Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılmasını pisləyib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.
"Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatlıq doğurur. Günahkarlar müvafiq şəkildə cəzalandırılmalıdırlar!", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, Azərbaycan ağır atletləri İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Yarışda ölkəni Nazilə İsmayılova, İsa Rüstəmov, Ömər Cavadov və Əli Şükürlü təmsil edir.