...

Sosioloq: Koronavirus onlayn işləyənlərin sayını artıracaq

Cəmiyyət Materials 19 Mart 2020 20:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusla bağlı dünya ölkələrində yaranmış vəziyyət sosial münasibətlərin yeni formada təzahür etməsinə, onlayn fəaliyyət göstərən müəssisələrin və işçilərin sayının artmasına səbəb olacaq.

Bunu Trend-ə Üsküdar Universitetinin sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı deyib.

Onun sözlərinə görə, qlobal təhlükəyə çevrilən koronavirus epidemiyası istehlakdan istehsala, beynəlxalq münasibətlərdən təhsilə, nəqliyyatdan əyləncəyə, dini ibadətdən idman tədbirlərinə qədər ictimai həyatın istənilən sahəsinə nüfuz etməklə insanların mövcud vərdişlərinə də təsir göstərir:

"Bu gün artıq beynəlxalq zirvə görüşləri, konqreslər, böyük idman yarışları, təhsil, mədəniyyət və turizm fəaliyyətləri, festivallar, yarmarkalar təxirə salınır və yaxud onların bəzilərinin onlayn rejimdə keçirilməsinə üstünlük verilir".

Ə.Süleymanlı qeyd edib ki, bu epidemiya insanları alışmadıqları, bir növ məcburi sosial təcrid mühitinə salır:

"Dünyamız sanki haker hücumuna məruz qalıb. Bu vəziyyət hətta müvəqqəti olsa da, fərdi və sosial risk fenomeninin artacağını proqnozlaşdırmaq olar. Çünki insanlar xəstə olmadıqları halda belə xəstəliklə bağlı riskləri daha çox hiss edəcəklər. Eyni zamanda, başqa insanlardan xəstəliyə yoluxma təhlükəsinin mövcud olması insanların, hətta yaxınlarına qarşı sosial təcrid olunma və inamsızlıq hissinin artması ehtimalını gücləndirir".

Mütəxəssisin fikrincə, bu proseslərin nəticəsində həyatın bütün sahələrində sosial əlaqələrin yeni formada təzahürü müşahidə olunacaq. Bu baxımdan yaxın gələcəkdə sosial həyatı tərif etmək üçün “koronavirusdan qabaq” və “koronovirusdan sonra” kimi anlayışların dilimizə daxil olması mümkündür:

"Artıq dünyada koronavirus təhlükəsinə görə bir çox dövlət qurumları, təhsil müəssisələri, şirkətlər onlayn sistemə keçərək veb konfrans, mesajlaşma və ya e-poçt kimi iş texnologiyalarından istifadə etməklə fəaliyyətlərini virtuallaşdırıb. Yaxın zamanda bu prosesin daha da sürətlənəcəyinin şahidi olacağıq”.

Ə.Süleymanlı qeyd edib ki, işlərin virtuallaşması insanlarda sosial təcrid hissini gücləndirir və bu da dünyada dolayı yolla "təklik" hissi ilə yaşayan insanların artma ehtimalını çoxaldır:

"Bu sahədə aparılan tədqiqatlar da göstərir ki, virtual iş bu formada işləyən insanlarda özünü tənha hiss etmək, cəmiyyətdən təcrid olma və “dörd divar arasında qalmaq” kimi halların yaşanmasına səbəb olur".

Sosioloq hesab edir ki, virus təhlükəsinin qlobal miqyasda dünyanı təhdid etməsi əslində bir çox aktual problemlərin həlli üçün əlverişli imkan yaradır:

"Xüsusilə dünyadakı mövcud müharibələri və qarşıdurmaları dayandırmaq, mübahisələri həll edə biləcək təsirli beynəlxalq fəaliyyət mexanizmini yaratmaq, hökumətlərin qlobal səviyyədə problemə səbəb olan ətraf mühitin çirklənməsinə qarşı məcburi qaydaları tətbiq etmək və inkişaf etməmiş ölkələrin dayanıqlı inkişaf xəttini tutması üçün yaxşı bir fürsət imkanı yaradıb. Unutmayıq ki, Yer kürəsi hələ insanların tək ortaq evidir. Onu həm indiki, həm də gələcək nəsillər üçün yaşanılması mümkün vəziyyətdə saxlamaq məsuliyyəti hər birimizə aiddir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti