...

Yüksək mənəvi prinsipləri təbliğ edən dini icmalar yeni dəyişikliklərdən qorxmamalıdırlar - azərbaycanlı deputat

Cəmiyyət Materials 23 İyun 2009 13:54 (UTC +04:00)
Yüksək mənəvi prinsipləri təbliğ edən dini icmalar yeni dəyişikliklərdən qorxmamalıdırlar - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 23 iyun  / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Məclisinin (parlament) İnsan hüquqları komitəsinin sədri hesab edir ki, "Dini etiqad azadlığı haqqında" Qanuna edilən əlavə və dəyişikliklər din və dövlət münasibətlərinin daha sivil qaydada tənzimlənməsinə xidmət edir.

"Dəyişikliklər bəzilərinin narahatçılığına səbəb olub. Bəzi dini icmalar dəyişiklikləri insan haqlarının pozulması kimi qiymətləndiriblər. Lakin bu, heç də belə deyil. Əgər hər hansı bir təriqət və ya cərəyan yüksək mənəvi prinsipləri təbliğ edirsə, insan mənəviyyatının saflaşmasına xidmət edirsə, onda o icma heç nədən çəkinməməlidir", - Trend -un məlumatına görə, çərşənbə axşamı İnsan Haqları İnstitutunun təşkil etdiyi "Milli təhlükəsizlik və dini etiqad azadlığı" adlı konfransda Komitə sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib.   

Trend -un arayışı: Azərbaycanın "Dini etiqad azadlığı haqqında" Qanununa əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur.

Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər.

İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Dini qurum tərəfindən Azərbaycan Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" qanun və digər qanunlar pozulanda, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyət həyata keçiriləndə, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və digər dini ekstrimist əməllərə yönəlmiş hərəkətlər ediləndə, insan şəxsiyyətinə, hüquq və azadlıqlarına qəsd etmə və ya qəsd etməyə təhrik etdikdə və digər qanunsuzluqlara yol verildikdə dini qurumların ləğv edilməsi nəzərdə tutulur.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.

2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü, Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.

Aslanovanın sözlərinə görə, bəzi dini icmaların dəyişikliklərdən narahat olması onların fəaliyyətində tamamilə başqa məqamlar olduğunu göstərir. "Onlarda Azərbaycan cəmiyyətində hər hansı bir qarşıdurma yaratmaq, dinlərarası münaqişə yaratmaq və cəmiyyət daxilində münasibətlərdə gərginliyi artırmaq istəkləri olub", - Aslanova deyib.

Deputatın fikrincə, "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliklərin məzmun və mahiyyətinin cəmiyyətə düzgün çatdırılmaması hüquqi maarifləndirilmənin aşağı səviyyədə olması ilə bağlıdır.

Qanunda xaricdə dini təhsil alan şəxslərin dini ayinləri icra etməsinə məhdudiyyətlərin müəyyən edilməsinə gəlincə, Aslanova bildirib ki, bu, milli təhlükəsizlik məsələsi ilə əlaqədardır. "Azərbaycanın dini fəaliyyətlə məşğul olmaq üçün kifayət qədər kadr potensialı var. İslam Universiteti, Bakı Dövlət Universitetinin İlahiyyət fakultəsi, mədrəsələrin yetişdirdiyi kadrlar bu vəzifələri icra edə bilərlər", - o deyib.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti