...

Bilik və təcrübənin vəhdəti günümüzün əsas tələblərindəndir (FOTO)

Cəmiyyət Materials 9 İyul 2014 16:52 (UTC +04:00)
YAP Gənclər Birliyinin "Yay məktəbi" bu məqsədə öz töhfələrini verir
Bilik və təcrübənin vəhdəti günümüzün əsas tələblərindəndir (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsi davam edir. İyulun 6-dan 11-dək davam edəcək məktəb çərçivəsində hər birində 100-ə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında olacaq, keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail olacaqlar. Avqustun birinci ongünlüyünə qədər davam edəcək "Yay məktəbi"ndə ümumilikdə 1000-ə yaxın gənc iştirak edəcək.

İyulun 9-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsi çərçivəsində "PR (İctimai əlaqələr)" mövzusunda təlim keçirildi.
Qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə PR-ın sosial mediadakı rolundan danışaraq, onun biznes təkilatlarının, müxtəlif təşkilatların, qeyri-hökümət təşkilatları və siyasi partiyaların cəmiyyətdəki mövqeyinin əks olunmasındakı əhəmiyyətini qeyd etdi. Bildirildi ki, bu baxımdan media landşaftında baş verən qlobal dəyişikliklər Azərbaycandan da yan keçmir. Cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşü, baxışları, düşüncələri də dəyişir. İnternet istifadəçilərinin sayı günbəgün artır. Artıq həyatımızda "Sosial media" vardır.

"Sosial media" anlayışının mahiyyəti açıqlanaraq, qeyd olundu ki, bu, insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.

V.Rəhimzadə xüsusi olaraq vurğuladı ki, ölkədə sosial medianın inkişafı ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasətinin uğuruna hesablanıb və Azərbaycanda söz azadlığının aparıcı istiqamətinə çevrilib. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi ölkəmizdə azad mətbuatın inkişafına xidmət edən addımlardan da geniş bəhs edən V.Rəhimzadə vurğuladı ki, ulu öndər Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. Ulu öndər Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qəbul etmişdir. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin azad mətbuatın inkişafında xidmət edən addımları da davamlılığı ilə diqqət çəkir. Məhz bu diqqət və qayğının ümumiləşdirilmiş ifadəsi möhtərəm Prezidentimiz İlham Əliyevin iki dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsidir. İqtisadi imkanlar artdıcca, digər istiqamətlər kimi, azad mətbuatın inkişafına da yönələn tədbirlərin miqyası genişlənir.

Bildirildi ki, müasir dövrün inkformasiya-kommunikasiya texnoligayaları əsri olduğunu nəzərə alsaq, ictimai əlaqələrin qurulmasında və möhkəmlənməsində əhmiyyətli rola malik olan bütün vasitələrdən istifadə etmək mütləqdir. Müasirləşmək, yeniləşmək dövlət siyasətimizin ana xəttini təşkil edir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hər bir sahədə öncüllər sırasında dayanmasını şərtləndirir. İctimai əlaqələrin qurulması və genişləndirilməsi fonunda bu və ya digər məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması, ümumi mövqenin ortaya qoyulması ilə əhəmiyyətli uğurlara imza atılması mümkündür.

O da qeyd edildi ki, internet vasitəsi ilə informasiyanı dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılıb. Sosial şəbəkələr fiziki dünyamızın virtual formasıdır. Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar yaradıldı. Dünyanın hər hansı bir yerində olan bir yeniliyi daha tez çatdıran platformalar mikro bloqlardır. Bu platformalardan informasiyanı bir neçə cümlə ilə telefondan belə yayımlamaq mümkündür.

V.Rəhimzadə yenilikçi gəncləri müasir texnologiyalardan səmərəli istifadə etməyə çağırdı.

Sonra təlimin moderatoru, YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru Leyla Kərimova mövzu tərafında fikirlərini açıqladı. PR-ın texnologiyaları, əlaqələrin strateji əhəmiyyəti, imic və nüfuzun müqayisəli təhlili, böhranlı kommunikasiyaların idarə edilməsi, ölkədə ictimai əlaqələrin qurulmasının xüsusiyyətlərindən danışan L.Kərimova bildirdi ki, PR şirkət və qurumların nüfuzunun idarə edilməsinin başlıca alətidir. Bu gün PR kommunikasiyaları şirkət və qurumların formalaşması və nüfuzunun qorunmasına təsir edir. Nüfuzun idarə edilməsi isə təşkilatın real nailiyyətlərinə əsaslanan və onun perspektiv inkişafına yönəldilən nüfuzunun formalaşması, müdafiəsi və qorunması üzrə tədbirlər kompleksidir. Nüfuz yalnız şirkət haqqında müxtəlif informasiya auditoriyaları tərəfindən əldə edilmiş, bazar iqtisadiyyatının baza kateqoriyasına çevrilmiş, bir çox amillərdən asılı olan və bir sıra parametrlərinə görə qiymətləndirilən kommunikasiya prosesində formalaşır. Bu keyfiyyət onun əlavə səhmdar dəyəri yaratmaq qabiliyyətinə əsaslanır. Məhz buna görə hazırda PR-da bu istiqamət fəal inkişaf edir və Azərbaycanda ictimaiyyətlə əlaqələrin inkişafına təkan verir.

Eyni zamanda PR-ın mahiyyətini izah edən L.Kərimova bildirdi ki, onun əsası 1948-ci ildə Böyük Britaniyada qoyulub, ümumilikdə isə 472 tərifi var. PR ictimaiyyətlə birbaşa əlaqə yaratmaqla və mediadan istifadə etməklə onların fikirlərini formalaşdırmaq, dəstəyini qazanmaq üçün həyata keçirilən üsul və metodların məcmusudur.

L.Kərimova qeyd etdi ki, ictimai əlaqələr termininin müəllifi Amerika Birləşmiş Ştatlarının 3-cü Prezidenti Tomas Cefersondur. PR-ın müstəqil fəaliyyət sahəsi kimi formalaşması isə Edvard Bernaysın adı ilə bağlıdır. Hazırda isə onun ağ, qara və sarı və digər növləri var. Praktikada PR reklam və təbliğatla qarışıq salınsa da, PR-ın məqsəd və forması daha fərqlidir. Reklama gəlincə isə PR daha uzun müddəti hədəfləsə də, reklam ancaq məhdud zamanda qüvvədə olur. PR əsas ideyanı birbaşa yeritmir, elə obraz yaradır ki, məlumatı alan şəxs özü nəticəyə gələ bilsin. O, özündə ictimai rəy və davranışa nəzarət, ictimai rəyə reaksiya, qarşılıqlı səmərə funksiyalarını özündə birləşdirir. PR eyni zamanda fasiləsiz və daima fəaliyyətdə olmalıdır.

Çay fasiləsindən sonra gənclərdən Elvin Dadaşov, Əminə Kazımlı və başqaları PR-la bağlı fikirlərini və dünya praktikasından uğurlu PR nümunələrini diqqətə çatdırdılar.

Daha sonra mövzu ilə bağlı komandalara tapşırıqlar verildi.

Yekunda Fərid Dünyamalıyevin təqdim etdiyi təhsil ilə bağlı ideya 1-ci, Elvin Dadaşovun təqdim etdiyi turizm mövzusundakı ideya 2-ci, Xətai Abdullatevin ekologiya ilə bağlı ideyası isə 3-cü yerə layiq görüldü.

Günün ikinci yarısı isə YAP Gənclər Birliyinin və regionun gənclərdən ibarət futbol komandaları arasındakı qarşılaşma ilə yadda qaldı. Gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyununda tərəflər sülhlə ayrıldılar - 2:2.

Daha sonra isə gənclər arasında intellektual yarış keçirildi. Günə praktik oyunlarla yekun vuruldu.

Artıq "Yay məktəbi"nin dördüncü günü arxada qalır. Layihənin məqsədi hər günün gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynamaqdır. Diskussiya şəklində davam edən təlimlər və debatlar gənclərə öz potensial imkanlarını ortaya qoymaları üçün şərait yaradır. Bu reallıq arxada qalan hər gündə özünü təsdiqləyir ki, gənclərin fəallığının artırılması mütləqdir və bu istiqamətdə səylər göstərilir. 2007-ci ildən start verilən "Yay məktəbi"nin 8-ci ilindəki gəncləri layihənin ilk dövründəki gənclərlə müqayisə etdikdə böyük irəliləyişin şahidi oluruq. Dövlət başçısı İlham Əliyev gənclərin böyük potensiala malik olduğunu önə çəkərək bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.

İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Bu inam da ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti