...

Fazil Məmmədov: Vergilər Nazirliyinin yaradılması vergi islahatlarının daha səmərəli olmasına zəmin yaradıb

Siyasət Materials 9 Fevral 2006 15:50 (UTC +04:00)

Trend in Azərbaycanın Vergilər naziri ilə eksklyziv müsahibəsi

- Vergilər Nazirliyinin yaranmasının 6 ili tamam olur. Sizin rəhbərliyinizlə ötən bu dövr ərzində hansı mühüm nailiyyətlər əldə edilib?

- Azərbaycan müstəqilllik əldə edəndən sonra ölkə iqtisadiyyatının bazar prinsipləri əsasında yenidən qurulması, digər sahələrlə yanaşı, vergi sistemində də köklü islahatların həyata keçirilməsini zəruri etmişdi. Məhz həmin səbəbdən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi və daim təkmilləşdirilməsi, ölkədə sahibkarlığın inkişafının və əlverişli investisiya mühitinin formalaşmasının stimullaşdırılması üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyulmuşdu.

Bu baxımdan, Heydər Əliyevin ölkəmizdə bazar münasibətlərinə adekvat vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara uyğun dövlət vergi xidmətini formalaşdırmaq istəyi Vergilər Nazirliyinin yaradılması ilə nəticələnib və 2000-ci il fevralın 11-də ümummilli lider bununla bağlı fərman imzalayıb. 2001-ci il martın 29-da isə növbəti prezident fərmanı ilə Vergilər Nazirliyinin əsasnaməsi təsdiq edilib. Məhz bu dəstək və etimad əsaslı verg
i islahatlarının daha səmərəli və daha sürətli olmasına zəmin yaradıb.

Bu sahədə əldə edilmiş ən böyük uğur 2001-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış addım olub.

Vergi Məcəlləsinin qəbulu ilə vergi orqanları qarşısında ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi mühüm vəzifələr qoyulub. Bu baxımdan bir sıra sahələrə vergi güzəştləri tətbiq edilib, vergilərin sayı azaldılıb, vergi dərəcələri aşağı salınıb, kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş vergi sistemi tətbiq edilib.

Vergi Məcəlləsi ilbəil təkmilləşdirilib və bu proses indinin özündə də davam edir. Hər il məcəlləyə vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının qorunması, qanunvericiliyin sadələşdirilməsi istiqamətində əlavə və dəyişikliklər edilir.

Qanunvericiliyə ötən ilin sonunda da dəyişikliklər olunub və məsələn, növbəti dəfə mənfəət vergisinin dərəcəsi aşağı salınıb, fiziki şəxslərin gəlir vergisinin tətbiqi mexanizmi daha da təkmilləşdirilib, Əlavə Dəyər Vergisi məqsədləri üçün qeydiyyat şərtləri sərtləşdirilib.

Bununla bağlı bir məqamı da qeyd edim ki, hazırda Azərbaycanda tətbiq olunan vergi qanunvericiliyi beynəlxalq standartlara cavab verir.

Bundan başqa, vergi islahatları başlayandan vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi də uğurla həyata keçirilib. Respublika ərazisində rayon və şəhər vergi orqanları ləğv edilərək onların əvəzində hər biri bir neçə rayon və şəhəri əhatə edən Vergilər İdarəsi , həmçinin, Bakı şəhərinin 11 rayonunu əhatə edən və 3 filialdan ibarət Vakı Şəhər Vergilər Departamenti yaradılıb.

Aparılan məqsədyönlü islahatlar nəticəsində vergi orqanlarında çalışan işçilərin sayı 40 faizədək ixtisar edilib.

Vergidən yayınma halları ilə mübarizənin daha da gücləndirilməsi üçün isə 2001-ci ildə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti yaradılıb. Təkcə ötən il ərzində Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində audit yoxlaması materialları əsasında müəyyənləşdirilən vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı 281 cinayət işi başlanıb.

Həmin dövrdə icraatda olmuş cinayət işlərindən 167 nəfər barəsində 131 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilib.

Göründüyü kimi, ötən dövrdə vergi nəzarətinin təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Burada əsas istiqamət əsassız, bir-birini təkrar edən yoxlamaları aradan qaldırmaq, onların səmərəliliyini yüksəltmək və operativliyini təmin etməkdən ibarət olub. Qanunvericiliyə səyyar vergi yoxlamalarının qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsız vergi ödəyicilərində aparılmasını nəzərdə tutan müvafiq dəyişikliklər edilib. Burada əsas diqqət səyyar vergi yoxlamalarının sayının azaldılması və keyfiyyətinin yüksəldilməsinə yönəldilib.

Məsələn, ötən dövr ərzində belə yoxlamaların sayı 4 dəfədən də çox azalıb, yoxlamalar nəticəsində əlavə hesablanmış vəsaitin həcmi isə əksinə 5 dəfə artıb.

Ötən 6 il ərzində beynəlxalq vergi münasibətlərinin inkişaf etdirilməsi, digər dövlətlərin analoci qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində xeyli işlər görülüb, xarici investorlar üçün əlverişli investisiya mühitinin yaradılması məqsədi ilə 15-dən çox dövlətlə "Gəlir və əmlak vergisinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" dövlətlərarası beynəlxalq Sazişlər imzalanıb.

Avropa Birliyi tərəfindən maliyyələşdirilən TASİS proqramı çərçivəsində "Vergi sisteminin müasirləşdirilməsi" layihəsi daxilində bir sıra uğurlu tədbirlər həyata keçirilməkdədir. Adıçəkilən layihə çərçivəsində Vergi Məcəlləsinin tətbiqinə dair tövsiyələr, Vergilər Nazirliyinin Tədris Mərkəzinin tədris-metodiki təminatının gücləndirilməsi və Bakı şəhərində vergi orqanlarının korporativ informasiya şəbəkəsinin qurulması ilə bağlı texniki tapşırıqlar hazırlanıb.

- 6 il ərzində ardıcıl artan illik proqnozun tam yerinə yetirilməsini nə ilə izah edərsiniz? Konkret olaraq bu, nəyin hesabına əldə edilb?

- Bu ilk növbədə ölkədə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son illər ərzində uğurla davam etdirilən iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatında mühüm keyfiyyət dəyişikliklərinə səbəb olub.

Ölkə iqtisadiyyatına böyük investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitliyin davamlı xarakter daşıması, işgüzar mühiti təşviq edən müvafiq hüquqi bazanın yaradılması və bir çox digər amillər respublikamızda çox fəal biznes mühitinin yaranmasına şərait yaradıb. Şübhəsiz ki, bütün bunlar dövlət büdcəsinə vergi daxilolmalarında öz əksini tapmaqdadır.

Bundan başqa, əvvəl qeyd etdiyim kimi, vergi orqanlarında da ciddi islahatlar aparılır. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, əlverişli vergi mühitinin yaradılması, çevik vergi siyasətinin həyata keçirilməsi də öz növbəsində daxilolmaların ahəngdarlığına nail olunmasına müsbət təsir göstərib.

Ümumiyyətlə, biz təkcə inzibati baxımdan çevik, mövcud situasiyalara adekvat reaksiya verə bilən bir strukturun formalaşmasına çalışmırıq, həm də vergi ödəyicilərinin fəaliyyətinə süni maneələri aradan qaldırmaq, vergi orqanı ilə kontaktsız formada əlaqələr qurmaq, nəticə etibarilə vergi ödəyicilərinin özlərinin vergi öhdəliklərinə münasibətini dəyişmək, vergilərin yığılmasından onların ödənilməsi sisteminə keçidi təmin etməyə çalışırıq.

Apardığımız struktur islahatları zamanı belə bir həqiqət təsdiq olundu ki, sahibkarın üzərində ən sərt nəzarət mexanizmləri belə vergi ödəmələrinin artması üçün səmərəli deyildir, burada əsas məsələ vergi ödəyicisinə sərbəst fəaliyyəti üçün şərait yaratmaq, onu vergi öhdəliyindən qaçmaması üçün bütün inzibati və bürokratik əngəlləri aradan qaldırmaq, işgüzar fəaliyyətini stimullaşdırmaqdır.

Görülən işlər, həyata keçirilən islahatlar nəticəsində artıq iki ilə yaxındır ki, vergi öhdəliklərinə əməletmə səviyyəsinin artması müşahidə edilir. Vergi bəyannamələrinin son təqdim edilməsi kampaniyası zamanı vergi ödəyicilərinin 90 faizə yaxını vergi bəyannaməsini vaxtında vergi orqanlarına təqdim etmişdi.

Halbuki, bir neçə il əvvəl hətta 50 faizlik göstərici bizim üçün çox yüksək rəqəm hesab edilirdi. Əlbəttə, bu işgüzar cəmiyyətin, iş adamlarının vergi öhdəliklərinə münasibətinin dəyişməsinin təzahürüdür.

Beləliklə, həyata keçirilən islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərin ən başlıcası məhz vergi daxilolmalarının yüksək artım tepminin təmin olunmasıdır. 2005-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olmuş vəsaitin həcmi 1999-cu illə müqayisədə 3,5 dəfə çox olub.

- Bu gün ictimaiyyətdə nəzərə çarpan iki əsas vergi xidməti sahəsi - vətəndaşlara vergi xidməti göstərən qurum və operativ nəzarət qurumlarının fəaliyyətində nə cür dəyişikliklər baş verib? Bugünkü vəziyyət sizi qane edirmi?

- Vergi ödəyicilərinə xidmət işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirləri iki hissəyə ayırmaq olar. Hazırda əsas diqqət vergi ödəyicilərinə xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəlib.

Apardığımız müşahidələr göstərir ki, vergi ödəyicilərini narahat edən əsas məsələlər sırasında ilk yeri məhz vergi qanunvericiliyinin şərhi məsələləri tutur. Buna görə də məlumatlandırma tədbirlərinin genişləndirilməsini daim diqqətdə saxlanılır.

Məhz buna görə də Vergilər Nazirliyi vergi ödəyicilərinin müraciətlərinin operativ cavablandırılması, vergi orqanlarına gəlmədən informasiya ala, habelə vergi orqanlarının hərəkətlərindən şikayət edə bilmələri üçün 195 nömrəli məlumat-telefon xidmətini yaradıb.

Bu telefon xidməti bu sahədə MDB-də ilk olaraq yaradılan və vergi ödəyiciləri ilə operativ ünsiyyət baxımından çox faydalı və mütərəqqi hadisədir.

Eyni zamanda, hər bir vergi ödəyicisi Vergilər Nazirliyinin internet saytına daxil olaraq burada açılmış xüsusi bölmədə sualını, ona aydın olmayan məsələləri soruşmaq imkanına malikdir. Sualların cavablandırılması intervalı bir gündən artıq çəkmir.

Vergi ödəyiciləri tərəfindən mövcud bəyannamələrin və vergi ödəyicilərinin uçotuna dair sənəd formalarının əldə edilməsi imkanlarını genişləndirmək məqsədilə onların elektron formaları hazırlanmış və internet saytında yerləşdirilib.

Bundan başqa, vergilərə aid dərs vəsaitlərinin ümumtəhsil məktəblərində tədrisini səmərəli şəkildə həyata keçirilmək və bu dərs vəsaitlərinin tədrisi ilə məşğul olan müəllimlərin təcrübələrini artırmaq məqsədi ilə, Təhsil Nazirliyinin razılığına uyğun olaraq Bakı şəhərinin Nəsimi rayonunda, Gəncə, Sumqayıt, Əli-Bayramlı, Şamaxı, Zaqatala, Yevlax, Şəmkir, Göyçay, Beyləqan və Qəbələ şəhərlərində vergilərə dair metodiki kabinetlər təşkil edilib.

Iergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarı qorunmasının təmin edilməsi kimi vergi ödəyicilərinə xidmət sahəsində perspektiv məsələləri əks etdirən müddəalar Azərbaycan Respublikası prezidentinin 12 sentyabr 2005-ci il tarixli 992 №-li Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında vergi izibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı"na da daxil edilib.

Dövlət Proqramında təsdiq olunmuş tədbirlərin 2007-ci ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulmuşdur. Burada, məsələn, Ərazi vergi idarələrində vergi ödəyiciləri üçün kompüter terminallarının qurulması, vergi ödəyiciləri ilə vergi orqanları əməkdaşları arasında mütəmadi görüşlərin keçirilməsi, Vergilər Nazirliyinin rəsmi veb-saytının təkmilləşdirilməsi, özəl vergi məsləhəti xidmətlərinin təşkili üçün tələb olunan təşkilati və normativ-hüquqi bazanın hazırlanması, daha mükəmməl apellyasiya sisteminin yaradılması haqqında təkliflərin hazırlanması kimi məsələlər öz əksinə tapıb.

Artıq 2005-ci ilin 4-cü rübündə qeyd olunan tədbirlərlə bağlı müəyyən işlər görülüb, layihələr hazırlanmış və bu tədbirlərin icrası ilə bağlı geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanıb.

Eyni zamanda, qeyd etməliyəm ki, sahibkarın öz vergi öhdəliklərinə məsuliyyətlə yanaşması vergi xidmətinin də işini asanlaşdırır, vergi nəzarətinin daha yumşaq müstəvidə qurulmasını şərtləndirir. Bu istiqamətdə görəcəyimiz çox işlər var. Təəssüf hissi ilə qeyd etməliyəm ki, hələ də əhali ilə nağd hesablaşmaların aparılması sahəsində bəzi nöqsanlar müşahidə olunmaqdadır.

Bu sahədə nəzarəti gücləndirmək və əsaslı dönüşə nail olmaq üçün bu il bir sıra struktur və inzibati islahatlar aparmaq fikrindəyik. Güman edirəm ki, görüləcək işlər qeyd olunan sahədə nəzarəti gücləndirəcək, habelə vergidən yayınma hallarını minimuma endirəcək.

- Son dövrdə vergi borclarının alınması istiqamətində əldə olunmuş nailiyyətlər barədə ictimaiyyətə rəsmi məlumatlar çatdırılır. Borclu ödəyicilərin siyahısında borcun alınması mümkün olmayan ödəyicilər və onların borc məbləğləri barəsində araşdırmalarınızın nəticələri ilə bağlı nə deyə bilərsiniz?

- Ötən il Vergilər Nazirliyində vergi borclarının məcburi alınmasının təşkili prosesinə yenidən baxılıb. Biz borclu ödəyicilərin əmlakının siyahıya alınması və hərraclarda satışının təşkili mexanizmlərini təkmilləşdirməklə 2005-ci il ərzində belə vergi ödəyicilərinin sayının 20 faizdən çox azalmasına nail olmuşuq.

Ümumiyyətlə, ötən il vergi orqanları tərəfindən vergi ödəyicilərinin 18,2 mln. AZN məbləğində əmlakı siyahıya alınıb. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılmasından büdcəyə 195 min AZN daxil olub.

Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün 1554 vergi ödəyicisinə qarşı İqtisad Məhkəmələrində 9,4 mln. AZN məbləğində iddialar qaldırılıb. Onlardan 3,4 mln. AZN məbləğində 593-nə baxılıb və iddialar təmin edilib.

Bundan başqa, qanunvericiliyə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları silinib. Belə ki, təkcə ötən il "Huquqi şəxslərin dövlət büdcəsinə borclarının güzəştli ödənişi haqqında" Qanununun tətbiqi ilə əlaqədar 32 hüquqi şəxsə güzəşt verilməklə onların 358 min AZN-dən çox borcu silinib. Eyni zamanda, güzəşt verilmiş vergi ödəyiciləri tərəfindən güzəştin əldə edilməsi ilə əlaqədar olaraq dövlət büdcəsinə 512 min AZN-dən çox vergi borcu da ödənilib.

İndi hər bir sahibkar, iş adamı bilir ki, dövlət qarşısında vergi öhdəliyini tam və dolğun şəkildə yerinə yetirməlidir. Hazırda borcların strukturunun yenidən təhlili davam edir və düşünürəm ki, 2006-cı ildə alınması mümkün olan bütün borcların dövlət büdcəsinə cəlb edilməsi istiqamətində böyük irəliləyişlər olacaq.

- Nəzərə alsaq ki, bu ildən bəzi vergi növləri üzrə dərəcələr aşağı salınıb, 2006-cı ildə vergi orqanları vergi daxilolmaları üzrə proqnozun icrasına nail ola biləcəkmi? Ümumiyyətlə, bu il Vergilər Nazirliyinin iş fəaliyyətində daha hansı yeniliklərin tətbiq edilməsi nəzərdə tutulur?

- Vergi islahatlarının bundan sonra da davam etdirilməsi və daha çevik vergi sisteminin yaradılması nəzərdə tutulur. Bizim başlıca vəzifələrimiz vergi orqanlarında şəffaflığın təmin olunması, vergi qanunveriliyinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, vergi hüquqpozmaları və eyni zamanda, korrupsiya ilə mübarizənin gücləndirilməsinə nail olmaqdır.

İslahatların növbəti mərhələsi kimi vergi orqanlarının müasirləşdirilməsi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi, ƏDV sahəsində vergi inzibatçılığının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi də planlaşdırılır.

Vergi orqanlarının fiskal funksiyasına gəlincə, dövlət büdcəsində vergi daxilolmalarının həcmi 2,24 mlrd. manat səviyyəsində, yəni 2005-ci ilə nisbətən 57,7 faiz artımla müəyyənləşdirilib. Artıq yanvar ayı ərzində proqnoz 112,4 faiz icra olunub və büdcəyə 100,7 mln. AZN ödənilib. Bu, nəzərdə tutulandan 11,1 mln. AZN çoxdur.

Buna görə də, hesab edirik ki, görülən işləri davam etdirməklə, islahatları daha da dərinləşdirməklə və "Vergi izibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı"ndan irəli gələn məsələləri həll etməklə dövlət büdcəsi daxilolmalarının tam həcmdə yerinə yetirilməsini bu il də təmin edəcəyik.

Xəbər lenti

Xəbər lenti