...

ABŞ NATO-da mühüm partnyoru olan Türkiyə ilə əməkdaşlıq əlaqələrini böyük sual altına aldı

Siyasət Materials 26 Aprel 2021 16:27 (UTC +04:00)

Bakı. Trend:

XX əsrin əvvələrindən başlayaraq silsilə şəkildə Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar. Birləşmiş Ştatların prezidenti Cozef Bayden ermənilərin bir əsrlik uydurma hadisələri olan və dünya ictimaiyyətinə “erməni soyqırımı” kimi təqdim etdiyi tarixi uydurmalarını dilə gətirməklə Türkiyəyə olan münasibətlərini üzə çıxartmış oldu və bununla da ABŞ-ın NATO-da mühüm partnyoru olan Türkiyə ilə əməkdaşlıq əlaqələrini böyük sual altına aldı.

Prezident Baydendən də öncə onun sələfləri olmuş istər Barak Obama və istrsə də Donald Trump hər il 24 aprel tarixi ərəfəsində müəyyən vədlər versələr də, öz çıxışlarında “soyqırım” sözü işlətməmiş və I Dünya müharibəsi dövründə ermənilərin Osmanlı imperiyasında “dəhşətli qırğını” və ya “böyük fəlakət” sözləri ilə kifayətlənmişlər. Bəs, Co Baydenin bu addımını necə qiymətləndirməli və anlamalıyıq? Öncə qeyd etməliyəm ki, yerləşdiyi coğrafi mövqedən və iqtisadi gücündən aslı olmayaraq dünyanın hər bir dövləti öz mənafeyini, dövlətçiliyini və müstəqilliyini qorumaq üçün preventiv addımlar atır. İstər iqtisadi cəhətdən güclü olan, istərsə də inkişaf etməkdə olan dövlətlər edəcəkləri hər hansı siyasi gedişi düşünərək vahid ssenari əsasında aparılırlar.

Son illər istər Almaniya Bundestaqının, istərsə də Fransa Senatının “erməni soyqırımını” tanıyan qətnamə layihəsini qəbul eməsi bu dövlətlərin Türkiyəyə təziq göstərmək üçün atmalı olduğu addımdan başqa bir şey deyildir. Maraqlıdır ki, 2016-cı il 1 iyun tarixində Almaniya Bundestaqının qəbul etdiyi layihə Almaniya Yaşıllar Partiyasının əslən türk olan Cem Özdəmir tərəfindən irəli sürülmüş, lakin iyun ayının 2-də keçirilmiş iclasdakı səsvermədə nə kansler Angela Merkel, nə vitse-kansel Siqmar Gabriel, nə Sosial-Demokrat Partiyasının rəhbəri Frank-Walter Steinmeier, nə də Xarici İşlər naziri iştirak etmişlər. Buna baxmayaraq, Yaşıllar Partiyası tərəfindən qaldırılan qanun layihəsi həm Sosial-Demokratlar Birliyi, həm də Sosial-Demokrat Partiyası rəhbərliyi tərəfindən dəstəklənmiş və almaniyalı deputatlarının böyük bir hissəsi “1915-ci ildə erməni və digər xristian xalqlara qarşı törədilmiş soyqırım” haqqında qanun layihəsini qəbul ediblər. Bu hadisə artıq bir neçə vaxtdır təziq altında olan rəsmi Ankara və Berlinin münasibətlərinin daha da soyumasına səbəb olmuş və məhz Berlinin vasitəçiliyi ilə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında mübahisəli “miqrant” müqaviləsi gündəmə gəlmiş, eləcə də müqaviləyə əsasən Türkiyə öz vətəndaşları üçün azad Şengen vizası müqabilində Avropaya olan miqrant axınının qarşısını almaq üçün onları öz ərazisində yerləşdirmək öhdəliyi vəd etmişdir.

Buradan belə qənaətə gəlmək olar ki, bir əsrdən çox müttəfiq olan istər ABŞ, istərsə də Almaniya Türkiyə üçün önəmli olan “soyqırım” məsələsinə görə münasibətlərini pozmaqda başqa bir məna güdür. Soyqırımı məsələsində ABŞ-Türkiyə münasibətləri müzakirə olunsa da məsələnin dərinliyi yenə də ermənilərin öz işlərini necə həssaslıqla gördüklərinin şahidi oluruq.

Hadisələrin belə cərəyan etdiyi bir dövrdə, BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın bu məsələ ilə atacağı ehtimal olunan addımları şərh edərkən “Soyqırım faktını ilk məhkəmə müəyyənləşdirməlidir” deyə qeyd edib. Lakin ABŞ son illər istər hərbi, istərsə də iqtisadi sahələrdə ardıcıl olaraq Vaşinqton-Ankara münasibətlərinə qarşı addımlar atıb. Belə ki, Türkiyənin ABŞ-ın etirazına baxmayaraq Rusiyadan "S-400" raket-zenit kempleksinin alınması Ankaranın "F-35" proqramından çıxardılması və Türkiyə hərbi sənayesinə qarşı sanksiyalar ilə nəticlənmişdir. Eləcə də Azərbaycanın 44 günlük apardığı şərəfli II Qarabağ savaşında da rəsmi Ankaranın Bakını sözdə və əməldə dəstəkləməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi yürütdüyü siyasətinin fiaskoya uğraması və hadisələri yenidən nəzarətə almaq istəyi kimi də qiymətləndirilə bilər. Lakin nədən ermənilərin XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanlılara qarşı törətdikləri sistemli soyqrımılara belə reaksiyalar yoxdur? Belə ki, XX əsrin əvvələrində başlayaraq silsilə şəklində Azərbaycanın bir çox şəhərlərində qırğınlar törətməklə öz həqiqi üzlərini gizlətməyi bacaran ermənilər, nədənsə əsrin sonunda bəşəriyyətin ən dəhşətli faciəsini, Xocalı soyqırımının həyata keçirdiklərini unutdurmağa çalışırlar. Soyqırımlar ilə bağlı dünya ölkələrinin ən ali təşkilatlarında layihələr müzakirəyə çıxarılan zaman yaxşı olardı ki, ermənilərin də törətdikləri soyqırımlar haqqında xatırlamalar edilib qətnamə və qanun layihələri qəbul olunardı.

Vazeh Əskərov
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
Fransız-Azərbaycan Universitetinin icraçı direktoru

Xəbər lenti

Xəbər lenti