...

Şuşada TDT-nin yeni strateji hədəfləri ilə bağlı beynəlxalq konfrans keçirilir

Siyasət Materials 15 İyun 2024 09:10 (UTC +04:00)
Şuşada TDT-nin yeni strateji hədəfləri ilə bağlı beynəlxalq konfrans keçirilir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək qonaq iştirak edir.

Beynəlxalq konfrans çərçivəsində “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında üç plenar sessiya təşkil ediləcək.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Azərbaycan Prezidentinin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə 4 il ərzində şəhərdə 4 məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla 2 yeni məscidin inşasına başlanılıb.

“Mühəndis infrastrukturunun yenidən qurulduğu Şuşada aparılan bütün işlər şəhərin müfəssəl Baş planına uyğun olaraq həyata keçirilir. Artıq 960 nəfərlik yeni tam orta məktəb tikilərək istifadəyə verilib, rayon mərkəzi xəstəxanasının inşasının isə cari il ərzində yekunlaşdırılması planlaşdırılır”, - deyə xüsusi nümayəndə bildirib.

O deyib: “Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılması və məşğulluğunun təmin edilməsidir. Böyük qürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakinlərinə, buradan didərgin salınan soydaşlarımız isə öz doğma şəhərlərinə qovuşub”.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, hazırda Cənubi Qafqazın lider dövləti olan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycanın fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, gələcəyə hesablanmış yeni perspektivlər də yaradır.

Postmüharibə dövründə kommunikasiyaların bərpası ilə əlaqədar Azərbaycanın nümayiş etdirdiyi geosiyasi iradəni xüsusi qeyd edən Mərkəzi aparatın rəhbəri deyib: “Şübhəsiz ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini də şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaqdır”.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala deyib:

“Türkiyə-Azərbaycan birliyi bir təhdid deyil, ortaq coğrafiyamız üçün güclü bir təminat qaynağıdır. İşbirliyi çərçivəsində bölgənin sabitliyi üçün gündəmi daim yaxından izləyirik. Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə güclü dəstəyimizi davam etdiririk”.

Qazaxıstanın Amanat Partiyasının İcra katibi Daulet Kəribek bildirib:

"Əminəm ki, bugünkü konfrans əlaqələrimizi möhkəmləndirməyə, geosiyasi reallıqlara və qlobal kataklizmlərə qarşı effektiv mübarizə aparmağa kömək edəcək. Şuşada keçirilən tədbirin yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram".

Partiya təmsilçisi tədbirin Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin rəmzi mənası olduğunu deyib və Qazaxıstanın Prezidenti Kasım-Comart Tokayevin cari ilin mart ayında Azərbaycana dövlət səfəri zamanı Şuşada olduğunu xatırladıb.

Beynəlxalq hüququn aşınma mərhələsində olduğunu bildirən D.Kəribek qlobal nəzarətin və tarazlıq sisteminin sülhü və sabitliyi qorumaq iqtidarında olmadığını vurğulayıb. “Sevindicidir ki, bütün bunların fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu artır. Hazırkı çətin geosiyasi şəraitdə TDT beynəlxalq siyasəti rasional və praqmatik xətlər üzərində saxlayan, beynəlxalq arenada - logistika, nəqliyyat, diplomatik əlaqələri təmin edən drayverlərdən biri olmaqda davam edir”, - deyə AMANAT partiyasının icra katibi qeyd edib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə, türk məfkurəsinə malik olmalarıdır.

O qeyd edib ki, ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər uzunömürlü ola bilməz.

15 İyun - Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbriklərini çatdıran Əli Əhmədov xalq diplomatiyasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası xalq və partiya diplomatiyasından səmərəli şəkildə istifadə edir.

YAP-ın bu diplomatiyasını bundan sonra davam etdirəcəyini vurğulayan Baş nazirin müavini Azərbaycanın müstəqillik tarixindən söhbət açıb, Qurtuluş Gününün xalqımızın və dövlətçiliyimizin tarixində yerini qeyd edib.

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Beynəlxalq Birlik Partiyasının Sədri Ünal Üstel bildirib ki, tarixi və ortaq ənənələrə, dəyərlərə malik Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzu getdikcə artır. TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür.

“Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində üzv seçilməsi bizi qürurlandırır”, - deyən Ünal Üstel dəstək verən bütün qardaş ölkələrə minnətdarlıq edib.

Şimali Kiprin müxtəlif tribunalarda iştirakından, ölkəsinin inkişaf yolundan və tarixindən danışan qonaq müstəqillik yolunda bir sıra məhrumiyyətlərə, qadağalara məruz qaldıqlarını bildirib. “Xalqımızın haqları, Şimali Kipr həqiqətləri uğrunda sonadək mübarizə aparacağıq”, - deyə Baş nazir vurğulayıb.

Azərbaycan və Şimali Kipr arasında əlaqələrdən bəhs edən qonaq ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylər göstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb.

“İnanıram ki, çox yaxın gələcəkdə əlaqələrimiz daha da dərinləşəcək və möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi kimi, bunun da zamanı gəlmişdir. İnanırıq ki, Şimali Kiprin Türk Cümhuriyyəti tezliklə TDT-yə üzv qəbul ediləcək”, - deyən Ünal Üstel ölkəsinə dəstəyə görə Türkiyəyə və Azərbaycana təşəkkür edib.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin Xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakaya vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin parlamentlərarası və siyasi partiyalar arasında əlaqələri birliyimiz üçün önəmlidir.

Bu il Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünü qeyd etdiyini diqqətə çatdıran Zafer Sırakaya qardaş ölkəni möhtəşəm qələbələri və uğurları münasibətilə təbrik edib.

O, geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda Türk dünyasının daha da güclənməsinin vacibliyini qeyd edib.

Türkiyə və Azərbaycan arasındakı əlaqələrin geniş spektri əhatə etdiyini vurğulayan Z.Sırakaya dünyada mövcud olan qarşıdurmalardan danışıb və bu münaqişələrin insanlığa zərər verdiyini qeyd edib.

Əsrimizi Türk əsri adlandıran TBMM üzvü qeyd edib ki, TDT tarixdə ilk dəfə olaraq türk dövlətlərini bu qədər yaxın bir araya gətirib. O, ümidvar olduğunu bildirib ki, bu birlik, qardaşlıq gələcəkdə daha da möhkəmlənəcək.

Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki deyib:

"Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bir yerə toplaşmağımız qürurvericidir. Dost ölkədə olmağımdan çox şadam".

O qeyd edib ki, Macarıstan kimi Azərbaycana da Avropa İttifaqı tərəfindən ikili standartlar tətbiq olunur: “Ədalətdən, hüquqdan ağızdolusu danışan bir qurumun bu hərəkəti yolverilməzdir”.

Ölkəsində keçirilən seçki prosesi barədə məlumat verən A.Tilki seçkilərdə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan miqrantların səsverməsinə imkan yaratdıqlarını bildirib. Təəssüflə qeyd edib ki, Avropa İttifaqı buna görə Macarıstanı cəzalandırıb və təzminat tələb edib.

Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq və bərpa işlərinin, yenidən qurulan infrastrukturun göz oxşadığını vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, bütün Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə fəxr edir və qürur duyur.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səylərin davam etdirildiyini diqqətə çatdıran Şamil Ayrım qeyd edib ki, Azərbaycanın sülh üçün Ermənistan rəhbərliyi qarşısında qoyduğu şərtlərdən biri də torpaq iddiasından əl çəkməsidir. O, ATƏT-in Minsk qrupunun ləğv edilməsinin sülh sazişinin imzalanması istiqamətində vacib amil adlandırıb.

Ş.Ayrım, həmçinin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına mütləq qayıdacaqlarını vurğulayıb: “İnanırıq ki, Qərbi azərbaycanlılar doğma torpaqlardakı məscidlərində ibadət edə biləcəklər”.

Qırğız Respublikasının Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat Osmonaliyev bildirib:

"Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı (TDT) tamhüquqlu regional beynəlxalq təşkilat kimi yer tutub və dünya siyasətində tanınan amilə çevrilib".

Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbrik edən qonaq deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəsinin dövlətçilik tarixində müstəsna xidmətləri var. Xalqın gücü müdrik liderin rəhbərliyi altında onun birliyindədir. TDT-nin də gücü onu təşkil edən dövlətlərin birliyindədir”.

Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Düşünürəm ki, tədbir iyulun 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun müqəddiməsidir”.

O bildirib ki, mövcud şəraitdə türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtı çatıb, bu barədə ciddi düşünməliyik.

Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin dərin strateji tərəfdaşlıq formatında olduğunu qeyd edən qırğız diplomat ölkəmizdə təmsilçiliyinin müddətinin başa çatdığını deyib. Bildirib ki, Azərbaycanı və onun qonaqpərvər insanlarını hər zaman ehtiramla xatırlayacaq. Diplomat ölkələrimizin gələcəkdə müttəfiqlik münasibətləri səviyyəsinə keçmək potensialı olduğunu bildirib.

Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

“Düşünürəm ki, bugünkü konfrans gələn ayın 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun müqəddiməsidir”, - deyə o diqqətə çatdırıb.

Köhnə dünya nizamının dağıldığını və yenisinin formalaşdığını qeyd edən K.Osmonaliyev bu prosesin mürəkkəb olmaqla bərabər, qlobal sülh və təhlükəsizlik üçün təhlükəli olduğunu bildirib.

Onun sözlərinə görə, münaqişələr, müharibələr həmçinin beynəlxalq sanksiyaların hibrid müharibə forması kimi istifadə edilməsi regionumuza birbaşa təsir edir.

Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar deyib:

"Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi sadəcə iki dövlət arasında strateji ortaqlıq sənədi olmaqla qalmır, bütün Türk dünyasında birlik ruhunu coşqu ilə tərənnüm edir. Bu sənəd Türk Dövlətləri Təşkilatında (TDT) da birliyi gücləndirən amillərdən biridir".

Onun sözlərinə görə, hazırda Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi və insani tərəfləri ilə Türk İş Birliyinin gücü olma vəzifəsi və məsuliyyətini daşıyır: “İstanbulda keçirilən türk dövlət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası – 2040” sənəd Türk İş Birliyinin önümüzdəki 20 il içindəki hədəflərini geostrateji yöndən gözlər önünə sərir. TDT-nin ilk strateji sənədi bu cümlələrlə başlayır: “Dünya miqyasında sürətli dəyişiklikləri və onların üzərimizdəki təsirlərini tanımaq və ələ almaq üçün strateji bir vizyonu vacib edən bir dövrdə yaşamaqdayıq". Dolayısı ilə dünya miqyasında yaşanan hadisələr beynəlxalq regional və qitələrarası mənada strateji baxışa sahib olma zərurətini doğurub. “Türk Dünyası – 2040” vizyon sənədində tərif edilən coğrafiya bu təşkilata üzv olan dövlətlərin olduğu Avrasiya coğrafiyasıdır. Avrasiyanın idarəsi üçün ehtiyac duyulan ən əsas güc TDT çətiri altında sağlam işbirliyidir. Bu mənada TDT tərkibindəki iş birliyi sahələri işığında hazırlanan vizyon sənədi "Siyasi və Təhlükəsiz İşbirliyi", "İqtisadi və Sektor İşbirliyi", "İnsandan İnsana İşbirliyi" və "Üçüncü Tərəflərlə İşbirliyi" olmaq üzrə dörd bölümdən ibarətdir. Bu sənəd həm regional, həm də beynəlxalq tərəflərdən zamanın tələblərini yaxşı tutmaqda və buna yönəlmiş atılacaq yekun addımları konkret bir şəkildə sərgiləməkdədir. Beləliklə, “Türk Dünyası – 2040” vizyonunun ortaya atılması özü özlüyündə geostrateji bir həmlədir”.

A.Attarın fikrincə, TDT-nin qurucu sənədi olan Naxçıvan Bəyannaməsində yer alan suverenlik, bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququn əsas prinsipləridir. Bu amilin “Türk Dünyası – 2040” vizyonununda da öz əksini tapması çox önəmlidir. A.Attar qarşıya qoyulan hədəflərin reallığa çevrilməsinin türk iş birliyinin Avrasiyadakı geopolitik yöndə gücünü artıracağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti