...

Dövlət-din münasibətlərinə həsr olunmuş regional konfransın iştirakçıları bəyanat qəbul ediblər

Cəmiyyət Materials 13 Aprel 2013 16:30 (UTC +04:00)
Ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris mərkəzində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans bu gün öz işini yekunlaşdırıb.
Dövlət-din münasibətlərinə həsr olunmuş regional konfransın iştirakçıları bəyanat qəbul ediblər

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris mərkəzində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda iki günlük regional konfrans bu gün öz işini yekunlaşdırıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün ərzində davam edən tədbir çərçivəsində bir sıra maraqlı məruzələr dinlənilib. "Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik" mövzusunda olan 1-ci plenar iclasda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov "Azərbaycanda ənənəvi İslam və xarici təsirlər" mövzusunda çıxışı zamanı Azərbaycan xalqının İslam mədəniyyətinə töhfələrindən geniş söz açıb. Mərkəzin rəhbəri təəssüflə bildirib ki, Sovet imperiyasının 70 illik hakimiyyəti müddətində ənənələrin qırılması müşahidə olunub. Nəticədə xaricdə formalaşan cərəyanlar bura Azərbaycan ənənələrinə zidd ənənələri gətirməyə çalışıblar. "Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir", - Əsgərov fikirlərini tamamlayıb.

Daha sonra Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım "Azərbayanda ənənəvi dindarlıq", Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Fuad Quliyev "Şirvan bölgəsində ənənvi dindarlığın perspektivləri", Elnurə Əzizova "İslamda ailə modeli və müasir cəmiyyət" mövzularında çıxış ediblər. Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun "Dini radikalizmin və ekstremizmin qarşısının alınmasında dini icmaların rolu" mövzusundakı çıxışı maraqla qarşılanıb.

Tədbirin ikinci günü "Dini icmalar: problemlər, reallıqlar və gözləntilər" mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini icmaların fəaliyyətində meydana gələn problemlərdən, icma üzvlərinin üzərlərinə düşən vəzifələrdən geniş söz açıb. Qeyd olunub ki, bir çox hallarda icmaların üzləşdikləri problemlər bilavasitə onların hətta nizamnamələri ilə dolğun şəkildə tanış olmamaqlarından irəli gəlir.

"Nümunəvi dini icma modeli" mövzusunda çıxış edən Kürdəmir şəhəri, "İmam Rza" məscidi dini icmasının sədri Füzuli Cəfərov və "Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə" mövzusuna nəzər salan Ağdaş şəhəri "Üç qovaq" məscidi dini icmasının sədri Şahin Rəhimli icmaların fəaliyyətinin təkmilləşmə metodlarına dair fikirləri ilə bölüşüb, gənclərin tərbiyəsində üzərilərinə düşən vəziflərdən danışıblar.

Daha sonra iştirakçılar Dövlət Komitəsinin mətbuat katibi Orxan Əliyevin "Dini icmalar və yeni media" mövzusunda məruzəsini dinləyiblər. Məruzədə dini icmaların nümayəndələrinə yeni media və sosial şəbəkələr haqqında məlumat verilib.

"İslamda orta yol" adlı plenar iclasda "Elm yurdu" İctimai Birliyinin sədri Elşad Mahmudovun "Mötədillik: əsasları və prinsipləri", Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Rafiz Manafovun "Vəhdət naminə məzhəblərarası dialoq" mövzusunda məruzələri dinlənilib.

"Vətənpərvəlik və milli-mənəvi dəyərlərimiz" plenar iclası çərçivəsində konfrans iştirakçıları Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun "Milli dövlətçiliyimizin möhkəmləndirilməsində ənənəvi dindarlığın və milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda məruzəsini dinləyib və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilən sənədli filmlə tanış olublar.

Tədbirin bağlanışında çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov iki gün ərzində keçirilən regional konfransın əhəmiyyətini vurğulayaraq qeyd edin ki, bu cür tədbirlərin keçirilməsi dövlət-din münasibətlərinin daha da yaxınlaşmasına xidmət edir. Dövlət Komitəsinin sədr müavini əsrlərin süzgəcindən keçib gəlmiş dinimizin, ölkəmizdə bərqərar olan ənənəvi İslamın yaşadılması üçün din xadimlərinin üzərinə düşən vəzifələri xatırladıb.

Konfransın sonunda iştirakçılar bəyanat qəbul ediblər. Sənəddə ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərin tənzimlənməsi konsepsiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi xüsusi qeyd edilib. Bildirilib ki, konfrans iştirakçıları milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğını, bu sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir və dəstəkləyir.

"Bu baxımdan Cənubi Qafqazın ilk məscidi, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş Şamaxı "Cümə" məscidinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən bərpa edilərək yenidən qurulmasını xüsusi qeyd edirik. Bu məscidin bərpası Azərbaycan xalqı, o cümlədən bütün dindarlar üçün təkcə ibadət evinin yenidən qurulması deyil, həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasıdır. Biz dindarlar din sahəsinə göstərilən qayğı ilə yanaşı, Azərbaycanın iqtisadi gücünün artırılmasına, bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsinə və sosial problemlərin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə də dövlət başçısına təşəkkürümüzü bildiririk. Bölgə dindarları ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, son dövrlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər müvafiq qurumlarla birgə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. Belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini icmalar üçün təlim kurslarını təşkil etməsi təşəbbüsünü dəstəkləyir və bunun ciddi nəticələr verəcəyinə əmin olduğumuzu bildiririk", - bəyanatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti