...

ARDNŞ prezidenti: Dövlət Neft Şirkəti on illər ərzində toplanmış böyük potensiala malikdir

Siyasət Materials 3 Avqust 2006 17:12 (UTC +04:00)
ARDNŞ prezidenti: Dövlət Neft Şirkəti on illər ərzində toplanmış böyük potensiala malikdir

Trend in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə eksklüziv müsahibəsi

- İyul ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin rəsmi açılış mərasimi oldu. Bu münasibətlə Sizi təbrik etmək və BTC-nin Azərbaycan və ümumilikdə bütün bölgə üçün əhəmiyyətinə dair fikrinizi bilmək istərdik.

- Təbrikə görə çox sağ olun. Düşünürəm ki, bunu bütün Azərbaycan xalqına ünvanlamaq lazımdır, çünki Bakı-Tbilisi-Ceyhan boru kəməri hər bir Azərbaycan vətəndaşının həyatında mühüm rol oynayacaq. BTC - enerji ehtiyatlarımızın dünya bazarlarına birbaşa və maneəsiz nəqli üçün tarixi imkandır. Siz deyə bilərsiniz ki, Azərbaycan nefti BTC-yə qədər də Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri vasitəsilə xaricə ixrac olunurdu. Və siz haqlı olarsınız. Lakin qeyd etmək lazımdır ki, bu ildən etibarən "Əsrin müqaviləsi" çərçivəsində ölkəmizdə neft hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Son vaxt ərzində 30 mln. ton rəqəmi dəfələrlə təkrar olunub. Bu il Azərbaycanda məhz bu qədər neftin hasil edilməsi planlaşdırılır.

Və bu, yalnız başlanğıcdır. İldən- ilə hasilat artacaq. Əgər biz hələ bir neçə il bundan əvvəl enerji ehtiyatlarının nəqli üçün "şimal" və "qərb" marşrutları ilə kifayətlənə bilirdiksə, indi yeni imkanların tətbiq edilməsi tələb olunur. BTC-nin Azərbaycan üçün əhəmiyyəti - hasil edilən karbohidrogenlərin artan həcminin birbaşa Qara dənizə nəqlinin mümkün olmasından ibarətdir.

BTC-nin regional əhəmiyyətinə gəlincə isə, sualın bu hissəsinə ölkə prezidenti İlham Əliyevin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin artıq regional layihə çərçivəsindən çıxdığı barədə sözləri ilə cavab vermək istəyirəm. Qazaxıstanın neft kəmərinə qoşulmasını, eləcə də enerji təhlükəsizliyi məsələsinin beynəlxalq miqyasda indi hansı əhəmiyyət kəsb etməsini nəzərə alaraq, Bakı-Tbilisi-Ceyhan boru kəmərini cəsarətlə dünya səviyyəli layihələrə aid etmək olar.

- Son zamanlar Siz bəzi çıxışlarınızda belə bir maraqlı fikir səsləndirirsiniz ki, ARDNŞ bundan sonra sərbəst surətdə bəzi yataqların işlənməsi ilə məşğul olmağa səy göstərəcək. Bu nə qədər realdır? Hansı yataqların işlənməsi nəzərdə tutulur?

- Bu, tamamilə realdır. Mən artıq bir dəfə demişəm ki, ölkəmiz və o cümlədən, ARDNŞ 90-cı illər üçün səciyyəvi olan iqtisadi və maliyyə çətinliklərinin olduğu mərhələni keçib. Bu gün çox az sayda şirkət on illər ərzində toplanmış bu qədər böyük kadr və texniki potensialın olması ilə öyünə bilər. Bütün bunlar qarşıya qoyulan məqsədin yerinə yetirilməsi üçün bizə inam verir.

2005-2015 -ci illər üçün Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət proqramına müvafiq olaraq, "Qarabağ" və "Əşrəfi" yataqlarının sənaye işlənməsinə hazırlanması nəzərdə tutulub. Həmçinin, bu proqrama əsasən, biz "Ümid", "Babək", "Naxçıvan" və s. perspektiv strukturlarda axtarış-kəşfiyyat işlərini bərpa etmək niyyətindəyik.

- Hazırda Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən Qərb şirkətləri üçün geofiziki işlərin böyük hissəsi xarici firmalar tərəfindən yerinə yetirilir. ARDNŞ xarici şirkətlər üçün kəşfiyyat işlərinin aparılması ehtimalını gözdən keçirirmi?

- Xəzər dənizinin Azərbaycan sektorunun akvatoriyasında əməliyyat şirkətlərinin sifarişi ilə kəşfiyyat-geofiziki işlər ARDNŞ tərəfindən 1994-cü ildə təsis edilmiş Caspian Geophysical BM tərəfindən yerinə yetirilib. 1995-ci ildən etibarən "Bakı", sonra isə "Gilavar" gəmisindən istifadə etməklə bütün müqavilə sahələrində, eləcə də "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Qarabağ", "Əşrəfi" və s. yataqlarda seysmik-kəşfiyyat işləri yerinə yetirilib. Bundan başqa, qurudakı kəşfiyyat-geofiziki işlər müstəqil surətdə ARDNŞ-in Geofizika və Geologiya İdarəsi tərəfindən görülür.

Ümumiyyətlə, geofizika və geologiya - bir sıra yataqların sərbəst işlənməsi ilə yanaşı, ARDNŞ-in fəaliyyətinin perspektiv istiqamətlərindən biridir. Biz artıq 2015-ci ilə qədər geofizika və geologiyanın kompleks inkişaf proqramının hazırlığını başa çatdırmış və onu gerçəkləşdirməyə başlamışıq. Bunun üçün yüz milyonlarla dolların lazım olmasına baxmayaraq, düşünürəm ki, biz bunun üçün lazımi vəsaitləri əldə edəcəyik.

Mən məxsusən Geofizika və Geologiya İdarəsinin əməkdaşları ilə görüşdüm və bu kollektivin qarşısında məsul vəzifələr qoydum. O vaxtdan çox müddət keçməyib, lakin artıq idarənin fəaliyyətində gözəçarpan canlanma hiss olunur. Belə ki, bu ilin altı ayı ərzində 2005-ci ilin analoji dövrü ilə müqayisədə daha çox məbləğli işlər görülüb. İdarə "Azneft" İB, Azerbaijan Shengli Oil Company, Kura Ialley Operating Company, Azgerneft İB, Binagadi Oil şirkəti və b.-nın sifarişi ilə böyük həcmdə yüksək səviyyəli seysmik işlər görüb. Bu yaxınlarda mütəxəssislərimiz "Tümenneftgeofizika" tresti ilə birlikdə Gobustan Operating Company tərəfindən elan olunmuş tenderdə qalib gəlib. Bu layihə çərçivəsində işlər avqust ayında başlanacaq. İdarə əvvəllər də "Azneft" İB-nin sifarişlərini yerinə yetirirdi, lakin yuxarıda adları çəkilmiş digər sifarişçilərlə əməkdaşlıq bizim geoloq və geofiziklərimizə yüksək etimadın göstərildiyini bir daha sübut edir. Eyni zamanda idarənin texniki bazasının təkmilləşdirilməsi prosesi davam edir.

- Neft daşlarında hazırda vəziyyət necədir? Şayiələr gəzir ki, guya əksər platformaların artıq vaxtı keçib. Əgər belədirsə, orada Azərbaycanın neft sənayesi muzeyi kimi bir şey yaratmaq olarmı?

- Həqiqətən, oradakı platformaların əksəriyyətinin vaxtı çoxdan keçib. Lakin iqtisadi nöqteyi-nəzərdən orada təmir işləri aparmaq məqsədəuyğun olmazdı. Ona görə də biz başqa yol seçdik. Bu, yatağın ayrı-ayrı neftli ərazilərində fərdi platformaların tikilməsindən ibarətdir. Cəmi yeddi belə platformanın tikintisi nəzərdə tutulub.

Hazırda Neft daşlarında vəziyyət ümidvericidir. Bundan əlavə, tam əminliklə demək olar ki, Neft daşları indi ikinci həyatını yaşayır. Təxminən bir ay əvvəl orada 1887 №-li platformada 4 yüksək debitli quyu qazılıb. Üç quyudan sutkada 340 ton neft əldə olunub. İlin sonunadək bu platformada daha 32 quyunun qazılması planlaşdırılır. Ona görə də sizin dediyiniz muzey bəlkə də yaradılacaq, lakin tezliklə yox.

- Kredit reytinqi alacağınıza ümid edirsinizmi?

- Əlbəttə, ARDNŞ mühasibat uçotunun beynəlxalq standartlarına tamamilə keçdikdən sonra öz kredit reytinqini ala biləcək. Lakin qeyd etmək istərdim ki, indi kredit reytinqi olmasa da, Dövlət Neft Şirkətinə bu gün xaricdə etibar edirlər və biz kreditləri heç bir problem olmadan alırıq. Məsələn, biz "Azəri-Çıraq -Günəşli" layihəsində sərmayə qoyma hüququmuzu əldə etmək üçün bu yaxınlarda kredit aldıq.

1 iyul 2007-ci ilə qədər biz beynəlxalq standartlar üzrə mühasibat uçotunun aparılması və maliyyə hesabatının təqdim edilməsinə hazırlaşmalıyıq. Hazırda Dövlət Neft Şirkətinin əməkdaşları üçün Maliyyə Nazirliyi tərəfindən mühasibat uçotunun beynəlxalq standartlarına müvafiq olaraq hazırlanmış mühasibat hesabatının milli standartları üzrə treninqlər keçirilir. Bütün bu proseslər tamamlanan kimi, şirkətimizin beynəlxalq auditini keçirmək planlaşdırılır.

- Beynəlxalq standartlar baxımından Bakı NEZ-lərinin neft məhsullarının keyfiyyəti necə qiymətləndirilir?

- Hazırda ən böyük problemimiz benzinlərimizin tərkibində benzolun olmasıdır. Biz indi Heydər Əliyev adına NEZ-də avtomobil benzinləri üçün yüksək oktanlı komponentlərin istehsalı üzrə 5 texnoloji qurğunun tərkibində "Alkilen/Oksipro" böyük sənaye kompleksinin tikintisi üçün layihə işləri görürük. Qurğular işə salındıqdan sonra Azərbaycan benzini dünya standartlarına cavab verəcək və heç bir problem olmadan dünya bazarına çıxa biləcək.

- ARDNŞ hər hansı ölkədə YDS tikmək və ya tədarük üçün uzunmüddətli müqavilələr bağlamaq hesabına öz neft məhsullarının satış bazarını genişləndirə bilərmi?

- Həqiqətən də, Ukraynada yanacaqdoldurma stansiyalarının tikintisi üzrə planlarımız var, lakin bu cür layihənin həyata keçirilməsi üçün onun gəlirliliyini, xüsusilə də xam neftin bazara çatdırılmasının və onun xaricdə emalının iqtisadi tərkibini, yaxud neft məhsullarının birbaşa çatdırılmasını ətraflı surətdə öyrənmək lazımdır. Bizim xam neftimiz, neft məhsullarımız, emal üzrə mütəxəssislərimiz olduğundan biz bu layihənin gerçəkləşdirilməsi ilə məşğul ola bilərdik və bu məhsulun satışını təşkil etmək iqtidarındayıq. Lakin layihə Ukraynanın Azərbaycan biznesi üçün hansı şəraiti yaradacağından asılı olacaq.

- Ukraynadan söz düşmüşkən, Siz Odessa-Brodı-Plotsk boru kəmərindən istifadə layihəsini necə qiymətləndirirsiniz?

- Bir neçə vaxt əvvəl mən Ukraynanın nümayəndə heyəti ilə görüşdüm. Nümayəndə heyətinə "Ukrtransnafta" və "Ukrnafta"-nın nümayəndələri, eləcə də Avropa Birliyinin qrantı çərçivəsində ukraynalılarla birgə fəaliyyət həyata keçirən polşalı mütəxəssislər daxil idi. Ukrayna nümayəndə heyətinin nümayəndələri Odessa-Brodı neft kəmərinin Polşanın Plotsk şəhərinə qədər uzadılması haqqında məlumat verdi və Dövlət Neft Şirkəti ilə birgə neft emalı ilə məşğul olacaq müəssisələr yaratmaq istədiklərini bildirdilər.

Biz neftimizin Avropa bazarlarına ixracının alternativ marşrutları ilə maraqlanırıq. Bu nöqteyi-nəzərdən Odessa-Brodı-Plotsk boru kəmərinin perspektivləri nəzərdən keçirilə bilər. Avropa İttifaqının dəstəklədiyi bu layihədə Azərbaycan üçün müsbət məqamlar ola bilər.

- Qurudakı yataqların işlənmə perspektivi çərçivəsində indi xarici neft şirkətləri nə dərəcədə fəaldırlar?

- Biz ARDNŞ-in qalan neft yataqlarının sərbəst işlənməsi üzrə qarşımıza məqsəd qoymuşuq və bunun üçün hər cür potensialımız var. Lakin bu, o demək deyil ki, biz daha xarici şirkətlərlə əməkdaşlığı məhdudlaşdırırıq. Onlarla danışıqlar aparılır, təklif edilən layihələrin iqtisadi məqamları öyrənilir.

- Maraqlıdır, Dövlət Neft Şirkəti bu il Neftçi gününü necə qeyd edəcək?

- Bu, bizim hamımız üçün böyük bayramdır. 20 sentyabr 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunun işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb və bu layihə uğurla həyata keçirilir. Sonradan prezident Heydər Əliyev 20 sentyabrı Neftçi günü elan etdi.

Dövlət Neft Şirkətində bayramların hazırlanması üzrə xüsusi işçi qrupu yaradılıb. Qrup artıq 20 sentyabrda Dövlət Neft Şirkətinin qurumlarında keçirilməsi nəzərdə tutulan xüsusi tədbirlər planını hazırlayıb. Bu il Neftçi gününün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı kimi tarixi hadisə ilə üst-üstə düşməsi ilə əlaqədar, bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsi barədə qərar qəbul olunub.

- Sonda ilk baxışdan neft sahəsinə heç bir aidiyyəti olmayan, eyni zamanda bilavasitə Sizinlə bağlı bir sual. Bu yaxınlarda "Neftçi" futbol klubunun yeni məşqçisi təyin olunub. Qurban Qurbanovu biz yaxşı futbolçu kimi tanıyırıq, lakin onun bir məşqçi kimi kifayət qədər təcrübəsi yoxdur. Sizin etdiyiniz risk nə dərəcədə özünü doğruldub və gələn mövsümdə "Neftçi"nin maraqlı oyun göstərəcəyini gözləmək olarmı?

- Bunu zaman və "Neftçi" futbolçularının oyunu göstərəcək...

Xəbər lenti

Xəbər lenti