GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) növbəti sammitinin mayın 22-23-də Kiyevdə keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski ekskluziv məlumat verib.
Onun sözlərinə görə, bu tarix təşkilata üzv olan bütün ölkələrə, o cümlədən Azərbaycana da təklif olunub. Səfir indi Azərbaycan tərəfinin onu razılaşdırdığını bildirib. Diplomat həmçinin qeyd edib ki, növbəti sammitin gündəliyi özündə təşkilatın fəaliyyətinin fəallaşdırılması, hər şeydən əvvəl GUAM-ın strukturunun daha çox institutlaşma tərəfə dəyişməsi, GUAM-ın beynəlxalq təşkilata çevrilməsini əks etdirir. Bununla əlaqədar, sammitə kimi təşkilata üzv ölkələrin nümayəndələrinin gündəliyin və imzalanacaq sənədlərin yekun razılaşdırılması üçün yüksək səviyyədə görüşünün keçirilməsi gözlənilir.
GUAM 1997-ci ildə yaradılıb, 1999-cu ildə isə Özbəkistan ona qoşulub və təşkilat GUÖAM adlanmağa başlayıb. Lakin 2005-ci ildə bu ölkə təşkilatdan çıxdığını elan edib. GUAM-ın sonuncu sammiti 2005-ci ilin aprelində Kişinyovda keçirilib. Burada GUAM-ın bazasında ofis və digər strukturları olan mükəmməl regional təşkilatın yaradılması barədə qərar qəbul edilib.