...

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Siyasət Materials 17 Oktyabr 2017 17:33 (UTC +04:00)
Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında
sərəncam imzalayıb.

2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur.

Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formalarıyla son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirmişdir. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiyyətlərlə zənginləşdirilməsi və dünya miqyasında tanıdılmasında müstəsna xidmətlər göstərmiş görkəmli sənətkar Qara Qarayevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti