Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K. Zərbalıyeva/
Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, çərşənbə axşamı keçirilən mərasimdə çıxış edən İnstitutun direktoru Rəşid Hacılı bildirib ki, monitorinqi aparmaqda məqsəd dövlət qurumlarının internet vasitəsilə məlumatları yaymaq vəzifəsini necə icra etməsinin vəziyyətini öyrənmək, problemləri müəyyənləşdirib onların həlli məqsədilə tövsiyələr hazırlamaqdır.
Hacılı qeyd edib ki, hesabatda təqdim olunan nəticələr 48 dövlət qurumunun internet resursunun monitorinqinə əsaslanır.
Monitorinq zamanı Rusiyanın İnformasiya Azadlığının İnkişafı İnstitutunun metodoloji vəsaitlərindən istifadə olunduğunu deyən Hacılı bildirib ki, monitorinqin aparılması üçün MHİ-nin 3 əməkdaşı Sankt-Peterburqda xüsusi təlim keçiblər.
Hacılı qeyd edib ki,dövlət qurumlarından informasiya almaq şəffaflığının təmin olunması korrupsiya ilə mübarizədə mühüm göstəricidr.
Ötən illə müqayisədə builki monitorinq zamanı dövlət qurumlarının internet saytlarının xeyli irəlilədiyini deyən Hacılının sözlərinə görə, Baş Prokurorluğun və Dövlət Miqrasiya Xidmətinin internet saytları ötən illə müqayisədə daha çox fərqlənib.
Onun sözlərinə görə, ötən ilki monitorinq zamanı adıçəkilən hər iki qurumun internet saytları ən gerida qalan saytlar idisə, bu il Baş Prokurorluğun saytı 2-ci, Dövlət Miqrasiya Xidmətinin saytı isə 7-ci olub.
"Ümumilikdə qanunla tələb olunan məlumatların 50 faizdən bir az çoxu dövlət qurumlarının saytlarında yerləşdirilib. Ümid edirik ki, növbəti illərdə saytda yerləşdirilən məlumatların sayı daha artıq olacaq və saytların informasiya açıqlığının faiz göstəricisi də artacaq", - Hacılı deyib.
MHİ-nin əməkdaşı Xalid Ağalıyev monitorinqin aparılma metodologiyası barədə ətraflı məlumat verib və qeyd edib ki, monitorinq zamanı 184 növ informasiyanın dövlət qurumlarının internet saytlarına yerləşdirilib-yerləşdirilməməsi araşdırılıb. Həmin məlumatlar 12 kateqoriya üzrə bölüşdürülüb.
Ağalıyevin sölərinə görə, 12 kateqoriya üzrə bütün informasiyalar yerləşdirilən saytlar Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Vergilər Nazirliyinin saytları olub.
Bütün saytlarda qurum haqqında məlumatların yerləşdirildiyini deyən ekspert Taarif Şurasının saytında bu göstərici üzrə məlumatların daha geniş və ətraflı yer aldığını vurğulayıb.
"Struktur barədə məlumatlar Baş Prokurorluğun internet saytında daha genişdir. Qanunvericilik bazası Baş Prokurorluğun və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytlarında, informasiyaya giriş rahatlığı Dövlət Sosial Müdafiə Fondunun və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytlarında, qurumun büdcəsi ilə bağlı məlumatlar Hesablama Palatasının saytında yerləşdirilib", - Ağalıyev vurğulayıb.
Hesabatda qeyd olunur ki, dövlət qurumlarının 80 faizinin internet saytında informasiyaya çatım rahatlığı təmin olunmayıb, qurumların büdcəsi və onun xərclənməsi barədə məlumatlar yerləşdirilməyib. Yalnız 10 saytda məlumatların çap olunması imkanı var.
Monitorinq zamanı informasiya açıqlığına görə, yalnız 16 dövlət qurumunun saytı fərqlənib.
Onlardan Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Baş Prokurorluq və Vergilər Nazirliyinin saytları xüsusi fərqləniblər.
MHİ tərəfindən aparılan monitorinq zamanı Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının saytı açıqlıq faizi 52,26 olmaqla birinci, Baş Prokurorluq 48,15 faizlə ikinci, Vergilər Nazirliyi 44,57 fazilə üçüncü olublar.
MHİ tərəfindən həmin qurumların nümayəndələrinə xüsusi diplomlar təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərsu"nun və Müdafiə Nazirliyinin indiyədək internet saytlarının yaradılmadığı qeyd olunub.
MHİ hesab edir ki, qanunvericiliyin tələblərini pozduqlarına görə, internet saytları yaradılmayan dövlət qurumları barədə lazımi ölçü götürülməlidir.