...

Əflatun Amaşov: Azərbaycanda diffamasiya haqqında qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir

Cəmiyyət Materials 11 İyul 2013 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.Mehdiyev/

Ümumən Azərbaycanda diffamasiya haqqında qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı deyib.

Amaşovun sözlərinə görə, son illər Azərbaycan cəmiyyətində ən çox söhbət açılan mövzulardan biri də diffamasiyadır: "Diffamasiyanın dekriminallaşdırılması ilə bağlı ardıcıl müzakirələr gedir. Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də var. Mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərdən uzlaşdırılmasına ehtiyac duyulur".

Ə.Amaşov qeyd edib ki, Azərbaycan Mətbuat Şurası 2010-cu ili "Diffamasiya ili" elan edib. Həmin ildə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı təşəbbüslərin sürətləndirilməsi və paralel olaraq "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın təkmilləşdiril¬mə¬si ilə bağlı birgə fəaliyyətə dair razılıq əldə olunub.

Şura sədrinin sözlərinə görə, jurnalistin şəxsi həyatla ictimai həyatı bir-birindən ayırması vacibdir: "Hər bir şəxsin təqsirsizlik prezumpsiyasına hörmət, uşaqlar və yeniyetmələrlə bağlı materiallara, şərəf və ləyaqətin qorunmasına diqqətli yanaşılması - əslində bütün bunlar peşəkar jurnalistlərin hər birinə yaxşı məlum olan incəliklərdir. Ancaq düşünürük ki, onların Mətbuat Şurasının fəaliyyət sənədində -Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında əksini tapması prinsipial baxımdan vacibdir".

Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutubsa, bu yolda başlıca dəyər olan söz və ifadə azadlığı üçün hətta nəzəri maneə belə olmamalıdır: "Bu cəhətdən diffamasiyanın cinayət müstəvisindən mülki müstəviyə keçirilməsi jurnalistikamız üçün prinsipial əhəmiyyət daşımaqdadır. Yəni, diffamasiya bizim üçün gedilməsi vacib yoldur. Hazırkı dövrdə praktiki olaraq heç bir jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilmir. Ancaq biz yazdığımız yazıya görə azadlıqdan məhrum edilə bilmə ehtimalının nəzəri aspektlərindən də uzaqlaşmalıyıq. Ümid edirəm ki, məsələ tezliklə müsbət həllini tapacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti