...

Avropa Azərbaycanı enerji təhlükəsizliyində etibarlı strateji tərəfdaş kimi görür - Hikmət Babaoğlu

Siyasət Materials 5 Fevral 2022 15:27 (UTC +04:00)
Avropa Azərbaycanı enerji təhlükəsizliyində etibarlı strateji tərəfdaş kimi görür - Hikmət Babaoğlu

Bakı. Trend:

Kollektiv əməkdaşlığın uğurlu kombinasiyası yeni perspektivlər yaradır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu deyib ki, fevralın 4-də "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında səsləndirilən fikirlər dəhlizin istismara verilməsindən ötən bir il ərzində qət edilən məsafə və əldə olunan nəticələrin bu layihəyə marağın daha da artmasına səbəb olduğunu ortaya qoydu: “Avropada təbii qaz bahalaşır, qaza tələbatın artması qlobal siyasi gündəmin də mövzusuna çevrilib. Cənub Qaz Dəhlizini cazibədar edən çoxsaylı səbəblərdən biri isə unikal alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spekulyasiyalardan uzaq tutulmasıdır. Bu isə mənbə və ixracatçı ölkə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır. Üstəlik, Azərbaycanda yeni qaz mənbələrinin kəşf edilməsi və təsdiq edilmiş qaz yataqlarının nəhəng ehtiyatları hazırda Avropada ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Avropa Azərbaycanı özünün enerji təhlükəsizliyini təmin edən etibarlı strateji tərəfdaş kimi görür”.

Deputat qeyd edib ki, istər 44 günlük müharibə dövründə, istərsə də postmüharibə dövründə yeni reallıqların qəbul edilməsi prosesinin gərgin vaxtlarında belə Azərbaycan sabit və etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəliklərini yerinə yetirib. Bununla da ən çətin geostrateji vəziyyətdə belə enerji kommunikasiyalarının təhlükəsizliyini yüksək səviyyədə təmin etməyi bacardığını nümayiş etdirib: “Bütün bunlar nəticə etibarilə Avropa İttifaqı üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyinin etiraf olunmasına və bu münasibətlərin daha da gücləndirilməsi üçün iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılmasına gətirib çıxardı. Ona görə də Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, enerji siyasətimizin arxasında heç bir siyasi gündəm olmayıb. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Hazırda isə Azərbaycanda daxili enerji tələbatını ödəmək üçün çox mühüm yaşıl enerji layihələri həyata keçirilməyə başlanılır. Bu da nəticə etibarilə Avropa İttifaqı ölkələrinə daha çox qaz ixracına zəmin yaradacaq. Beləliklə, ölkəmiz iki strateji hədəfə - həm yaşıl və bərpa olunan enerji mənbələri ilə öz enerji tələbatını ödəməyə, həm da hazırkı qaz ehtiyatlarından maksimum səmərəli istifadə etməyə nail olmağa çalışır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti