Bakı. Trend:
Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetinin (FAU) doqquz nəfər və Qazaxstanın Qazax Milli Pedaqoji Universitetinin (KazNPU) doqquz nəfər əməkdaşından nümayəndə heyətləri 31 may - 7 iyun tarixlərində Bakıda, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səfərdədir.
ADPU-dan Trend-ə verilən məlumata görə, 2021-2023-cü illəri əhatə edən “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə - Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” adlı layihə dövründə ADPU-nun da bir qrup əməkdaşı iki dəfə Almaniyada və bir dəfə Qazaxstanda səfərdə olmuşlar. Səfər çərçivəsində müxtəlif seminarlar və təlimlərin keçirilməsi, ADPU-nun artıq iki ildir əməkdaşlıq etdiyi ABC Azərbaycan Britaniya Kolleci məktəb-lisey kompleksinə və ADPU-nun Quba filialına səfərlər nəzərdə tutulmuşdur.
Səfərin birinci günü ADPU-nun Filologiya fakültəsinin “Filoloji linqvistika” auditoriyasında Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və baş müəllim Jalə Səmədovanın təlimləri keçirilib. Qonaqlar ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi, buradakı kitab fondu və yaradılan xidmət səviyyəsi ilə tanış olmuşlar.
Daha sonra xarici qonaqlar, o cümlədən Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova, Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, müdir müavini, baş müəllim Günay Alıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, pedaqoji təcrübə rəhbəri Qəmərxanım Qəribova, layihənin ADPU tərəfdən üzvləri f.ü.f.d. Mirvari Qasımova, baş müəllim Aytən İbrahimova və tələbələrlə birgə məktəbi ziyarət etmişlər. ABC Azərbaycan Britaniya Kollecinin baş meneceri Alekper Alekperov qonaqları məktəbin fəaliyyəti ilə tanış edib. Məktəbin tarix müəllimi Nailə Şamilova və Azərbaycan dili müəllimi Xədicə Babayeva ADPU-nun burada pedaqoji təcrübə keçən tələbələri ilə birgə hazırladıqları təqdimatı qonaqlara təqdim etmiş, qonaqların suallarını cavablandırmışlar. Sonda layihə rəhbəri professor Anatoli Rakoşkin məktəb heyətinə öz təşəkkürünü bildirmiş və baş menecer Alekper Alekperova hədiyyələr və təşəkkürnamə təqdim etmişdir.
Səfərin ikinci günündə alman və qazax nümayəndə heyətləri, o cümlədən Xarici Dillər Mərkəzinin müdiri dos. Ülviyyə Hacıyeva, müdir müavini, b/m. Günay Alıyeva, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim-Tədris Mərkəzinin müdiri p.ü.f.d. Xalidə Həmidova və Xarici Dillər Mərkəzinin bir qrup əməkdaşı Quba filialına səfər etmişlər.
Filialın direktoru dos. Yusif Alıyev qonaqları ADPU-nun Quba
filialında görməkdən məmnun olduğunu bildirmiş, bu cür görüşlərin
professor-müəllim heyəti və tələbələrin həyatında xüsusi əhəmiyyət
kəsb etdiyini bildirmişdir. Filialın ingilis dili müəllimi Elmira
Əliyevanın rəhbərliyi ilə tələbələrin hazırladığı kompozisiyalar
qonaqlara təqdim edilib.
Filialın ingilis dili müəllimi Rahib Sədullayev bölgələrdə müəllim
hazırlığına həsr olunmuş mövzuda seminar keçmiş, f.ü.f.d. Mirvari
Qasımova və p.ü.f.d. Xalidə Həmidovanın təlimləri
keçirilmişdir.
Quba filialının İT Departamentinin müdir müavini Hikmət
Musayevin müşayiəti ilə qonaqlar Quba rayon Tarix-Diyarşunaslıq
Muzeyi və “40 pilləkən” kompleksini ziyarət etmişlər.
Sonda layihə rəhbəri prof. Anatoli Rakoşkin Quba filialının
direktoru dos. Yusif Alıyevə hədiyyələr və təşəkkürnamə təqdim
etmiş, direktorda öz növbəsində prof. Anatoli Rakoşkin və prof.
Ulzarxun Abdiqafarovaya hədiyyələr təqdim etmişdir. Qonaqlar xoş
təəssüratlarla Bakıya dönmüşlər.
Yekunda həm ABC Azərbaycan Britaniya Kollecində, həm də ADPU-nun Quba filialında tədbirlərin təşkilində və hazırlanmasında əməyi keçmiş hər bir iştirakçıya ADPU-nun beynəlxalq Əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynovanın adından təşəkkürnamələr təqdim edilmişdir.
Qeyd edək ki, iyun ayının 5-6 tarixlərində layihə çərçivəsində
“Multilingualism, internationalization, digitalization as factors
of innovations in teacher education” (“Çoxdillilik,
beynəlmiləlləşmə, rəqəmsallaşma müəllim hazırlığında innovativ
amillər kimi”) adlı konfransın keçirilməsi nəzərdə tutulub.