2006-cı il 6 noyabr parlament seçkiləri zamanı baş vermiş qanun pozuntuları ilə bağlı məhkəmə baxışına göndərilmiş 11 cinayət işindən 8-i barədə hökm çıxarılıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
2005-ci ilin noyabr ayının 6-dan 2006-cı ilin mart ayının əvvəlinədək Baş Prokurorluğa seçkilərlə bağlı 351, Mərkəzi Seçki Komissiyasından 99, dairə seçki komissiyalarından 34, seçki bloklarından 4, hüquq mühafizə orqanlarından 31 və vətəndaşlardan 183 müraciət daxil olub. 3 halda Respublika Prokurorluğu tərəfindən deputatlığa namizədin cinayət məsuliyyətinə, 1 halda isə inzibati məsuliyyətə cəlb edilməsinə razılıq verilib. 105 müraciət üzrə cinayət hadisəsi və ya əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilib. 40 müraciət üzrə müəlliflərə qanunvericiliyin tələbləri izah edilib, 5 müraciət anonim olduğuna baxılmadan saxlanılıb. 179 müraciət aidiyyatı üzrə müvafiq seçki komissiyalarına və hüquq-mühafizə orqanlarına göndərilib. Qalan müraciətlər üzrə prokurorluq tərəfindən 18 cinayət işi başlanılıb.
Həmin işlərdən 6-sı seçiciləri ələ alma, 5-i sənədlərin saxtalaşdırılması, 3-ü xuliqanlıq, 1-i hakimiyyət nümayəndələrinə zor göstərmək, 2-si seçki komissiyasının işinə müdaxilə etmə və təsir göstərmə, 1-i vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlıdır. Qeyd edilən işlərdən 3-ü üzrə icraata xitam verilib, 2 cinayət işinin icraatı dayandırılıb. 2 cinayət işi üzrə istintaq davam etdirilir, 11 cinayət işi isə məhkəməyə göndərilib və onlardan 8-i üzrə məhkəmələr tərəfindən hökm çıxarılıb.