Şən və Hazırcavablar Klubunun "Bakılı oğlanlar" komandasının ŞHK-nun 45 və oyunun aparıcısı Aleksandr Maslyakovun 65 illiyinə həsr edilmiş bayram tədbirində iştirakı kifayət qədər geniş işıqlandırılıb. Amma, təəssüflər olsun ki, komanda Moskvada ikən biz onların çıxışı barəsində tam informasiya ala bilmirdik. Elə bir neçə gün öncə onlar yubileydən qayıdıblar və komandanın aparıcı aktyoru Bəhram Bağırzadə "XX əsrin çempionları"nın çıxışı barədə ilk eksklyuziv müsahibəni Trend ə verib.
- Bəhram, səfəriniz necə keçdi?
- Əla. Bütün komanda tam heyətlə noyabrın on üçündə uçdu. Mən ayrıca on dördündə uçdum. Məsələ burasındadır ki, ayın 13-də anamın yubileyi idi və mən təbii ki, yubandım. Moskvada dünyanın dörd - şimal, cənub, şərq, qərb tərəflərini təmsil edən 16 komanda çıxış edirdi. Biz təbii ki, cənubu təmsil edirdik. Niyə "təbii ki"? Məsələn, Ermənistan yığması şimal tərəfdən oynayırdı; onların buna nə aidiyyatı var, deyə bilmərəm... Beləliklə, hər komandaya çıxış üçün beş dəqiqə yarım vaxt verilmişdi. Gecənin bağlanması üçün etimad göstərilmiş "Bakılı oğlanlar"a isə yeddi dəqiqə çıxış etməyə imkan verildi. Bütün komandalar arasında bircə biz veteran idik. Maslyakov bunu xüsusi vurğulayaraq, bizim hələ 1992-ci il çempionları olduğumuzu dedi. Və bu çox xoş idi. Çox güman ki, Donetskdən, Odessadan da komandalar dəvət olunmuşdu. Amma onlar yığışa bilməyiblər, "Bakılı oğlanlar" isə gəldilər.
- Əfsanəvi "Bakılı oğlanlar"ın bütün komanda üzvləri çıxış edirdi?
- Yox, amma oynamayanlar da, məsələn, Tima Vaynşteyn, Samir Abdullayev, Vadim Epşteyn bizə kömək ediblər.
- Ötən il olduğu kimi Moskvaya Azərbaycan estradasından kimisə aparmışdınız?
- Xeyr. Düzdür, Rusiyanın "Slivki" qrupu ilə çıxış etmək ideyası vardı. Çünki bizim nömrə onların mahnısı ilə başlanırdı, amma sonra fikrimizdən daşındıq. Bundan başqa, final mahnısını "Qorxma, mən səninləyəm" kinofilmindən seçmişdik və ssenariyə əsasən onu Polad Bülbüloğlu ifa etməliydi. Amma, təəssüflər olsun ki, o bu ideyadan imtina etdi və biz onu özümüz oxumalı olduq. Biz oxuduğumuz vaxt, bütün komandalar səhnəyə toplaşdı və sonra hamı birgə "ABBA" qrupunun "The winner takes it all" musiqisinə hazırlanmış gecənin final mahnısını ifa etdi.
- Məlumdur ki, yubileydə Rusiya prezidenti Vladimir Vladimiroviç Putin də iştirak edirdi...
- Bəli. Və mənə elə gəldi ki, "Bakılı oğlanlar" səhnəyə çıxanda onun gözləri parladı. Zarafatlarımızdan birində isə onun gülməkdən gözləri yaşardı. Məsələ bundadır ki, o, komanda ilə çoxdan tanışdır. 2001-ci ildə Putin Bakıya rəsmi səfərə gələndə, "Gülüstan"da baş tutan görüşdə prezident Heydər Əliyev ona bütün komandanı təqdim etmişdi. Prezident haqqımızda ətraflı məlumat verdi və Putin hər birimizlə ayrıca salamlaşdı. Bizim sonuncu çıxışımızda ona mənim "Əziz qadınlar, üzümüzə diqqətlə baxın, axı, hər birimiz sizə potensial olaraq, 250 mindən bir neçə milyon rubla qədər fayda verə bilərik" zarafatı xoşuna gəldi (Bu yaxınlarda V. Putin dünyaya uşaq gətirən hər qadına 250 min rubl veriləcəyi ilə bağlı fərman imzalayıb-müəllif).
- Bildiyimizə görə Maslyakovu yubileyi münasibətilə Azərbaycan səfirliyinə dəvət ediblər...
- Bəli, Polad Bülbüloğlu onu yubileyi münasibətilə təbrik edib və prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Bundan sonra biz avqustda Yurmalada keçiriləcək ŞHK festivalına dəvət olunduq.
- Səfirlikdə görüş zamanı "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanov Azərbaycanda yeni komandanın yaradılmasının vaxtı çatdığını deyib. Sizin buna münasibətiniz necədir?
- Mən artıq altı ildir deyirəm ki, "Bakılı oğlanların" üçüncü buraxılışına ehtiyac var. Yaxşı olardı ki, bu komanda Yurmala səfərinə qədər yaradılardı və bizim əvəzimizə onlar çıxış edərdilər. Mənim fikrimcə, respublikanın Təhsil Nazirliyi ŞHK çempionatları təşkil etməlidir.
- Bəlkə, Gənclər və İdman Nazirliyi bu işi həyata keçirsin?
- Yox, məncə, Təhsil Nazirliyi. Nazirlik orta və ali məktəblər arasında çempionatlar təşkil etməlidir. Bizdə çox istedadlı uşaqlar var. Özü də, bu çempionatlar rus dilində keçirilməlidir. Və ən yaxşıları beynəlxalq festivallarda iştirak etməlidirlər. Əlbəttə, çempionatları azərbaycanca da keçirmək olar. Amma belə komandanı Moskvaya aparmaq çətin olacaq. Hər halda futbolu kvadrat yox, girdə topla oynayırlar.
- Siz belə bir komanda yaratmağı öz öhdənizə götürərsiz?
- Yox. Mənim buna nə qüvvəm, nə də pulum çatar. Amma mən məmnuniyyətlə onlara kömək edərdim.
- Bəs bunun üçün sponsor necə tapmaq olar?
- İnanın ki, onlar özləri tapılacaqlar. Komanda bir dəfə "gülləsini atan" kimi, sponsorlar özləri onların qapısını döyəcək. Məsələn, bizdə hər hansı bir reklam çəkmək istəyəndə aktyor tapmaq barədə düşünmürlər, şən və hazırcavabçı seçirlər. Həm də, sonra onlar Bakıda konsertlər verə bilərlər. Düzünü deyim ki, bizim Bakıdakı çıxışlarımız mənə o qədər də ləzzət eləmirdi. Amma Moskvada istiənilən oyun indiyə qədər əsl zövq verir.
- Amma Sizin obrazlar elə yaddaqalan idi ki, indinin özündə də sevilirlər...
- Mən çox mömin adamam. Bəzən tamaşaçı "Bakılı oğlanlar"ın oyununa gəlmək üçün iyirmi-iyirmi beş dollar xərcləyir. Ola bilər ki, o, bu pulları qəpik-qəpik yığır. Bunu nəzərə alaraq, mən xaltura edə bilmirəm, bütünlüklə rola girirəm. Amma mən Azərbaycanın məişət "Alə, alə"sini işlətmək lazım gələn rolları da sevmirəm. Mən klassik nəyəsə üstünlük verirəm. Allaha şükür ki, rejissor Vaqif Mustafayev mənə özümü bütünlüklə ifadə etməyə imkan yaradır. Məsələn, onun filmlərinin birində mən vergi təftişi departamentinin şöbə müdirini oynayırdım. Yəni bu rol mənim artıq formalaşmış səhnə stereotipimə qətiyyən uyğun gəlmirdi.
- Sizə elə gəlmir ki, problem cəmiyyətdə müəyyən mədəni tənəzzül üzündən yaranıb? İnsanlara belə deyək, "dərin" obrazlar lazım deyil...
- Sizinlə razıyam. Bu gün akademik tamaşalar görmək istəyən ziyalı adama konsertə bilet alıb getmək çətindir...
- Gəlin, sizin Moskva çıxışınıza qayıdaq. Ermənilər də yubileydə iştirak edirdilər...
- Bəli, amma bu, "YERMİ" və ya "Novıe Armyane" komandası deyildi. Onlar müxtəlif komandalarda çıxış etmiş və çıxış edən hazırcavablardan ibarət Ermənistan yığması yaratmağa qərar vermişdilər. Bu mənə "Real Madrid" komandasını xatırlatdı: ulduzlar var, oyun yoxdur.
- Komandanın hansısa nömrələri barədə danışa bilərsiniz? Ötən illərdə olduğu kimi parodiyalarınız oldu?
- Yeddi dəqiqə ərzində parodiya etmək çətindir. Maraqlı gedişlər-Moskvada dəbdə olan kimi desək, öz "fişkamız" vardı. Məsələn, biz Aleksandr Maslyakova Qoyanın "Arabada uşaqlar" əsərini bağışladıq və dedik: "Aleksandr Vasilyeviç, işdi şayət yanınıza milisiya gəlsə (onlar isə mütləq gələcəklər) və soruşsa ki, şəkil hardandır, cavab verin ki, yadınızda deyil, axı o qədər hədiyyə vardı". Məsələ bundadı ki, həmin gün o əsəri hansısa Moskva muzeyindən oğurlamışdılar və FTX oğurluqla bağlı məlumat verənə 100 min rubl vəd etmişdi. Biz, daha dəqiq desək, rəssamımız Ceyhun Nəzərli internetdən əsərin təsvirini tapdı, böyütdü və bu da sizə əsər. Yeri gəlmişkən, ertəsi gün biz Rusiya Ordusu Teatrında kommersiya konserti verdik. Biletlər 250-300 dollara satıldı.
- Siz bu dəfə də əfsanəvi kepkanızda çıxış edirdiniz?
- Bəli. Özü də bu il onun əlli yaşı tamam olur. Mən onu Şəkidə olanda atamın dostundan "çırpışdırmışdım". Mənim yaradıcı fəaliyyətimin isə bu il 25 illiyidir. İlk dəfə səhnəyə 1981-ci ildə Azərbaycan televiziyasının tamaşasında çıxmışam.
- Aleksandr Vasilyeviçin "Bakılı oğlanlar"ı xüsusən qeyd etməsini nəzərə alsaq, onun bizim komandaya necə hörmət etdiyini görmək olar...
- Bəli, bu doğurdan da belədir. O, bizə bizim ona münasibətimiz kimi, böyük hörmətlə yanaşır. Maslyakov həmişə "Bakılı oğlanlar"ı xaricdə baş tutan müxtəlif konsertlərə, MDB yığmalarının oyunlarına, Volçek və Qaftanın yubileyinə dəvət edib. Çünki o bilir ki, "Bakılı oğlanlar" elə universal komandadır ki, həm Rusiya Ordusu Teatrında, həm də "Sovremennik" teatrında zarafatlaşa bilər, Moskvada deyildiyi kimi desək, müasir tamaşaçı "qaymağı" üçün akademik nömrələrdə də çıxış edə bilər.