...

Avropa İttifaqının mülki missiyası və İranın müəmmalı susqunluğu

Siyasət Materials 24 Fevral 2023 13:44 (UTC +04:00)
Avropa İttifaqının mülki missiyası və İranın müəmmalı susqunluğu
Trend-in siyasət şöbəsi
Trend-in siyasət şöbəsi
Bütün xəbərlər

Azərbaycanın qalibiyyəti ilə bitən II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb və bu mənzərə regionda maraqları olan müxtəlif mərkəzlər tərəfindən qəbul edilməkdədir. Müharibədən sonra keçən iki illik post-konflikt dövrü ərzində gündəmdə olan əsas mövzular iki ölkə arasında gələcək əməkdaşlığın əsasını qoyacaq sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin aparılmağa başlanması və regional kommunikasiyaların açılması olsa da, bugünədək qeyd edilən hər üç istiqamət üzrə real nəticələr əldə edilməyib. Qeyd edək ki, müharibədən sonrakı dövr ərzində Azərbaycan tərəfi 10 noyabr üçtərəfli bəyanatının 6-cı bəndinə uyğun olaraq Qarabağın dağlıq hissəsində yaşayan mülki erməni əhalisinin Ermənistanla əlaqəsini təmin edən Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə şərait yaradaraq üzərinə götürdüyü öhdəliyi tam təmin edib. Lakin bildirmək lazımdır ki, adıçəkilən bəyanatın 9-cu bəndi üzrə erməni tərəfi bugünədək Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyatın “maneəsiz keçid”-ini təmin etməyərək üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirmir.

Ermənistan Respublikasının Azərbaycanla demarkasiya olunmamış şərti sərhədlərdə (kütləvi sürətdə əraziləri minalaması) təxribatlar törətməsi regional təhlükəsizliyi zədələyən faktor olaraq qalır. Sentyabr ayında iki ölkə arasındakı şərti sərhəddə baş verən qanlı toqquşmalar Cənubi Qafqaz regionunu bir daha dünyanın, əsasən də Qərbin diqqət mərkəzinə gətirdi. Hazırda davam Ukrayna-Rusiya müharibəsi və onun səbəb olduğu enerji və nəqliyyat-logistika böhranı nəzərə alındıqda Cənubi Qafqaz regionunun Qərb dünyası üçün əhəmiyyətinin böyük ölçüdə artdığı müşahidə edilir. Məhz bu regionda sabitliyin və əməkdaşlığın, iki ölkə arasında sülhün eləcə də Qərb üçün alternativ enerji və nəqliyyat yollarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə Praqada aparılan danışıqlarda Azərbaycan tərəfinin razılığı ilə Avropa İttifaqının Mülki Müşahidə Missiyasının 2 aylıq müddət ərzində Azərbaycan-Ermənistan şərti sərhədinə yerləşdirilməsi qərarlaşdırıldı. Keçən ilin dekabr ayında missiyanın müddəti bitsə də cari ilin yanvar ayında 23-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel tərəfindən Aİ-nin yeni Mülki Missiyasının iki illik mandat əsasında sərhəd bölgələrinə yerləşdiriləcəyi bildirildi.

Qeyd edək ki, ilk missiyanın Azərbaycan-Ermənistan şərti sərhədinə göndərilməsi barədə tərəflərin razılığı yəni konsensus əldə edilsə də, yeni missiya barədə rəsmi Bakının fikirləri nəzərə alınmadan, Azərbaycanla hərhansı müzakirələr aparılmadan qərar qəbul edildi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyası yaradılması ilə bağlı qərarının normallaşma prosesinə xələl gətirmək məqsədi ilə sui-istifadə edilməməli olduğunu və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyini bildirib. Həmçinin Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə almasının, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsinin vacib olduğunu qeyd edilir.

Ermənistan tərəfindən Avropa İttifaqı Şurasının monitorinq missiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına dəvət edilməsi hazırda Qərb-Rusiya arasında davam edən gərginliyi daha da artırır. Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərkən Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhəd bölgələrinə yerləşməsinin regiona geosiyasi qarşıdurma gətirə biləcəyini və mövcud ziddiyyətləri daha da dərinləşdirəcəyini bildirir. Rəsmi İrəvan mülki missiyanın ölkə sərhədlərinə gətirilmə səbəbini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “fəaliyyətsizliyi” ilə əlaqələndirməyə çalışsa da, əsas səbəb Ermənistan hökumətinin Qərb vektorlu xarici siyasət xəttini aparmağa cəhd etməsidir. Şübhəsiz ki, hər bir ölkə xarici siyasət strategiyasını müstəqil şəkildə həyata keçirmək hüququna malikdir. Lakin Cənubi Qafqaz regionunda İran İslam Respublikası ilə qonşu olan və onun de fakto strateji müttəfiqinə çevrilmiş Ermənistanın Qərb ölkələri ilə artıq təhlükəsizlik mövzularında yaxınlaşması və rəsmi Tehran tərəfindən üçün “qırmızı xətt” hesab edilir.

Hər zaman Cənubi Qafqaz regionunda baş verən anlaşmazlıqların, problemlərin region ölkələri arasında həll edilməsi olduğunu və bu məsələlərdə kənar qüvvələrin iştirakını və ya xarici qüvvələr tərəfindən sui-istifadə edilməsi riskini özünün qırmızı xətti elan edən İran İslam Respublikası Ermənistanda baş verən hadisələrə dair susqunluğunu qoruyub saxlamaqdadır. Qeyd edək ki, II Qarabağ müharibəsindən sonra regional gündəmə daxil olan 3+3 əməkdaşlıq platforması rəsmi Tehran tərəfindən açıq şəkildə dəstəklənib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi twitter hesabında 3+3 formatının dəstəkləndiyi bildirilir.

İran Xarici İşlər Nazirliyinin açıqladığı məlumata əsasən, ölkə başçılarının Praqada keçirilən görüşündən sonra Azərbaycan və İran xarici işlər nazirlərinin ilk telefon danışığı zamanı (16 oktyabr 2022-ci il tarixində) cənab Hüseyin Əmir Abdullahiyan həmkarı ilə aşağıdakı fikirləri bölüşüb:

  • Xarici qüvvələrin Qafqazda mövcudluğu region ölkələrinin ümumi narahatçılığıdır və İran İslam Respublikası hər hansı xarici qüvvələrin bölgəyə yerləşdirilməsinin əleyhinədir.

Bundan bir müddət sonra (22 oktyabr 2022-ci il tarixində) İran Xarici İşlər naziri Ermənistanda səfərdə olarkən ölkənin baş naziri Nikol Paşinyanla görüşü zamanı anoloji fikirləri birdaha səsləndirib:

  • İran regionda xarici qüvvələrin olmasına qarşıdır. Regiondaxili imkanlardan, o cümlədən 3+3 mexanizmindən istifadə zəruridir və regional problemləri region ölkələrinin özləri həll etməlidir.

İran xarici işlər naziri Hüseyn Amir Abdollahiyanın Ermənistan baş naziri Nikol Paşinyanla görüşü, 22 okyabr 2022-ci il.

Birdaha bildirək ki, yuxarıda qeyd edilən fikilər İran Xarici İşlər Nazirliyinin mətbuata açıqladığı məlumatlardır və hər iki görüşdə rəsmi Tehran xarici qüvvələrin regiona gəlməsinin onun strateji maraqlarına uyğun olmadığını tərəflərə bildirib. Lakin Ermənsitandan fərqli olaraq Avropa İttifaqı Şurasının Mülki Missiyasını bölgəyə dəvət edən rəsmi Bakı deyil və bu təndiqlərin mərkəzi Ermənistan olmalıdır. Beləliklə yaxın günlərdə növbəti uzun müddətli (2 illik) missiyanın regiona gəlməsi gözlənilir və qərar elan olunandan bugünədək İran hökumətindən nə Avropa İttifaqına nə də Ermənistana hər hansı mənfi reaksiya müşahidə edilməyib.

Avropa İttifaqı Şurasının rəsmi saytında 23 yanvar 2023-cü il tarixli 2023/162 nömrəli Avropa İttifaqının Ermənistandakı missiyası haqda qərarının mətnində aparılması planlaşdırılan fəaliyyət haqda geniş məlumat verilir. Sənəddə Avropa İttifaqının Ermənistandakı Missiyasının ittifaqın Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti (Common Security and Defence Policy) çərçivəsində yaradılacağının qeyd edilməsi diqqəti cəlb edir. Bundan başqa sənəddə vurğulanan digər iki məqam – missiyanın bölgədə həyata keçirəcəyi fəaliyyət və üçüncü ölkələrin aparılacaq prosesdə mümkün iştirakı geniş ictimaiyyət üçün qaranlıq olaraq qalmaqdadır. Sənədin mətnində missiyanın mandatının ərazilərdəki təhlükəsizliyin vəziyyəti ilə bağlı məlumatları əldə etmək məqsədi ilə müntəzəm şəkildə patrul fəaliyyəti aparmaq və günlük məlumatları toplayaraq mərkəzə bildirmək olduğu qeyd edilir. Lakin bu tip günlük (rutin) fəaliyyətin yalnız Azərbaycan-Ermənistan sərhədi ilə çərçivələnəcəyini gözləmək doğru deyil. Məhz Avropa İttifaqının iki illik Monitorinq Missiyasının həm də Ermənistan-İran sərhədindən cənub qonşumuzun “hərəkətlərini” nəzarətdə saxlayacağı və aparılacaq kəşfiyyat fəaliyyəti nəticəsində toplanacaq informasiya ilə rəsmi Brüsseli məlumatlandıracağı istisna edilmir. Hazırda davam edən Ukrayna-Rusiya müharibəsinə İran İslam Respublikasının dağıdıcı formada müdaxiləsi, İranın nüvə proqramı (Birgə Hərtərəfli Fəaliyyət Planı-Joint Comprehensive Plan of Action) ilə bağlı müzakirələrin dayanması, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Ermənistan üzərindən Avropaya narkotik ixracı və digər fəaliyyətlər mülki missiyanı İran üzərinə fokuslanmağa vadar edir.

“Şuranın Avropa İttifaqının Ermənistandakı missiyası haqqında” sənədinin 9-cu bəndində üçüncü ölkələrin missiyanın fəaliyyətinə qatılması haqda məlumatlar qeyd edilir:

İttifaqın qərar qəbul etmə muxtariyyətinə və onun vahid institusional çərçivəsinə xələl gətirmədən, üçüncü dövlətlər, onlar tərəfindən ezam olunmuş heyətin xərclərini, o cümlədən əmək haqqını, bütün risklərin sığortasını, gündəlik xərcləri və s. ödəmək şərtilə Missiyada iştirak edə bilər”.

Avropa İttifaqının Mülki Missiyasının nümayəndələri Basarkeçər bölgəsində

Həmçinin sənədin 6-cı bəndində də buna oxşar fikirlərə yer verilir:

Tələb olunan funksiyalar üzv dövlətlərin ezam etdiyi kadrlar tərəfindən həyata keçirilə bilmədikdə, beynəlxalq və yerli işçilər nümayəndəlik tərəfindən müqavilə əsasında işə götürülə bilər”.

Avropa İttifaqı Şurasının Ermənistanda fəaliyyətə başlayacaq monitorinq missiyası daxilində “üçüncü ölkələrin nümayəndələri” adı altında Azərbaycan-Ermənistan sərhədinə gətiriləcək qüvvələrin Qərb dövlətlərinin keçmiş və ya hazırda aktiv fəaliyyət göstərən kəşfiyyatçıları olacağı dəqiqdir. Bu qüvvələr üçün əsas fəaliyyət istiqamətinin İran İslam Respublikasının sərhədlərinə ən yaxın ərazilərdə yerləşərək bu ölkə ilə bağlı informasiya əldə etmək olacağı aydındır. Nəzərə alsaq ki, üçüncü ölkələr dedikdə Avropa kontinentindən kənardakı dövlətlər və onların vətəndaşları nəzərdə tutulur, mənzərənin hər kəs üçün aşkar olduğu qənaətindəyik.

Artıq bir neçə gün öncə Avropa İttifaqı Şurasının rəsmi saytında Avropa İttifaqının Ermənistanda yeni mülki missiyasının başlanması haqda məlumat verilib. Əməliyyat qərargahı Ermənistanda yerləşəcək yeni Missiya üzvlərinin ümumi sayının təxminən 100-ə yaxın olması və onların 50-nin silahsız müşahidəçi qismində fəaliyyətə başlayacağı bildirilir. Ermənistandakı Avropa İttifaqı Missiyasının rəhbərliyinə isə müxtəlif dövrlərdə Almaniyanın, Avropa İttifaqının, o cümlədən BMT-nin Gürcüstan, Kosovo, Cənubi Sudan, İraq və Əfqanıstandaki missiyalarında yüksək vəzifələrdə xidmətdə olmuş Markus Ritter təyin olunub. Qeyd edək ki, bir müddət öncə Fransa və Almaniyanın mülki missiyada təmsil ediləcəyi haqda məlumatlar mediada yayılıb.

Son illərdə Azərbaycan tərəfini hərhansı sübut-dəlil gətirmədən sionistləri, təkfirçi-terrorist və digər regiondan kənar qüvvələri İranla sərhədə yığmaqda ittiham edən rəsmi Tehranın nədənsə şimal sərhədlərinda baş verənlərə dair susqunluğunu qoruması olduqca təəccüblüdür.

Ardı var...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti