...

Deputat: Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biridir

Siyasət Materials 26 Fevral 2017 19:28 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biridir. Bunu Trend-ə Milli Məclisin deputatı, Xocalı soyqırmının şahidi Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə şaxtalı hava şəraitində erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edərək hər kəsə - qocalara, qadınlara uşaqlara divan tutdular, nolara qarşı görünməmiş vəhşiliklər törətdilər:

“Ermənilər Xocalıda misli görünməmiş vəhşilik törətdilə. Uşaqların başını kəsmək, süngüyə keçirmək, insanların başının dərisini soymaq, gözlərini çıxarmaq, hamilə qadınların bətnindən körpəni çıxararaq başını kəsmək bəşər tarixinin ən dəhşətli vəhşiliyidir”.

Deputat qeyd edib ki, dünya birliyi bu soyqırıma hələ də siyasi və hüquqi qiymət vermək istəmir:

“Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına Azərbaycan dövləti tərəfindən siyasi və hüquqi qiymət verildi. Ancaq Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi və siyasi qiymət hələ də verilməyib. Bir sıra dövlətlər, o cümlədən ABŞ-ın 21 ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Ancaq bizim istəyimiz odur ki, Xocalı soyqırımına beynəlxalq qurumlar səviyyəsində hüquqi və siyasi qiymət verilsin. Buna nə mane olur?! Buna mane olan beynəlxalq qurumların və bu beynəlxalq qurumları idarə edən dövlətlərin bu məsələyə öz maraqları prizmasından baxmaları, ikili standartlardan yanaşmalarıdır. Bu məsələyə artıq ədalət baxımından yanaşılmır. Məsələn, Kosova, Liviya məsələsi ilə bağlı bir neçə saat ərzində qərar qəbul olundu və icra olundu, ancaq 25 ildir BMT-nin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması ilə bağlı qətnamələr icra olunmur. Buna baxmayaraq, biz geri durmamalı, ruhdan düşməməli və çalışıb istədiyimizə nail olmalıyıq”.

Deputat bildirib ki, bu soyqırıma beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət veriləndən, Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra təbii ki, bu soyqırmı törədənlər məhkəmə qarşısında cavab verəcəklər, cəzalanacaqlar:

“Hələ ki, onlar azadlıqda gəzirlər, prezident, nazir postlarını tuturlar. Vaxt gələcək Lapşin kimi Serj Sarkisyan, Robert Koçaryan və digərləri də Azərbaycana və yaxud beynəlxalq hərbi tribunala gətiriləcəklər və lazımi cəzalarını alacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti