...

Heydər Əliyev Mərkəzində Trend və TASS informasiya agentliklərinin birgə media layihəsinin təqdimatı keçirilib

Cəmiyyət Materials 17 İyul 2021 11:25 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində Trend və TASS informasiya agentliklərinin birgə media layihəsinin təqdimatı keçirilib

İyulun 17-sində Heydər Əliyev Mərkəzində Trend və TASS informasiya agentlikləri arasında "Еastweststream.com" (https://eastweststream.com/) birgə layihəsinin təqdimatı keçirilib.

"Еastweststream.com" platforması şərq və qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılamağı hədəfləyir. EastWestStream həmçinin geo-siyasi prosesləri əhatə edəcək, eləcə də enerji ehtiyatları ilə zəngin regionların potensialı, maliyyə durumu, siyasi proseslər barədə etibarlı xəbər mənbəyi kimi cıxış edəcək. Bununla da yeni platforma zəngin məlumat bazası yaradaraq şərqdən qərbə yeni sistemli informasiya axınını təmin etmiş olacaq.

EastWestStream - texnoloji baxımdan unikal rəqəmsal media platformadır. Layihə çərçivəsində Şərq və Qərbin aparıcı media strukturlarının birləşdirilməsi mümkün olacaq.

Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, TASS-ın baş direktorunun birinci müavini Mixail Kalmıkov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Rusiyanın Azərbaycandakı səfiri,Mixail Boçarnikov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər birliyinin sədri Elçin Şıxlı, REAL təhlil və informasiya mərkəzinin rəhbəri, Mir Şahin Ağayev, CBC telekanalı direktoru Vüqar Xəlilov, Millət vəkili Nizami Səfərov çıxış ediblər.

Tədbirdə Azərbaycandakı diplomatik korpus nümayəndəlikləri, qəzet, onlayn media və televiziya rəhbərləri, jurnalistlər iştirak ediblər. Təşkilatçılar tərəfindən qonaqlara layihə haqqında geniş məlumat verilib.

Qeyd edək ki, daha əvvəl TASS-ın Moskvadakı qərargahında iki media orqanının baş direktorları arasında görüş keçirilmişdir. Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və TASS-ın baş direktoru Sergey Mixaylov əməkdaşlığı genişləndirmək barədə razılığa gəlmişdilər.

TASS Rusiyanın 116 illik tarixə sahib olan ən qədim dövlət informasiya agentliyidir. Agentlik bütün Rusiyada və dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərir, ən vacib və maraqlı hadisələrin tam və hərtərəfli işıqlandırılmasını təmin edir.

Trend Beynəlxalq İnformasiya Agentliyi 1995-ci ildə Azərbaycanda təsis edilən müstəqil informasiya agentliyidir. Xəzər bölgəsi, Cənubi Qafqaz və Orta Asiyadan olan xəbərləri oxuculara təqdim edir. Agentlik bu bölgələrin əsas siyasi, iqtisadi, enerji və maliyyə məsələlərinə dair analitik hesabatlar və məqalələr hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti