Bakı. Trend:
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb.
Bu barədə Trend-ə açıqlamasında Qazaxıstanda keçirilən parlament seçkiləri prosesinin izləyən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, yerli vaxtla saat 07:00-da (05:00 GMT+4) açılan seçki məntəqələri saat 20:00-da (18:00 GMT+4) bağlanıb. Ümumilikdə ölkə ərazisində 9,9 min seçki məntəqəsi fəaliyyət göstərib:
"Bundan əlavə, xarici ölkələrdə - 53 dövlətdə 66 məntəqə təşkil edilib. Xaricdə yaşayan 12 min Qazaxıstan vətəndaşının səsvermə hüququ olub".
Qazaxıstan Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, ümumilikdə 11,9 milyondan çox insan seçici siyahısına daxil edilib. Saat 20:00-a olan məlumatlara əsasən, parlament seçkilərində seçici fəallığı 63,1 faiz təşkil edib.