...

Gürcüstanın XİN başçısı: Cənubi Qafqazdakı münaqişələr bölgə ölkələrinin iqtisadi inkişafını sarsıdır

Siyasət Materials 24 Yanvar 2007 14:20 (UTC +04:00)
Gürcüstanın XİN başçısı: Cənubi Qafqazdakı münaqişələr bölgə ölkələrinin iqtisadi inkişafını sarsıdır

Trend in Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə eksklüziv müsahibəsi

- Siz Azərbaycan və Gürcüstan arasında qarşılıqlı münasibətlərin hazırki vəziyyətini necə qiymətləndirirsiniz? Yaxın gələcəkdə ölkələrimizin siyasi və iqtisadi sahələrdə tərəfdaşlıq strategiyasını necə təsəvvür edirsiniz?

- Azərbaycan və Gürcüstan arasında münasibətlər ənənəvi olaraq mehriban qonşuluq və tərəfdaşlıq xarakteri daşıyır. Bu meyl son illər güclənib və münasibətlərimiz sabit strateji tərəfdaşlığa çevrilib. Gürcüstan və Azərbaycanı tarix, ümumi maraq, yerli və qlobal əhəmiyyətli layihələr birləşdirir.

Gürcü xalqı Azərbaycan xalqı ilə mehriban münasibətləri qiymətləndirir. Bu münasibətlərin xüsusi xarakteri Azərbaycanın böhranlı vəziyyətdə Gürcüstana dəstək göstərməsi və Azərbaycan qazının tədarükünün başlanması ilə bağlı bu yaxınlarda verdiyi qərarla təsdiq olunub. Bu isə Gürcüstanın enerji cəhətdən bir tədarükçüdən asılılılığını azaltmağa imkan verdi.

Bizdə uğurlu əməkdaşlıq, iqtisadi və siyasi ikitərəfli əlaqələrin inkişafına dair çoxlu nümunələr var. Buna yüksək səviyyədə olan əlaqələr - bizim dövlət başçılarımızın səfərləri də yardım edir. Fevral ayının əvvəlində Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana səfər edəcək. Səfər zamanı Bakı-Axalkalaki-Qars dəmir yolu xəttinin tikintisi haqqında saziş rəsmi surətdə imzalanacaq. Və bu, ikitərəfli münasibətlərin xalqlarımızın və ümumilikdə bölgənin rifahı naminə gələcək inkişafı və dərinləşdirilməsi üçün əlavə stimul yaradacaq.

- Siz Gürcüstan ərazisində milli azlıqlarla bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Məsələn, Gürcüstan prezidenti Gürcüstanın azərbaycanlı icmasının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması haqqında Fərman verib. Bu məsələnin tədqiqi hansı mərhələdədir?

- İlk növbədə, qeyd etmək istəyirəm ki, Gürcüstan, demokratik dövlət kimi, ərazisində yaşayan milli azlıqlara özlərini ifadə etmələri və inkişafları üçün hər cür imkan yaradıb. Bütün Gürcüstan vətəndaşları, mənşəyindən və dinindən asılı olmayaraq, eyni hüquq və öhdəliklərə malikdirlər.

Gürcüstanda Azərbaycan teatrı, 160-a qədər Azərbaycan məktəbi fəaliyyət göstərir, Azərbaycan dilində qəzet və informasiya proqramları var, 2007-ci ilin mayında Gürcüstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi planlaşdırılıb. Azərbaycan mənşəli Gürcüstan vətəndaşları çiçəklənən gürcü dövlətinin təşəkkülü və inkişafına öz payını verir.

Sosial -iqtisadi xarakterli problemlərə gəlincə, bu problemlər Gürcüstanın bütün bölgələrində var və ölkə hökuməti iqtisadi dirçəlişə, infrastrukturun bərpasına və ölkə bölgələrinin sosial fonunun yaxşılaşdırılmasına xüsusi diqqət ayırır.

- Azərbaycan və Gürcüstan yaradılan transkontinental enerji və nəqilyyat arteriyalarında əsas oyunçulardır. Beynəlxalq siyasətdə bu ciddi sübutlardan daha səmərəli istifadə etmək üçün ölkələr hansı əsas istiqamətlər üzrə səylərini birləşdirməlidirlər? Gürcüstan ərazisində nəqliyyat layihələrinin reallaşdırılması, mövcud olan və tikilən neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması məsələlərinin həlli hansı mərhələdədir?

- Enerji təhlükəsizliyi mövzusu Gürcüstan üçün, heç vaxt olmadığı kimi, aktualdır. Biz tam enerji təhlükəsizliyini təmin etmək və yeni miqyaslı regional layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan-Gürcüstan strateji əməkdaşlığının gələcəkdə dərinləşdirilməsi üzrə səylərimizi fəallaşdırmalıyıq. Bununla əlaqədar, ən mühüm istiqamətlərdən biri nəqliyyat infrastrukturunun müxtəlifləşdirilməsi və onun müasir Avropa standartlarına uyğunlaşdırılmasıdır.

Biz artıq bu sahədə uğurla əməkdaşlıq edirik. Uğurlu birgə əməkdaşlığa ən yaxşı misal kimi, "Bakı-Supsa" və "Bakı-Tbilisi-Ceyhan" kimi möhtəşəm layihələrin reallaşdırılmasını, eləcə də "Bakı-Tbilisi-Ərzurum" layihəsinin reallaşdırılmasını göstərmək olar. Bununla yanaşı, biz artıq növbəti mühüm regional layihə - "Qars-Axalkalaki-Tbilisi-Bakı" dəmir yolu xəttinin reallaşdırılmağa başlamasına dair hökumətlərarası prosedurları, demək olar ki, başa çatdırmışıq. Bu layihə həm Gürcüstan və Azərbaycan, həm də Türkiyə üçün strateji əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, enerji təhlükəsizliyi və enerji daşıyıcılarının çatdırılması yollarının müxtəlifləşdirilməsi mövzusu Avropa ölkələri üçün də son dərəcə böyük əhəmiyyət qazanıb. Avropa Birliyi enerji cəhətdən bir tədarükçüdən asılılığını dayandırmaq üçün fəal səylər göstərməyə başlayır. Bu tədarükçü həm də dəfələrlə avropalılar üçün müəyyən problemlər yaradıb. Beləliklə, bu məsələdə bizim maraqlarımız Avropa Birliyinin maraqları ilə tamamilə üst-üstə düşür.

Gürcüstan və Azərbaycan qitəmizin Qərb və Şərqini bağlayan körpüdür və Avropa üçün enerji daşıyıcılarının tədarük yollarının müxtəlifləşdirilməsi sahəsində artıq istifadə olunmağa başlayan böyük potensiala malikdir.

Əminəm ki, Gürcüstan və Azərbaycanın qlobal enerji və nəqliyyat yollarının yaradılması və müxtəlifləşdirilməsi sahəsində rolu gələcəkdə daha böyük əhəmiyyət kəsb edəcək və bu aspektdə bizim əlaqəli siyasətimiz bizə bu cür layihələri maksimal şəkildə uğurla reallaşdırmağa yardım edəcək.

- Cənubi Qafqazda münaqişəli vəziyyətlərin həlli yolları və perspektivlərini Siz nədə görürsünüz? Sizin fikrinzcə, bölgədə sülhün tezliklə bərqərar olması üçün, ilkin olaraq, hansı tədbirləri görmək daha məqsədəuyğundur?

- Cənubi Qafqaz ərazisində münaqişələr nizamlanmayanadək, bütün Qafqaz və ona yaxın bölgələr üçün sabitlik olmayacaq. Bu münaqişələr bölgə ölkələrinin iqtisadi inkişafını sarsıdır, inteqrasiya proseslərini ləngidir və regional layihələrin reallaşdırılmasına maneə yaradır.

Qoy heç kimdə bölgədə sülhün yarandığı barədə illüziya baş qaldırmasın; hərbi əməliyyatların olmaması heç də sülşün olması demək deyil. Münaqişələr nizamlanmayanadək, hərbi əməliyyatların bərpa olunması təhlükəsi var və bu, son dərəcə mənfi və təhlükəli reallıqdır. Bölgədə və ölkələrimizdə baş verən bütün müsbət irəliləyişlər heçə endirilə bilər.

Əminəm ki, bölgədə sülhün bərqərar olması üçün dərk etmək lazımdır ki, Cənubi Qafqazda yaşayan xalqların inkişaf etmələri və çiçəklənmələri üçün kompromis variantlar və yollar axtarıb tapmaq lazımdır, əks halda bölgə heç vaxt əsl tərəqqi və sabitlik əldə edə bilməyəcək. Hesab edirəm ki, artıq xeyli vaxt itirilib və biz bu həll edilməmiş münaqişələri bizim uşaq və nəvələrimizə miras qoymamalıyıq.

GUAM ölkələrinin təşəbbüsü ilə BMT Baş Assambleyasının keçmiş SSRİ ərazisindəki "dondurulmuş" münaqişələr haqqında məsələnin BMT-nin gündəliyinə daxil edilməsi barədə qərar qəbul etməsini böyük irəliləyiş hesab etmək olar. Çünki bu göstərir ki, beynəlxalq ictimaiyyət dünyanın bu hissəsində nizamlanmamış münaqişələrin olmasından ciddi şəkildə narahatdır və onların həllinə böyük diqqət ayırmaq niyyətindədir.

Postsovet məkanında münaqişələrin nizamlanmasında beynəlxalq qurum və səlahiyyət sahiblərinin daha fəal iştirak etməsi zəruridir. Qərəzsiz mediator cəlb olunması ilə danışıqların formatlarının və dialoqların prinsipial şəkildə yeni formalarını müəyyən etmək lazımdır. Belə ki, ənənəvi mediator hazırda, təəssüf ki, etibar edilmir.

- 2007-ci ildə GUAM çərçivəsində əməkdaşlıq zamanı ilkin olaraq hansı başlıca prioritetlərə diqqət yetirmək lazımdır? Gürcüstanın MDB tərkibində gələcəyini Siz necə görürsünüz?

- Gürcüstan beynəlxalq və regional əməkdaşlığın inkişafına böyük diqqət ayırır və GUAM çərçivəsində əməkdaşlıq 2006-cı ildə keçirilən, "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat -GUAM"-ın yaradıldığı Kiyev sammitindən sonra xüsusi əhəmiyyət əldə edib.

2007-ci ilin birinci yarısında bizim prioritet vəzifəmiz institutlaşdırma prosesinin tamamlanması və təşkilatın potensialının işə salınmasından ibarətdir. Həmçinin işin prioritet istiqamətləri GUAM-a üzv olan ölkələrdə demokratiyanın inkişafına yardım etmək, ticari-iqtisadi münasibətlərin inkişafı, energetika və enerji təhlükəsizliyi sahəsində, hərbi-siyasi və hüquq-mühafizə sahələrində əməkdaşlıq, eləcə də GUAM-a üzv olan dövlətlərin ərazisində münaqişələrin nizamlanması sahəsində əməkdaşlıqdır.

MDB-yə gəlincə, heç kim üçün sirr deyil ki, MDB-nin üzv-ölkələri son zamanlar təşkilatın səmərəli olmamasından böyük narahatçılıq duyduqlarını bildirirlər. Gürcüstan MDB -dən çıxmaq haqqında qərar qəbul etdiyi halda, biz münasibətlərimizdə hüquqi boşluğa yol verməmək üçün öz maraqlarımızı və bizim MDB üzrə tərəfdaşlarımızın maraqlarını diqqətə alacağıq.

- BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar irəli sürüb. Sizin fikrinizcə, bu amil bölgədə vəziyyətin inkişafına və Xəzəryanı ölkələr arasında əməkdaşlığa necə təsir göstərə bilər?

- Əlbəttə, sanksiyalar - həmişə ən son tədbirdir və sanksiyaların tətbiq olunmadığı dünyada yaşamaq yaxşı olardı. Ümid edirik ki, vəziyyət sakitləşəcək. Bu, həm İran, həm bölgə, həm də bütün dünya ictimaiyyəti üçün yaxşı olardı. Heç kim dünyanın daha bir hissəsində vəziyyətin gərginləşməsində maraqlı deyil. Güman edirəm ki, əgər dialoqun olmasını istəsələr, kompromis əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti