...

Rəsmi Bakı ATƏT-in Azərbaycan mətbuatının vəziyyətinə dair hesabatı ilə razılaşmır

Cəmiyyət Materials 24 Sentyabr 2008 13:29 (UTC +04:00)
Rəsmi Bakı ATƏT-in Azərbaycan mətbuatının vəziyyətinə dair hesabatı ilə razılaşmır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir İ.Ədizadə/ Rəsmi Bakı ATƏT-in Azərbaycan mətbuatının vəziyyətinə dair hesabatı ilə razılaşmır.

"Azərbaycanda siyasi plüralizm, söz və mətbuat azadlığı sahəsində kifayət qədər işlər görülüb", çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: ATƏT Azərbaycan mətbuatının prezident seçkiləri öncəsi vəziyyətinə dair hesabatını açıqlayıb. Hesabatda qeyd olunub ki, Azərbaycan mətbuatında siyasi plüralizm və fikir müxtəlifliyi mövcud deyil.

Prezident Aparatının rəsmisi qeyd edib ki, Azərbaycanda mətbuat sahəsində tam siyasi plüralizm bərpa olunub, mətbuat üzərində heç bir senzura yoxdur. KİV-lər sərbəst şəkildə nəşr olunur və yayılırlar.

"Biz bu tip iradları qəbul etmirik. Belə hesabatları ATƏT-in, Avropa Şurasının və yaxud başqa beynəlxalq təşkilatın hazırlamasından asılı olmayaraq, orada qeyd olunan fikirləri qəbul etmirik", - Həsənov əlavə edib.

Onun fikrincə, mətbuatda hansısa problemlər ola bilər. "Ancaq ayrı-ayrı halları götürüb, onları ümumi tendensiya kimi dəyərləndirmək və bütün ölkələrə şamil etmək, çox təəsüflər olsun ki, bəzi maraqlı qüvvələrin nümayiş etdirdiyi fəaliyyətdir", - Həsənov bildirib.

Prezident Aparatının rəsmisi hesabatda qeyd olunan Seçki Monitorinq Mərkəzinin dövlət qeydiyyatının ləğv olunması məsələsinə münasibət bildirib. O deyib ki, Azərbaycanda seçkiləri onlarla təşkilat müşahidə edir və monitorinq aparır.

"Ona görə də Azərbaycan hakimiyyətinin heç bir əsası yoxdur ki, hansısa təşkilatı bağlasın. Seçki Monitorinq Mərkəzi adlı ictimai təşkilatın qeydiyyatı məsələsinə gəlincə, bununla Ədliyyə Nazirliyi məşğul olur", - o deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti