...

Bütün sahələrdə uğura imza atan qadınlarımızın sayı ilbəil artır - Könül Nurullayeva

Cəmiyyət Materials 7 Mart 2023 13:47 (UTC +04:00)
Bütün sahələrdə uğura imza atan qadınlarımızın sayı ilbəil artır - Könül Nurullayeva

Bakı. Trend:

Azərbaycan qadını ilk dəfə 105 il əvvəl səsvermə hüququ qazanmaqla demokratik cəmiyyətin fəal üzvünə çevrildi ki, bu da geniş və hərtərəfli imkanlar demək idi. Beləliklə, qadınlarımızın ictimai-siyasi fəallığının təməli qoyuldu. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verdi. Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etdi. Bu təcrübə illər sonra-müstəqillik dövründə daha təkmil şəkildə, daha uğurla davam etdirildi. Müstəqilliyin ilk illərində, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət qadın siyasətinin əsas prinsipləri müəyyənləşdi. 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyamız qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Qadınlarımız milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verməyə başladı. Müxtəlif peşələrə yiyələnən qadınlar cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olmaqla, öz istedad və bacarıqlarını gerçəkləşdirirlər.

Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edir. Qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə təkmil qanunverici və hüquqi baza formalaşıb. Azərbaycan eyni zamanda qadın hüquqlarını təmin edən beynəlxalq Konvensiyaların da fəal iştirakçısıdır.

Bu gün həyata keçirilən uğurlu qadın siyasətinin nəticəsidir ki, bütün sahələrdə uğura imza atan qadınlarımızın sayı ilbəil artır. Bütün sahələrdə olduğu kimi, qadınların elm və təhsildə rolu, eyni zamanda təhsil sahəsində gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycan əsl nümunə sərgiləyir. Ölkədə baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verir. Cəmiyyətimizdə qadınların savadlılıq səviyyəsinə dair statistikaya nəzər salmaq kifayətdir. Belə ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizini qızlar təşkil edirsə, ölkəmizdə bu rəqəm 40 faizdir. Bu, çox ciddi göstəricidir və Azərbaycan qadınının ilbəil intellektinin atrması deməkdir. Beynəlxalq platformalarda da səsləndirildiyi kimi, qadınların xüsusilə təhsil və elmdə üstünlüklərə malik olması bəşəri problemlərin həlli üçün vacibdir.

Azərbaycanın birinci vitse-prezidentinin zərif cinsin nümayəndəsi olması ölkədə uğurlu qadın siyasətinin ən bariz nümunəsidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən, ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığını, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycanda eyni zamanda nazir müavinləri, icra hakimiyyəti başçılarının müavinləri də zərif cinsin nümayəndələridir. Bununla yanaşı, Ali Qanunverici Orqanda spiker başda olmaqla 22 qadın parlamentari təmsil olunur. Yəni, bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində qadınların üstünlük təşkil etməsi Azərbaycanda uğurlu qadın siyasəti ilə şərtlənir.

Azərbaycan qadını həm də cəmiyyətdə ailə institutunun günbəgün möhkəmlənməsində fəal iştirak edir. Ailə dəyərlərini, ailə ləyaqətini uca tutan qadınlarımız gənc nəsli də sağlam ruhda tərbiyələndirir.

Həmişə sülhün, əmin-amanlığın çarçısı olmuş Azərbaycan qadınları milli dövlətçilik mövqeyindən çıxış edərək, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib, canından keçib.

Müzəffər Ali Baş Komanda İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi isə 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri doğruldan vətənpərvər gənclər oldu. Bu gün Azərbaycan qadını qayğıkeş və fədakar ana, peşəkar dövlət xadimi, şəhid anası, milli qəhrəman kimi Vətənə və dövlətə layiqli övladlar yetişdirməkdədir.

Könül Nurullayeva

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti