...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 4 Mart 2016 13:21 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Sabitlik, məsələlərə yaradıcı yanaşma, demokratik inkişaf, söz azadlığının qorunması, dini tolerantlılıq, yəni dözümlülük, etnik ayrı-seçkiliyə yol verilməməsi, insan haqlarının qorunması istənilən demokratik inkişaf edən dövlətin ayaq üstündə durmasının qarantıdır. Azərbaycan da belə dövlətlər sırasında istisna deyildir.

Təbiidir ölkədə xaos yaratmaq, "bulanıq suda balıq ovlamaq" arzusunda olanlar həm xaricdən, həm də daxildən onlara dəstək verən qüvvələr də tapılacaq. Xarici qüvvələrin marağını başa düşmək olar ki, onlar Azərbaycanı yanlarında görməklə yanaşı, həm də zəif görmək istəyirlər. Bundan sonra isə ictimai rəy dövriyyə buraxılır ki, Azərbaycan biz olmasaydıq, dağılıb gedərdi. Amma, aparılan düzgün siyasət yaxın keçmişimizdə baş verən xaosun, qarışıqlığın, vətəndaş münaqişəsinin təkrar olumasına nəinki imkan vermir, hətta deyərdim ki, bu sahədə, bu istiqamətin güclənməsində daha da möhkəm və düzgün addımlar atılır, qərarlar qəbul edilərək, onların həyata keçirilməsinə çalışırlar.

Fikrimizi təsdiq edirmiş kimi müəllif yazır ki, ictimai-siyasi, sosial-etnik təhlükəsizlik milli insan ehtiyatlarının idarə edilməsi siyasəti cəmiyyət həyatının sosial-mənəvi və milli-etnik sahələrini də əhatə edərək, ilk növbədə xarici aləmdən qaynaqlanan məqsədyönlü təhdid və təxribatlara, ölkədaxili ictimai-siyasi sabitliyi pozmaq, dövlətin konstitusion quruluşunu sarsıtmaq, cəmiyyəti xaos və qarşıdurmalara sürükləmək cəhdlərinə qarşı kompleks milli tədbirlər sistemidir.

Söz yox ki, bütün bunlar sözdə deyil, öz əksini proqramda, daha dəqiq desək, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında (MTK) tapıb. Sənəddə ölkə daxilində qanunun aliliyinin təmin olunması, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi dövlətin əsas daxili idarəçilik funksiyaları kimi təqdim edilir, bu funksiyaları pozmaq cəhdi separatçılıq, yəni bölücülük, parçalanmaq, etnik, siyasi və dini ekstremizim kimi hallar milli təhlükəsizliyin mümkün təhdidləri hesab olunur və öz məzmununa görə ictimai-siyasi təhlükəsizliyə təhlükə kimi dəyərləndirilir.

Əli Həsənov yazır: "Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan Respublikasının ictimai-siyasi təhlükəsizliyinin təhdidləri sırasına ölkənin Konstitusiya quruluşunun sarsıdılması, ictimai-siyasi sabitliyin pozulması, sosial-siyasi qarşıdurmanın qızışdırılması, cəmiyyətdə xaos və münaqişələrin yaradılması, vətəndaşların siyasi hüquq və azadlıqlardan məhrum edilməsi, Konstitusiyanın tələbləri ilə real siyasət arasında uyğunsuzluq, müxtəlif siyasi qüvvələrin toqquşması, qanunun aliliyinin pozulması, vətəndaş cəmiyyətinin dövlət hakimiyyəti institutları üzərində zəif nəzarəti, etnik separatizm və millətçilik, etnik münasibətlərin kəskinləşməsi və s. kimi məsələlər göstərilir". (s. 946)

Göründüyü kimi müəllifin sadaladığı bütün bu müddəaları Azərbaycan vətəndaşları müstəqilliyin ilk illərində yaşayıb, görüb və bunun ağrısını, acısını öz üzərində hiss ediblər. Mübaliğə etmədən demək olar ki, bütün yazılanlar milli təhlükəsizliyimizə təhdid hesab və buna Ermənistan Azərbaycan münaqişəsini də əlavə etmək olar, çünki Dağlıq Qarabağda boşaldılan, yaxud döyüş yolu ilə erməni və ruslar tərəfindən alınan hər hansı kənd və rayondan sonra Bakıda ictimai-siyasi sabitlik pozulur, mitinqlər və iğtişaşlar siyasi hakimiyyətin dəyişməsinə səbəb olur, qruplar, siyasi partiyalar, bəzi hərbi birləşmələr (burada 1993-cü ildə Gəncədə qiyam qaldırmış və nəticədə Bakıya qədər irəliləyə bilmiş Surət Hüseynovun adını çəkmək yerinə yerinə düşərdi) ölkə qanunları ilə deyil, özlərinin bildiyi kimi hərəkətlər edərək çox vacib olan sabitliyi daha da ağırlaşdırırdılar. Bax, bütün bunların qarşısını almaq və düzgün siyasət yürüdülməsi üçün Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanun qəbul edildi.

Eyni zamanda milli təhlükəsizlik siyasətinin əsas vəzifələrindən biri də Azərbaycanın, onun vətəndaşlarının sosial təhlükəsizliklə təmin olunmasıdır. Sosial təhlükəsizlik özündə şəxsiyyət, ailə və cəmiyyətin həyati əhəmiyyətli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasını ehtiva edir.

Etnik siyasətin düzgün aparılması və etnik mənsubiyyətinə görə heç kimə fərq qoyulmadan (baxmayaraq etnik münaqişələr həmişə ya cənub, ya da şimal qonşularımız tərəfindən qızışdırıldı və Azərbaycan dövləti etnik separatizmin qarşısını qətiyyətlə alırdı və bu gələcəkdə də belə olacaq" fikrinə zərrə qədər şübhə etmirəm) Azərbaycan Konstitusiyasına əməl etməklə "hər kəs bacarığına görə cəmiyyətdə və dövlət strukturunda yer tutmaq" prinsipi demək olar ki, etnik separatizmə son qoyuldu.

Dini sahədə tolerantlılıq və dözümlülük hər bir Azərbaycan vətəndaşına imkan verir ki, vicdanın səsinə qulaq asmaqla istədiyi dünyəvi dini qəbul etsin, bəlkə də Azərbaycan müsəlman aləmində yeganə ölkədir ki, sünni və şiələrlə bir məsciddə namaz qılırlar, müsəlman, yəhudi və xristianlar bir-birlərinin bayramlarını təbrik edirlər.

Azərbaycan dövlətinin sərvəti neft və qazdan qiymətli onun vətəndaşları olan insan ehtiyatlarının təhlükəsizliyidir və dövlət bu sahədə durmadan işlər (təhsil, elm, mədəniyyət inkişafı və s.) görür.

Əli Həsənov bu paraqrafa yekun vuraraq yazır: " Azərbaycan dövlətinin ictimai-siyasi və sosial-etnik sahədəki siyasətinin təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, ölkənin daxili həyatında bərqərar olmuş ictimai-siyasi sabitlik və vətəndaş birliyi, siyasi sistemin çevikliyi və demokratik xarakter daşıması, sosial inkişaf sahəsində həyata keçirilən məqsədyönlü siyasət və s. keçən illərdə ölkə əhalisinin əmin-amanlıq şəraitində yaşamasına və günü-gündən rifah halının yaxşılaşmasına xidmət göstərmişdir..." (s. 954)
Davamlı olsun!

Milli Təhlükəsizlik siyasətinin əsas altıncı istiqaməti Azərbaycanın ərzaq təhlükəsizliyi siyasətidir.

Ərzaq təhlükəsizliyi də Milli Təhlükəsizlik siyasətində ən vacib istiqamətlərdən biri sayılmaqla yanaşı, eyni zamanda bu istiqamət həmçinin millətin sağlamlığını, dövlətin varlığını, milli insan ehtiyatlarının təhlükəsizliyini özündə ehtiav edir.

Odur ki, dövlətin ərzaq təhlükəsizliyi siyasətinin əsas ali məqsədi, ilk növbədə əhalini keyfiyyətli, GMO-suz (Genetik Modifikasiya olunmuş) məhsullarla etməkdən, eyni zamanda xarici bazarlardan aslılığı azaltmaqdan, imkanı olarsa bütün ərzaq məhsullarını özü istehsal etməkdən, etibarlı və davamlı daxili və xarici ərzaq təminatı mexanizmlərini yaradıb onları effektli şəkildə həyata keçirməkdən, qəbul edilmiş beynəlxalq normalara uyğun olaraq, hər bir vətəndaşın lazımi və zəruri ərzaq məhsulları ilə təchiz edilməsindən ibarətdir.

Beynəlxalq normlar dedikdə, dövlətimizin də imzaladığı ("ümumdünya insan hüquqları bəyannamə", "İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt", "Uşaq hüquqları haqqında beynəlxalq Konvensiya" və s.) sənədlərdə göstərilir ki, insanların lazımi səviyyədə qidalanma hüquqularının təmin olunması məcburi beynəlxalq kimi hər bir ölkənin qarşısında dayanır.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti