...

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Siyasət Materials 29 May 2018 21:08 (UTC +04:00)
Rusiyanın TASS Agentliyinin baş direktoru Sergey Mixaylovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Türkiyənin “Özkaya Group” şirkəti İdarə Heyətinin sədri Osman Gezekerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının sələfi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Bu möhtəşəm günün bayram təntənəsini Sizinlə birlikdə gözəl Bakımızda qeyd etməkdən sevinc hissi duyuram.

Bizi fərəhə qərq edən bu əlamətdar hadisə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Müstəqillik əzmini heç zaman itirməyən Azərbaycan xalqı sahib olduğu qədim və zəngin dövlətçilik ənənələrinə söykənərək 1918-ci il mayın 28-də öz istiqlaliyyətini elan etmişdir. Respublika Günü kimi qeyd etdiyimiz bu bayram milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyinin qorunması uğrunda mübarizənin təntənəsidir.

Möhtərəm cənab Prezident, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığınız sərəncamlar Cümhuriyyət ideyalarının yaşadılmasına xidmət etməklə yanaşı, Azərbaycan dövlətinin və xalqının Cümhuriyyət qurucularının xatirəsinə dərin hörmət və ehtiramının ifadəsidir. Sizin rəhbərliyinizlə müasir müstəqil Azərbaycan Respublikası öz mirasına layiqincə sahib çıxır. 1920-ci ildə böyük çətinliklərlə özünü beynəlxalq hüququn subyekti kimi təsdiq etmiş ölkəniz artıq dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

Bu bayram münasibətilə, Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir, ölkənizə inkişaf və tərəqqi, xalqınıza firavanlıq və rifah arzulayıram".

XXX

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən:

"Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

XXX

Moldova Respublikasının Prezidenti İqor Dodondan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı çoxtərəfli səmərəli əlaqələrin mövcudluğunu məmnunluqla vurğulamaq istərdim. Əminəm ki, Moldova ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri bundan sonra da beynəlxalq aləmdə siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşməsi və ikitərəfli dəstəyin möhkəmlənməsi üçün zəmin olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, bütün Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayır, bir daha Sizə öz dərin ehtiramımı ifadə edirəm".

XXX

Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri Telman Tahirlidən:

"Möhtərəm İlham Heydər oğlu. Milli bayramımız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda uğurla irəliləyir. Dünya arenasında da Azərbaycanın nüfuzu artır.

Möhkəm dostluq, mehriban qonşuluq və qardaşlıq ənənələrinə əsaslanan Dağıstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd etmək istəyirəm. Bütün həyatınız və əzmkar fəaliyyətiniz inandırıcı şəkildə göstərir ki, Siz firavanlaşan müasir Azərbaycanın təməlini qoymuş dahi atanızın işinin layiqli davamçısısınız.

Dağıstanla Azərbaycanı bir-birinə bağlayan möhkəm dostluq və qarşılıqlı yardım ənənələri xalqlarımız tərəfindən həmişə qorunub saxlanılıb və nəsildən-nəslə keçib.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm".

XXX

Albaniya Respublikasının Prezidenti İlir Metadan:

"Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Bu il həm də dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək üçün çox böyük potensialı olan ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 25-ci ildönümünə təsadüf edir.

Fürsətdən istifadə edərək, əlaqələrimizin istər ikitərəfli, istərsə də çoxtərəfli aspektdə güclənməsinə göstərdiyiniz şəxsi dəstəyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Mən bir neçə həftə əvvəl Bakıda Sizinlə keçirdiyim görüşü məmnuniyyətlə xatırlayıram. Əmin ola bilərsiniz ki, ölkələrimiz arasındakı münasibətləri birlikdə daha yüksək səviyyəyə qaldırmaqda qərarlıyam.

Enerji sahəsində intensiv əməkdaşlıq və xüsusən TAP layihəsinin həyata keçirilməsindəki müsbət tendensiya münasibətlərimizə çox mühüm töhfə vermiş, başqa sahələrdə də əməkdaşlıq üçün əla fürsətlər açmış, habelə vətəndaşlarımızı birbaşa əlaqələr yaratmağa həvəsləndirmişdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir, Sizə cansağlığı və xoşbəxtlik diləyirəm. Sizi dövlət səfərinizdə Tiranada qarşılamaq arzumu ifadə edirəm".

XXX

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən:

"Zati-aliləri, hörmətli Prezident. Azərbaycana rəsmi səfərim zamanı hər addımda hiss etdiyim səmimi qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bakıya təkrar səfərimdən olduqca məmnun qaldım və Prezident seçkilərindəki qələbənizdən sonra Sizin ilk Prezident qonağınız olmaqdan şərəf duyuram.

Atanızın dəst-xəttini davam etdirərək, böyük tərəqqi yolunda ölkənizə rəhbərlikdə nümayiş etdirdiyiniz ideya gücünüz və enerjiniz məni bir daha heyran etdi. Ümidvaram ki, Serbiya ilə əməkdaşlıq öz məqsədlərinizi gerçəkləşdirməkdə Sizə kömək edə bilər və çox minnətdaram ki, Siz Serbiyanın inkişafını xeyli sürətləndirə bilən bu əməkdaşlığı dəstəkləyirsiniz. Sevindirici haldır ki, mənim səfərim zamanı biz strateji tərəfdaşlığa dair Fəaliyyət Planını imzaladıq. Coğrafi məsafə baxımından uzaq olsalar da, bizim dövlətlərimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələri və bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün böyük imkanlar mövcuddur.

Prinsipial olaraq ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılması mövqeyindən çıxış edərək və Kosovonun birtərəfli qaydada elan edilmiş müstəqilliyini tanımayaraq, Azərbaycanın beynəlxalq miqyasda Serbiyanı dəstəklədiyi üçün Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Serbiya da prinsipial olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinin tərəfdarıdır və hesab edir ki, bütün mübahisəli məsələlər sülh yolu ilə həll olunmalıdır.

İcazə verin, bu fürsətdən istifadə edərək Sizi vətənpərvərliyin, azadlığın, müstəqilliyin və tərəqqinin rəmzinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edim.

Sizi Serbiyada arzuolunan qonaq kimi gözləyir, bir daha ən səmimi salamlarımı və dərin ehtiramımı ifadə edirəm".

XXX

Polşa Respublikasının Prezidenti Andjey Dudadan:

"Hörmətli cənab Prezident. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və müstəqil dövlət elan olunmasının 100 illik yubileyi münasibətilə Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi bildirirəm.

Tarixin parlaq səhifələrinə toxunaraq, böyük qəhrəmanlarımızı – general Maçey Sulkeviçin və polkovnik Vəli bəy Yadigarın Polşa və Azərbaycan Respublikasının müstəqilliyinin qurulmasında və gücləndirilməsində mühüm rolu olduğunu xatırlatmaq istərdim. Bizim vəzifəmiz və şərəf işimiz indiki çətin beynəlxalq şəraitdə onların əldə etdikləri nailiyyətləri minnətdarlıqla xatırlamaq və davam etdirməkdir.

Qarşılıqlı faydalı ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi sabitlik və rifah yaradılmasına kömək edir. Polşa və Azərbaycan arasında əsrlər boyu bir çox əlaqələri nəzərə alaraq, bu il Polşa Respublikasının Prezidenti yanında patronaj layihə olan “Milli Oxu”da Bakıda cərəyan etmiş hadisələrə dair Stefan Jeromskinin “Erkən bahar (Przedwiosnie)” mükəmməl bədii əsərinin böyük təqdimatı olacaq.

Əminəm ki, Azərbaycanın inkişafı və rifahını gücləndirmək üçün Sizin göstərdiyiniz səylər ənənəvi dostlar olan Polşa və Azərbaycan arasında əməkdaşlığın daha da intensivləşməsinə və dərinləşməsinə, iqtisadi sahə ilə yanaşı, iki ölkənin ictimaiyyəti arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verəcək.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikasına rəhbərlik etməkdə Sizə uğurlar arzulayır, ölkənizin bütün vətəndaşlarına əmin-amanlıq diləyirəm".

XXX

Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexodan:

"Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibəti ilə Sizi Peru Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Azərbaycan xalqına sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırır, ikitərəfli əlaqələrimizi əks etdirən dostluq və əməkdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsini arzulayıram.

Zati-aliləri, Sizə bir daha öz dərin hörmət və ehtiram hissimi çatdırıram".

XXX

Oman Sultanı Qabus bin Said Al Saiddan:

"Hörmətli Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimizi Zati-alinizə çatdırmaqdan məmnunluq duyuruq.

Fürsətdən istifadə edərək Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq".

XXX

İsrailin Prezidenti Reuven Rivlindən:

"Zati-aliləri. İsrail Dövləti adından Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik etmək mənim üçün şərəfdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu və 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası Sizin xalqınızın bu demokratik ənənəni davam etdirməsinə imkan yaratdı.

Biz Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da genişləndirmək üçün gələcək illərdə də Sizinlə əməkdaşlığa ümid edirəm".

XXX

Tailandın Kralı Maha Vaçiralonqkorndan:

"Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına tərəqqi və rifah arzularımı çatdırıram".

XXX

GUAM-ın baş katibi Altay Əfəndiyevdən:

"Hörmətli cənab Prezident. Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü və İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın tarixində əlamətdar olan bu dövr xalqımızın milli məfkurəsinin inkişafı, milli kimliyinin formalaşması və dövlətin milli simvollarının qəbul edilməsində əsas rol oynayıb. Həmçinin bəşəri dəyərlər, demokratiya, azadlıq, plüralizm, inklüzivlik və bərabərlik kimi norma və prinsiplərə əsaslanan dövlətçilik və vətəndaşlıq ənənələrinin təməlini qoyub.

Bu heyrətamiz dövlət quruculuğu prosesinin qarşısı zorla və faciəvi şəkildə alınsa da, onun əsas ideyası bir neçə onilliklər sonra zəfər çalıb və reallaşıb.

Ümummilli lider Heydər Əliyevin əsas məqsədi və konsepsiyası olan müasir Azərbaycan bütün çətinliklərə və çağırışlara baxmayaraq, xalqın müstəqillik, öz taleyinə sahib çıxmaq və dünya birliyinin layiqli üzvü olmaq kimi ən böyük arzusunu bu gün uğurla həyata keçirir.

Hazırda Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olmaqla yanaşı, həm regional inkişaf və beynəlxalq əməkdaşlıq baxımından lokomotiv rolunu oynayır, həm də dünyada sülhün, təhlükəsizliyin, sabitliyin və dostluğun carçısı rolunda çıxış edir.

Azərbaycanın öz tərəfdaşları ilə birgə təşəbbüskarı və iştirakçısı olduğu strateji layihələr regionun geosiyasi coğrafiyasını və məzmununu tamamilə dəyişərək nəinki öz ölkəsinin, hətta onun sərhədlərindən kənarda yerləşən müttəfiqlərinin və tərəfdaşlarının suverenliyi və ərazi bütövlüyünü möhkəmləndirmək üçün əlverişli şərait yaradıb.

Zəngin tarixə və ənənələrə malik olan Azərbaycan bu gün mədəniyyətlərarası dialoqu, qarşılıqlı anlaşma, hörmət, tolerantlıq, birgəyaşayış, multikulturalizm və müxtəlifliyi təşviq edən bir çox layihələrin önündə gedir.

Qurucularından biri Azərbaycanın olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın ortaq tarixə, çağırışlara və ümumi strateji maraqlara sahib olan dost ölkələri arasında regional əməkdaşlığın inkişafı, ərazi bütövlüyünün bərpası, həmçinin bu ölkələrin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycanın yerini və rolunu biz yüksək dəyərləndiririk. Bütün bunlar əhəmiyyəti sürətlə artan bu strateji regionda GUAM-ı sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviqi üçün unikal və səmərəli bir regional platformaya çevirir.

Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Azərbaycanın gələcək inkişafı və tərəqqisi, onun müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, xalqımıza isə əmin-amanlıq və rifah arzulayıram".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan:

"Çox hörmətli İlham Heydər oğlu. Sizi Azərbaycan tarixində çox əlamətdar hadisə – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalq hakimiyyətinə və bərabərlik prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyin formalaşmasına, azadlıq və müstəqillik hisslərinin güclənməsinə sanballı töhfə vermişdir. Həmin dövr üçün bunlar inqilabi dəyişikliklər idi. Müasir Azərbaycan varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk dövrlərdə bünövrəsi qoyulmuş ideya və dəyərləri layiqincə inkişaf etdirir, ölkə vətəndaşlarının rifahı durmadan yüksəlir, elmi-texniki və mədəni sahələrdə uğurlarınız durmadan artır, ölkənizin beynəlxalq aləmdə nüfuzu Sizin şəxsi səyləriniz, respublikanın bütün vətəndaşlarının əməksevərliyi və çalışqanlığı sayəsində yüksəlir.

Bütün bunlar atanızın – görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin işinin layiqli davamıdır.

Biz mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipinə əsaslanan Rusiya–Azərbaycan münasibətlərinə xüsusi dəyər veririk. Əminəm ki, xalqlarımızın çoxəsrlik dostluğu bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, məsul dövləti vəzifənizdə, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar diləyir, çoxmillətli Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

XXX

İrlandiyanın Prezidenti Maykl Higginsdən:

"Hörmətli cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə İrlandiya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, Azərbaycan xalqına isə xoşbəxtlik və rifah arzulayıram".

XXX

Keniya Respublikasının Prezidenti Uhuru Kenyattadan:

"Zati-aliləri. Keniya hökuməti, xalqı və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan hökumətinə və xalqına 28 May - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu əlamətdar bayramla əlaqədar ölkələrimiz arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulamaq çox xoşdur. İkitərəfli əlaqələrimizin, xüsusilə təhsil, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirirəm.

Arzum budur ki, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizin əməkdaşlığı daha da inkişaf etsin.

Bu xüsusi gündə sevincinizi bölüşür və fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqına firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahdan:

"Zati-aliləri. Dost Azərbaycanın Milli Bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.

Zati-alinizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm.

Sizə olan yüksək ehtiramımı qəbul edin".

XXX

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:

"Zati-aliləri. Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, nikbinlik, yüksək dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə rifah, sülh və tərəqqi arzulayım.

Sizi əmin edirik ki, Teleradio Şirkətimiz Azərbaycan Respublikasının həyatını və orada baş verən yenilikləri bundan sonra da obyektiv surətdə və geniş işıqlandıracaqdır".

XXX

Rusiyanın TASS Agentliyinin baş direktoru Sergey Mixaylovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar hadisə təkcə Azərbaycan tarixinin deyil, bütün dünya tarixinin ən parlaq səhifəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olmuşdur və onu yaradan Azərbaycan xalqı azadlıq və müstəqillik sevgisini nümayiş etdirmişdir.

Bu gün Azərbaycan fəal və dinamik inkişaf edir. Respublikanın sənaye potensialı davamlı olaraq modernləşdirilir, ölkənin investisiya cəlbediciliyi artır, əhalinin rifahı gündən-günə yüksəlir – bütün bunlar Sizin iqtisadiyyatın dayanıqlı inkişafına və keyfiyyətli həyat şəraitinin təmin olunmasına yönəlmiş siyasətinizin səmərəliliyinə sübutdur.

Bu bayram günündə Sizə və bütün Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq, xoşbəxtlik, cansağlığı və yeni-yeni uğurlar arzulayıram".

XXX

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi naminə yüksək dövləti fəaliyyətinizdə və təşəbbüslərinizdə Sizə daha böyük uğurlar arzulayım".

XXX

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Xalqınızın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir və Sizə yeni Prezidentlik dövründə bir daha uğurlar və firavanlıq arzulayıram.

Xorvatiya və Azərbaycan arasında xalqlarımızın ümumi dəyərlərinə əsaslanan və ölkələrimizin rəhbərlərinin siyasi səyləri nəticəsində daha da güclənən və genişlənən mehriban dostluq əlaqələri var.

Zati-alinizə ən səmimi təbriklərimi çatdıraraq möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

XXX

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin gələcək illərdə daha da genişlənməsini arzulayıram".

XXX

Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Sizi 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə şəxsən öz adımdan və Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının kollektivi adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının dünya arenasında nüfuzu gündən-günə artır. Azərbaycanın imici görünməmiş dərəcədə yüksəlmişdir.

Dost və qardaş Azərbaycan xalqının rifahı və tərəqqisi naminə ən xoş arzularımızı qəbul edin.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına bir daha səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, sülh və firavanlıq diləyirəm".

XXX

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram".

XXX

Rusiya Federasiyasının Dərbənd şəhərindəki “Dədə Qorqud” Xeyriyyə Fondunun direktoru Rafiq Mövsümovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"“Dədə Qorqud” Fondu adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını milli bayram – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz – dərbəndlilər əminik ki, Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın uğurları ildən-ilə artacaqdır.

Bizim hamımız üçün bu əlamətdar gün dostluq, xeyirxahlıq, öz doğma torpağına, mədəniyyətinə və xalqına sevgi bayramıdır.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Evlərinizdən xeyir və sevgi, bolluq və firavanlıq əskik olmasın. Qardaş Azərbaycan xalqına bir daha rifah və tərəqqi diləyirəm".

XXX

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskdan və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə səmimi təbriklərimizi çatdıraq.

Bu 100 illik yubiley münasibətilə ölkənizə daimi uğurlar arzulayırıq. Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti