...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib (YENİLƏNİB) (FOTO/VİDEO)

Siyasət Materials 26 İyun 2022 20:26 (UTC +04:00)
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib (YENİLƏNİB) (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.

Trend xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Diqqətə çatdırıldı ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.

Prezident İlham Əliyev “İstisu” sanatoriyasının təməlini qoydu.

Sonra dövlətimizin başçısı çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Kəlbəcər və Laçın rayonlarına mənim səfərim başa çatır. Keçən il olduğu kimi, bu il də burada - İstisu qəsəbəsində başa çatır. İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Eyni zamanda, arxada gördüyünüz İstisu sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.

Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir.

Ancaq mənim iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır. Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi.

Eyni zamanda, bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir.

Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar - elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz.

Bu gün mənə, eyni zamanda, digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik.

Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Bu Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik.

Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik – çaylar, bulaqlar, meşələr - biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, - 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, - çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik.

Bu gün, eyni zamanda, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə mənim göstərişimlə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı.

Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.

Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir.

Bununla bərabər, Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək.

Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti