Azərbaycan, Bakı, 1 may /Trend, müxbir H. Vəliyev/
Türkiyənin "TRT" teleradio kanalının yayımı Azərbaycan peyki Azerspace/Africasat-1a-nın platformasından həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, bununla əlaqədar olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasovla TRT-nin baş direktoru İbrahim Şahin arasında görüş baş tutub.
Şahinin sözlərinə görə, ilkin mərhələdə quruma məxsus 3-4 telekanalın yayımının təşkilinin "Azerspace-1" üzərinə keçirilməsi planlaşdırılıb. Hazırda teleradio şirkətinə 15 ədəd teleradio kanal məxsusdur.
Görüşdə, həmçinin genişzolaqlı internet xidmətlərinin yaratdığı geniş imkanlar, ciddi rəqabət mühitində radio-televiziya və internet televiziyaya maraq, eyni zamanda radio-TV yayım üzrə peşəkar kadr hazırlığı, bu sahədə təcrübə mübadiləsi, internet üzərindən aparılan təhsil və yeni fürsətlər ətrafında da müzakirələr aparılıb.