oktyabr 2013 21:49 (UTC +04:00)
Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Prezident İlham Əliyev: Azərbaycan MDB ölkələri arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşıladı. Prezidentlər xatirə şəkli çəkdirdilər.

Sonra Prezident Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa gələn digər dövlət başçılarını da qarşıladı.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

İclasın iştirakçılarını salamlayan Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət və hökumət başçılarının bu tədbirdə iştirakını yüksək qiymətləndirdi.

İclas iştirakçıları adından İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edən Aleksandr Lukaşenko deyib: "İcazə verin, - elə bilirəm ki, ümumi rəyi ifadə edəcəyəm, - iclasımıza başlamazdan əvvəl hamımızın adından hörmətli İlham Heydər oğlu Əliyevi seçkilərdə çox inamlı qələbə qazanması münasibətilə təbrik edək, ona Azərbaycan Respublikasının və xalqının tərəqqisi naminə ali dövləti vəzifəsində yeni uğurlar arzulayaq".

İclasda iştirak edən dövlət başçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim olundu.

Sonra Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının iclasını açıq elan etdi və sözü MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevə verdi.

İclasın gündəliyi və reqlamenti barədə məlumat verən Sergey Lebedev bildirdi ki, gündəlikdə 14 məsələnin müzakirəsi nəzərdə tutulmuşdur. Bunlar 2015-ci ilin MDB-də "1941-1945-ci illər Böyük Vətən Müharibəsi Veteranları İli" elan edilməsi, sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsi münasibətilə vahid yubiley mükafatlarının təsis olunması, MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti görüşünün vaxtı, yeri və digər məsələlərdir.

İclasın gündəliyi təsdiq olunduqdan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko birlik çərçivəsində qarşılıqlı əməkdaşlıq üzrə aktual məsələlərlə bağlı çıxış edərək dedi: "Bu gün biz Müstəqil Dövlətlər Birliyinin mənzil-qərargahının yerləşdiyi və ənənəvi irimiqyaslı qərarların qəbul olunduğu Minsk şəhərində toplaşmışıq. Sədrlik çərçivəsində Belarus öz səylərini "İnsan naminə inteqrasiya" şüarına müvafiq olan məsələlərin həllinə yönəldib. Bundan çıxış edərək hamımız tərəfindən təhlükəsizlik, ekologiya, yaşıl texnologiyalar, regionlararası sərhədyanı əməkdaşlığın genişləndirilməsi, mədəni dialoq sahələrində bir sıra tədbirlər və təşəbbüslər uğurla həyata keçirilib. İqtisadi tərəfdaşlıq mövzusu fəaliyyətin əsas istiqamətini təşkil edib. Bu il biz azad ticarət xidmətləri zonası müqavilə layihəsi üzrə fəal danışıqlara başlamışıq".

"İndi isə MDB çərçivəsində qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə əlavə tədbirlərin görülməsinin vaxtı çatıb", - deyən Aleksandr Lukaşenko Birliyə üzv dövlətlərin üç istiqamət üzrə əməkdaşlığı daha da gücləndirməsinin vacibliyini vurğuladı. Bu sahələr MDB ölkələrinin beynəlxalq arenada əlaqələndirilmə məsələsinin gücləndirilməsini, regional səviyyədə işin fəallaşdırılmasını və gənclər arasında birliyin təbliğini nəzərdə tutur.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək deyib:

"Hörmətli Aleksandr Qriqoryeviç, çıxışımın əvvəlində Sizin səmimi sözlərinizə və təbriklərinizə görə təşəkkürümü bildirmək istərdim. Bu, bir qədər gözlənilməz oldu. Yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyim münasibətilə məni təbrik etmiş bütün həmkarlarıma, dövlət başçılarına təşəkkür etmək istərdim. Deməliyəm ki, ölkələrimiz arasında əməkdaşlıq mənim fəaliyyətimdə birinci dərəcəli əhəmiyyət kəsb edəcəkdir. Bizim xalqlarımızı müştərək tarix, ümumi keçmiş, qəhrəmanlıq keçmişi, faşizmə qarşı birgə mübarizə birləşdirir. Bu gün bizi iqtisadi və siyasi maraqlar birləşdirir. MDB çərçivəsində əməkdaşlıq Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təbii ki, Birlikdə inteqrasiya prosesləri çərçivəsində Azərbaycan həmişə prinsipial mövqe tutmuşdur. Bu mövqe əməkdaşlığın möhkəmlənməsinə, çoxtərəfli və ikitərəfli münasibətlərin inkişafına istiqamətlənmişdir".

Dövlət başçısı qeyd edib ki, bir neçə gündən sonra Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumu keçiriləcəkdir. Rusiyanın və Azərbaycanın birgə təşəbbüsü ilə keçirilən bu ənənəvi Forum qısa müddətdə humanitar əməkdaşlıq, mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərinin müzakirəsi üçün çox mühüm bir məkana çevrilmişdir:

"Fürsətdən istifadə edib MDB ölkələrinin nümayəndələrinə əvvəlki forumlarda fəal iştirak etdiklərinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Ümidvaram ki, ziyalılar, elmi ictimaiyyətin nümayəndələri bu Forumda da fəal iştirak edəcəklər. Bu, bizim əməkdaşlığın əsasını təşkil edən humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi çərçivəsində siyasətimizə uyğundur. Humanitar sahə ölkələrimiz arasında münasibətləri möhkəmləndirən sahədir və elə etmək lazımdır ki, bizim vətəndaşların artıq müstəqillik şəraitində doğulmuş və formalaşmış gələcək nəsilləri də xalqlarımızı və ölkələrimizi bir-birinə bağlayan bütün müsbət dəyərləri qiymətləndirsinlər, öz əməkləri ilə münasibətlərimizin inkişafına töhfə versinlər.

Biz iqtisadi kooperasiya, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlərə də böyük əhəmiyyət veririk. MDB ölkələrinin çoxu ilə Azərbaycanın əmtəə dövriyyəsi ildən-ilə genişlənir, onun strukturu yaxşılaşır. Başqa sözlə desək, bizim münasibətlərimizin əsası olan humanitar əməkdaşlıq iqtisadi sahədə də fəal qarşılıqlı əlaqəyə şərait yaradır".

İlham Əliyev bildirib ki, iclasımızın gündəliyi cinayətkarlığa, terrorizmə qarşı mübarizə ilə bağlı olan məsələləri əhatə edir: "Bu məsələlər də bizim üçün vacibdir və bütövlükdə dünya birliyi tərəfindən vahid mövqedən qəbul edilməlidir. Ona görə ki, bu gün cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində fəal əməkdaşlıq olmasa, heç bir ölkə öz təhlükəsizliyini tamamilə və ya yüz faiz təmin edə bilməz. Vətəndaşlarımızın təhlükəsiz gələcəyini təmin etmək üçün bizim dövlətlərin müvafiq xidmətləri arasında əlaqələndirməni və birgə fəaliyyəti gücləndirmək lazımdır.

Gündəlikdəki digər mövzularla bağlı məsələlər barəsində, yəni 2014-cü ilin turizm ili, 2015-ci ilin Böyük Vətən Müharibəsi Veteranları ili edilməsi məsələlərində biz Birliyin üzvü olan ölkələrin mövqeyinə tamamilə şərikik. Bunlar çox mühüm sahələrdir. Təbii ki, Azərbaycan öz tərəfindən bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi işinə imkan daxilində öz töhfələrini verməyə çalışacaqdır. Diqqətinizə görə təşəkkür edirəm".

Daha sonra çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Birlik çərçivəsində xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşması məsələsinin prioritet olduğunu bildirdi, 2014-cü ildə Ukraynanın MDB-yə sədrliyini dəstəklədiyini vurğuladı.

Qırğızıstan Baş nazirinin müavini Comart Otorbayev ölkəsinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə bağlı tədbirlərə böyük əhəmiyyət verdiyini dedi, bu sahədə tədbirlərin görülməsinin vacibliyinə toxundu.

Moldova Prezidenti Nikole Timofti ölkələrimizin və xalqlarımızın maraqları çərçivəsində əməkdaşlığın bundan sonra da möhkəmləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Rusiya Prezidenti Vladimir Putin çıxışında iqtisadi sahədə tədbirlərə prioritet yanaşmanın vacibliyini diqqətə çatdırdı. O, dünya iqtisadiyyatında baş verən proseslərə toxunaraq qlobal böhranla bağlı ölkələrimiz arasında inteqrasiya əlaqələrinin inkişafının, təhlükəsiz işgüzar mühitin formalaşdırılmasının vacibliyini bildirdi. Hüquq mühafizə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirən Vladimir Putin bu ilin "Ətraf Mühitin Mühafizəsi İli", gələn ilin isə "Turizm İli" elan olunacağını diqqətə çatdırdı.

2020-ci ilədək turizm sahəsində əməkdaşlıq strategiyasının nəzərdən keçirildiyini vurğulayan Rusiya Prezidenti Vladimir Putin deyib:

"MDB ölkələri nadir mədəni-tarixi və təbii ehtiyatların müxtəlifliyinə malikdir. Onların daha əlyetərli olmasını təmin etmək, regional nəqliyyat infrastrukturunu inkişaf etdirmək, müştərək obyektlər yaradılmasına sərmayə qoymaq vacibdir. Məsələn, Belarus ilə Rusiya arasında 2012-ci ildən fəaliyyət göstərən yaxşı bir layihə vardır. Həmin layihəyə əsasən, MDB məkanında ən iri - Dnepr çayı boyunca 220 kilometr uzunluğunda su turizm marşrutu formalaşdırılır. Ukrayna və Azərbaycan ilə Rusiya arasında da buna bənzər layihələr üzərində işləyirik. Bu yaxınlarda Azərbaycanda oldum, Bakının necə inkişaf etdiyini görüb çox məmnun qaldım. Biz şəhərin mərkəzi hissəsində gəzdik, bura həqiqətən çox heyrətamizdir. Əminəm ki, əgər insanlar bizim ölkələrdə baş verənlərdən xəbərdar olsalar, qarşılıqlı maraq daim artacaqdır".

Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəsinin MDB-ni vacib regional mexanizm kimi nəzərdən keçirməkdə davam etdiyini, Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərlərində Birliyin mədəni paytaxtı çərçivəsində tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildirdi.

Türkmənistanın Nazirlər Soveti sədrinin müavini Annamuhammed Qoçiyev ölkəsinin MDB-nin fəal üzvü kimi Birlik çərçivəsində həm ikitərəfli, həm çoxtərəfli formatda əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Özbəkistan Prezidenti İslam Kərimov MDB-nin perspektivləri barədə danışdı, bu qurumun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin qorunub saxlanmasında əhəmiyyətli olduğunu bildirdi.

Ukrayna Prezidenti Viktor Yanukoviç dedi ki, ölkəsi 2014-cü ilin "Turizm İli", 2015-ci ilin isə "1941-1945-ci illər Böyük Vətən Müharibəsi Veteranları İli" elan edilməsi təklifini dəstəkləyir.

Belarus Prezidenti Aleksandr Lukaşenko da Böyük Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsinin vacibliyini vurğuladı, Böyük Qələbənin təbliğinin gələcək nəslin tərbiyəsində xüsusi əhəmiyyətə malik olduğunu bildirdi.

Daha sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə görüşü oldu.

Bundan əvvəlki məhdud tərkibdə görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsinin aparıldığını deyən Aleksandr Lukaşenko əsas müzakirə mövzularının nəqliyyat, energetika, kosmos, nanotexnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı olduğunu bildirdi.

2014-cü ildə MDB-yə Ukraynanın sədrlik edəcəyini deyən Prezident Viktor Yanukoviç bu müddətdə MDB çərçivəsində həyata keçiriləcək layihələrdən danışdı. Viktor Yanukoviç MDB Dövlət Başçıları Şurasının növbəti iclasının 2014-cü ilin oktyabrında Kiyevdə keçirilməsi barədə təkliflə çıxış etdi.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlət və hökumət başçıları sənədlər paketini imzaladılar.

Sənədlərin imzalanmasından sonra MDB ölkələrinin dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri Müstəqillik Sarayının Fəxri qonaqlar xiyabanının təməlqoyma mərasimində iştirak etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev xiyabanda ağac əkdi.

Digər qonaqlar da burada ağac əkdilər.

Daha sonra MDB Dövlət Başçıları Şurasının sədri, Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından MDB Dövlət Başçıları Şurası iclasının iştirakçılarının şərəfinə nahar verildi.

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 25-də öz işini yekunlaşdırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti