...

Nant şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)

Siyasət Materials 24 Fevral 2017 12:00 (UTC +04:00)
Nant şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş “Xocalı qurbanlarının xatirəsi” adlı tədbir keçirilib.
Nant şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Parisdəki səfirliyinin və Fransada Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə Nant şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş “Xocalı qurbanlarının xatirəsi” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl səfir Elçin Əmirbəyov Nant şəhərinin münisipal müşaviri və şəhərin Konqres mərkəzinin prezidenti Raşel Boşe ilə görüşüb.

Görüşdə diplomat Azərbaycan ilə Fransa arasındakı münasibətlərə toxunub, regional səviyyədə reallaşdırılmış layihələrdən söz açıb. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə töhfə verdiyini vurğulayıb. Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti, eləcə də ölkəmizdə fəaliyyət göstərən fransız şirkətlərindən danışıb. O, Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu qeyd edib.

Diplomat xalqımızın ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin müstəqillik tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsi haqqında geniş məlumat verib. Xocalı soyqırımının bir çox ölkələrin parlamentlərində tanındığını qeyd edib.

Tərəflər Nant şəhəri ilə gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Nantın bir çox ölkələrin şəhərləri ilə qardaşlaşma və ya tərəfdaşlıq sazişləri imzaladığı bildirilib.

Çoxmillətli şəhər Nantda Azərbaycan icmasının kifayət qədər böyük olduğu vurğulanıb. Mədəniyyət, elm, təhsil, iqtisadiyyat və humanitar sahələrdə gələcək əməkdaşlıq imkanları və bu sahələrdə konkret layihələrin həyata keçirilməsi müzakirə olunub.

Elçin Əmirbəyov Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbirin Konqres Mərkəzində keçirilməsinə göstərilən köməyə görə təşəkkür edib. Raşel Boşe tədbirin rəsmi açılışında iştirak edib.

Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov 25 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələrinin dinc Azərbaycanlı əhalini- qadınları, uşaqları və qocaları amansızcasına qətlə yetirdiyini xatırladıb. Bu faciənin qan yaddaşımızdan heç vaxt silinməyəcəyini bildirib. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

Diplomat Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı mərhələsindən danışıb. O, Azərbaycan Silahlı Qüvvələrinin şücaətinə toxunaraq, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad olunduğunu, Prezident İlham Əliyevin kəndin bərpası ilə bağlı müvafiq sərəncamlar imzaladığını və əhalinin doğma yurduna dönəcəyini bildirib.

Fransada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov çıxış edərək səfirliyə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkür edib. O, rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti haqqında məlumat verib.

Sonra tədbir iştirakçılarını Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filminə baxmağa dəvət edib.

Filmdən sonra Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə tədbirə qoşulan Əməkdar artistlər tarzən Sahib Paşazadə və kamança ifaçısı Toğrul Əsədullayevin müşayiəti ilə xanəndə Nigar Şabanova Azərbaycan muğamlarını səsləndirib. İştirakçılar musiqiçilərimizin ifalarını alqışlarla qarşılayıblar.

Tədbirdə Türkiyənin Nant şəhərindəkı baş konsulu və konsulluğun nümayəndələri, burada yaşayan Azərbaycan və türk icmalarının üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sonda Xocalı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti