...

İrəvan ermənilərə köləlik və əsarət, Bakı inkişaf vəd edir

Siyasət Analytics 27 Fevral 2023 15:54 (UTC +04:00)
İrəvan ermənilərə köləlik və əsarət, Bakı inkişaf vəd edir
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Cenevrədə BMT İnsan Hüquqları Şurasının (The United Nations Human Rights Council, UNHRC) illik sessiyası başlanır. Sessiyada əsas müzakirə mövzusu Ukraynadakı müharibə olsa da, Ermənistan bu tədbirdən yararlanmağa çalışaraq "Ermənistan vətəndaşlarının və qarabağlı ermənilərin insan hüquqlarının Azərbaycan tərəfindən kobudcasına pozulması" adı altında məsələ gündəmə gətirməyə çalışacaq. Yəni şovinizm, ərazi iddiaları, dözülməzlik, radikal irqçilik və ksenofobiyanı dövlət siyasəti səviyyəsinə yüksəltmiş İrəvan yenə diplomatik insinuasiyalarla məşğul olacaq.

Ermənistanın XİN başçısı Ararat Mirzoyanın İnsan Hüquqları Şurasının (İHŞ) toplantısına qatılaraq bu gün və sabah sessiyada iştirak etmək niyyəti də bəhs etdiyimiz məsələ ilə bağlıdır.

BMT Baş Assambleyasının Rusiyadan qoşunların dərhal qonşu ölkədən çıxarılmasını tələb edən qətnamənin səs çoxluğu ilə qəbul edilməsindən bir neçə gün sonra açılacaq iclasda Ukraynadakı müharibə mövzusunun üstünlük təşkil edəcəyi gözlənilir.

“Biz bu sessiyanın, BMT Baş Assambleyasının göstərdiyi kimi... dünyanın Ukrayna ilə çiyin-çiyinə olduğunu göstərməsini istəyirik”, - Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Saymon Menli sessiya ərəfəsində deyib.

Sessiya əvvəlki toplantılardan fərqli olaraq rekord müddətdə - tam 6 həftə davam edəcək. Açılışında BMT-nin Baş katibi Antoniu Quterreşin çıxış edəcəyi sessiyanın işinin birinci həftəsində ABŞ, Çin, Ukrayna və İrandan olan nümayəndələr də daxil olmaqla 150-yə yaxın dövlət və hökumət başçısının çıxışı gözlənilir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun cümə axşamı çıxış edəcəyi nəzərdə tutulub.

Ermənistan da belə imkandan yararlanaraq Azərbaycana qarşı yeni, bu dəfə "daha səs-küylü və miqyaslı şəkildə" ümidi ilə Cenevrədəki tribunadan maksimum dərəcədə yararlanmaq istəyir. Bu zaman xüsusi diqqət Laçın-Xankəndi yolundakı situasiyaya yönəldiləcək.

Xatırladaq ki, Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz və vəhşicəsinə istismarına qarşı Laçın-Xankəndi yolundakı aksiyası ötən ilin dekabrın 12-də başlanıb, indiyədək artıq 78-ci gündür ki, davam edir.

Aksiya bir dəstə ekofəalın və vətəndaş cəmiyyəti aktivisitlərinin Azərbaycanın vətəndaş cəmiyyətinin sosial sifarişi ilə keçirdikləri dinc piket təsiri bağışlasa da, Laçın-Xankəndi yolundakı aksiya ilk əvvəl regional stabillik və təhlükəsizliyin bərqərar olunmasına yönəlmiş addımdır: bu, aksiyanın strateji yönüdür.

Taktiki yön isə ilk baxışdan nə qədər paradoksal təsir bağışlasa da, elə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin təhlükəsizliyinin və ən başlıcası, gələcək perspektivlərinin təminatıdır.

İkinci Qarabağ Müharibəsi başa çatandan sonra həmin ermənilərin yaşamları əvvəlki onilliklərdən müsbət yox, mənfi istiqamətə dəyişdi.

Ermənistanın dövlət büdcəsindən külli miqdarda maliyyə vəsaitinin "qarabağlı ermənilər üçün" ayrılmasına rəğmən, həmin məbləğlərin total əksəriyyəti ilk əvvəl İrəvandakı məmurlar tərəfindən mənimsənilir, yerdə qalan kiçik hissənin böyük qismi isə Xankəndidəki separatçı rejimin rəhbərliynin Ermənistandakı və xarici ölkələrdəki hesablarına yatırılır.

Təqribi hesablamalara görə - kriminal və qanunsuz maliyyə əməliyatları ilə bağlı dəqiq hesablamalar aparmaq mümkün deyil - İrəvanın ayırdığı büdcə vəsaitinin maksimum 11,24 faizi qarabağlı ermənilərin rifahına, sosial ehtiyaclarının təminatına, zəruri infrastrukturun fəaliyyətinə, maaş və pensiyaların ödənişinə və s. xərclənir.

Qarabağdakı ermənilərin orta statistik yaşam səviyyəsi və maddi rifah halı son iki ildə daha da pisləşib.

Xankəndidə formalaşmış kriminal oliqopoliya yerli sakinlərini sözün faktiki və praktiki mənasında istismar edir.

Məsələn, Ermənistanın dövlət büdcəsindən ayrılan və hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarət arealında olan ərazilərdə yaşayan ermənilər arasında çoxuşaqlı analara ödənilməsi gərəkən müavinətlərin verilməsi üçün nəzərdə tutulmuş vəsaitin təxminən 83 faizi (!) mənimsənilib.

Əlillər və əmək qabiliyyəti məhdud olan insanlar üçün ayrılmış vəsaitin 81 faizi, yol infrastrukturunun fəaliyyətinin təminatı və yeni yolların çəkilməsi üçün ayrılmış vəsaitin 73,5 faizi, hətta Xankəndidəki uşaq bağçalarına ayrılmış pulların 69 faizi mənimsənilib.

Laçın-Xankəndi yolu separatçı rejim üçün ərazilərin və o ərazilərdə yaşayan ermənilərin qarət vasitələrindən biri idi.

Azərbaycanlı ekofəalların aksiyası isə bu quldur marşrutunu dayandırdı.

Xankəndiyə marionet qismində göndərilən və sonra da rüsvayçı şəkildə "dövlət naziri" postundan qovulan Ruben Vardanyanın müsahibələrindən birində dediyi "həmin yol bizim üçün müstəsna əhəmiyyətlidir" ifadəsi təsadüf deyildi.

Vardanyan "bizim üçün" dedikdə bütün qarabağlı erməniləri yox, separatçı rejimin rəhbərliyini nəzərdə tuturdu.

Bir qədər sonra isə həmin "bizim" ifadəsini R.Vardanyan, sadəcə, özünə şamil edərək təqribən 1 milyard dollarlıq vəsaitini artırmaq imkanlarından biri saydığını gizlətmədi.

Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarının, haqlarının və təhlükəsizliklərinin konvensional təminatı məhz onların mövcudluğunun beynəlxalq hüquq, Azərabycan Konstitusiyası və qanunvericiliyi çərçivəsində müəyyənləşdirilərək təminatından keçir.

Narkotik və psixotrop vasitələrdən asılı orqanizm üçün yasaq dopinq vasitəsi rolunu oynamış Laçın-Xankəndi yolu indi qismən də olsa, nəzarətdədir.

Qarabağlı ermənilər hüquq müstəvisində yeni alternativlər aramalı, separatçı rejimin istismar və qarət siyasətinin sonunun çatdırılması yollarını düşünməli, öz gələcəklərini özləri təmin etməlidirlər.

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Cenevrədə başlanmış sessiyada bu məqamlardan da danışmalıdır, amma danışmayacaq. Çünki İrəvanın yürtüdüyü laübalı, qarışıq və sürəkli olaraq müxtəlif güc mərkəzlərinə meyillənmə siyasətinin ziddinə olan realistik davranış erməni isteblişmenti üçün yaddır.

İrəvan bu dəfə də konstruktivlikdən çox uzaq mövqe tutaraq absurd ittihamları davam etdirəcək və qarabağlı ermənilərin normal yaşamının təminatı gününün gələcəyi zamanı təxirə salacaq.

Ermənilər isə yaşamaq istəyirlər.

Qarabağdakı separatçı rejimin idarə etdiyi fərdlər kimi yox, normal insanlar kimi.

Bunun yolu bəllidir: Azərbaycan qanunvericiliyi çox məsələləri nizamlayaraq tövsif etdiyi kimi, yolunu azıb geriyə qayıdan vətəndaşlarını da düşünməyi nəzərdə tutur.

Ararat Mirzoyan bunu Cenevrədə deyəcəkmi?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti