Bakı. Trend:
Koronavirus pandemiyası bir çox ölkənin, o cümlədən aparıcı ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Azərbaycan da virusun yayılmasının qarşısının alınması üçün tədbirlərin qəbul olunması ilə bağlı müəyyən çətinliklərlə üzləşdi. Ölkə rəhbərliyi Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin müdafiəsi üçün vaxtlı-vaxtında və operativ addımlar atdı, eləcə də pandemiyanın milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması və iqtisadiyyatın post-pandemiya dövründə inkişafı üçün səmərəli strategiya hazırlayaraq tətbiq etdi.
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı pandemiyadan zərər çəkən iqtisadi sahələrdə işləyən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsini də nəzərdə tutur.
Vergi güzəştləri və tətillərini əhatə edən təkliflər paketi koronavirusun milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış İşçi qrupu çərçivəsində dövlət strukturları, ictimai sahibkar təşkilatları, o cümlədən Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə birgə geniş müzakirə olunub.
Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergisindən tamamilə azadolma yer alır. Onların sırasına mehmanxana fəaliyyəti, turizm operatorları, turizm agentləri, ictimai iaşə təşkilatları, ölkədaxili avtomobil sərnişin daşımaları, o cümlədən taksi xidmətləri, sifarişçilərə məhsul çatdırılması xidməti, səhnə fəaliyyəti, sərgilərin, istirahət və əyləncələrlə bağlı tədbirlərin təşkili, kinoteatr, teatr, muzey, konsert zalı, idman və sağlamlıq müəssisələrinin fəaliyyəti, tədris kursları və ixtisasartırma kurslarının, məktəbdənkənar tədris müəssisələrinin, psixoloji dəstək mərkəzlərinin fəaliyyəti sahəsində məşğul olan sahibkarlar daxil edilib.
Bundan başqa, vergi ödəyicilərinə əmlak və torpaq vergisindən azadolma ilə yanaşı seçdikləri vergitutuma metodundan asılı olaraq 2020-ci il 1 yanvar tarixdən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi təklif edilir. Belə ki, təkliflərə əsasən, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. Sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə isə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur. İctimai iaşə sahəsində verginin dərəcəsi 8 faizdən 4 faizə, taksi istisna olmaqla sərnişin daşımaları sahəsində fəaliyyət göstərənlər üçün bir oturacaq yer üçün 1,8 manatdan 0,9 manata, taksi xidməti göstərənlər üçün bir nəqliyyat vasitəsinə görə, 9 manatdan 4,5 manata endirilir.
Bundan başqa, yuxarıda da qeyd olunduğu kimi, vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılması da güzəşt paketində öz əksini tapıb. Təkliflərə görə, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və onunla bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikrosahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması da təklif edilən güzəştlər sırasındadır.
Paketdə koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur ki, bu da onlar üçün ciddi təminat deməkdir. Məsələn, layihəyə əsasən, mikro sahibkarlara sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi - vergi dərəcəsinin 2 faizdən 1 faizə endirilməsi nəzərdə tutulur. 2020-ci ilin 1-ci və 2-ci rübü üzrə sadələşdirilmiş vergi, mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilmiş islahatlar sayəsində Azərbaycan regionda iqtisadi inkişafın flaqmanına çevrilib, ölkədə formalaşdırılmış ehtiyatlar isə pandemiyanın iqtisadi fəaliyyət subyektlərinə mənfi təsirinin qarşısının alınması üzrə tədbirlərin uğurla reallaşdırılmasının rəhni olub. Azərbaycan dövləti sırf öz resursları hesabına həm pandemiyadan zərər görmüş sahələrdə, həm də digər sahələrdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi üzrə səmərəli tədbirlər planı icra edir.
Azərbaycan mürəkkəb dövrdə dövlət tərəfindən yerli biznesin dəstəklənməsi məsələsində nümunə oldu və artıq bir çox ölkə bu istiqamətdə bizim təcrübəmizdən yararlanır. Heç vaxt hakimiyyət və biznes ictimaiyyəti ümumi məqsədlərin dərk olunmasında bir-birinə bu qədər yaxın olmayıb. Bu gün kölgədən çıxmaq, vergiləri ödəmək, əmək müqavilələri imzalamaq, əmək qanunvericiliyinə riayət etmək çağırışlarına cavab vermiş hər bir sahibkar öz ölkəsinin qayğı və dəstəyini hiss edir və başa düşür ki, yalnız birgə səylərlə biz çətinlikləri aşa bilərik, yalnız “Biz birlikdə güclüyük!”
Yusif Ağayev
Trend siyasət şöbəsi