...

Bahar Muradova: "Mayın 5-də ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker Azərbaycana gələcək"

Siyasət Materials 26 Aprel 2006 15:25 (UTC +04:00)
Bahar Muradova: "Mayın 5-də ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker Azərbaycana gələcək"

Mayın 5-də ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker Azərbaycana gələcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin spiker müavini Bahar Muradova açıqlama verib.

"Qoran Lenmarkerdən artıq məktub almışıq və o, mayın ilk ongünlüyündə, ayın 5-də Azərbaycana gələcək. Qarabağa dair məruzənin hazırlanması ilə bağlı lazımi işlərini görəcək və müxtəlif görüşlər keçirəcək. Həmçinin biz onunla əvvəlki görüşdə bldirmişdik ki, Azərbaycanda məcburi köçkünlərin yaşadığı bölgələrə də səfər etsin"-deyə B.Muradova bildirib.

Vitse-spiker onu da deyib ki, ATƏT-in Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağla bağlı xüsusi müzakirələr açılması hələki effektli olmayacaq: "Qarabağ məsələsi ATƏT-in bütün tədbirlərində müzakirə mövzusu olub. Çünki Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupu vasitəçilik edir. Amma sessiyanın gündəliyinə Qarabağ məsələsinin salınıb-salınmaması sülh danışıqlarının gedişindən asılı ola bilər. Çünki Azərbaycan və Ermənistan prezidentlərinin, xarici işlər nazirlərinin görüşləri, Minsk qrupu həmsədrlərinin fəallaşması və tərəflərlə danışıqları göstərir ki, bu il münaqişənin həllində irəliləyişlər ola bilər. Mən hesab edirəm ki, bu fəaliyyətlərin konkret nəticəsi olarsa, yalnız onda ATƏT-də Dağlıq Qarabağla bağlı müzakirələr aparılacaq. Əks təqdirdə müzakirələr heç bir effekt verməyəcək. Çünki biz dəfələrlə bu məsələni qaldırmışıq".

B.Muradova qeyd edib ki, bu məsələ eyni qayda ilə Azərbaycan parlamentinə də aid edilməlidir. O, bildirib ki, danışıqlar məxfi aparılır və təfərrüatları barədə açıqlamalar verilmir: "Əgər ortada konkret nəticə yoxdursa, onda biz nəyi müzakirə edəcəyik? Amma tərəflər arasında konkret nəticə əldə olunacaqsa Azərbaycanın bunu qəbul edib-etməməsi barədə parlamentdə müzakirələr aparıla bilər".

Xəbər lenti

Xəbər lenti