...

AMİP lideri Etibar Məmmədov: "İranda azərbaycanlılara qarşı assimilyasiya siyasəti aparılır"

Siyasət Materials 10 Avqust 2006 15:18 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov avqustun 10-da Beynəlxalq Mətbuat Mərkəzində Güney Azərbaycan mövzusunda mətbuat konfransı keçirib. Trend in məlumatına görə, E.Məmmədov Güney Azərbaycanda baş verən proseslər, azərbaycanlıların İran rejimi tərəfindən təzyiqlərə məruz qalması barədə danışıb.

E.Məmmədov əvvəlcə Azərbaycanın şimal hissəsinin 1918-ci, sonra isə 1991-ci ildə öz müstəqilliyini qazandığını, lakin böyük bir ərazisini əhatə edən cənub hissənin hələ də İran adlanan ölkənin tərkibində qaldığını xatırladıb. E.Məmmədov qeyd edib ki, hazırda Güney Azərbaycanda baş verən hadisələri tam əminliklə milli azadlıq hərəkatı adlandırmaq olar. Onun sözlərinə görə, güneyli soydaşlarımız təhsil, özünüidarə, təşkilatlanma və digər milli hüquqlarından məhrum olublar, kütləvi tədbirlər və dinc aksiyalarından sonra geniş miqyaslı təqib və təzyiqlərə məruz qalırlar: "İranda azərbaycanlılara qarşı assimilyasiya siyasəti aparılır. Amma yavaş-yavaş Güney Azərbaycan hərəkatının dünya miqyasında tanıdılmasına başlanılıb, ayrı-ayrı beynəlxalq qurumlar güneyli soydaşlarımızın hüquqlarına dair bəyanatlar verməyə başlayırlar. Biz Güney Azərbaycan məsələsinin ATƏT-də müzakirə olunmasına, bu beynəlxalq qurumun toplantısının gündəliyinə salınmasına çalışacağıq". E.Məmmədov Güneyə dəstəklə bağlı bütün təşkilatların,
ictimai, siyasi qüvvələrin birliyinə dair çağırışını bir daha diqqətə çatdırıb.

Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Eldar Qaradağlı, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlı, Güney Azərbaycan hərəkatını müdafiə komitəsinin rəhbəri Cahandar Bayoğlu çıxış edərək güneydəki milli hərəkata dəstək verilməsinin, bu yolda bütün ictimai-siyasi qüvvələrin, dünya azərbaycanlılarının vahid mövqedən çıxış etməsinin və fəaliyyətlərini əlaqələndirməsinin vacibliyindən danışıblar.

Xəbər lenti

Xəbər lenti