...

Bakıda tramvayın bərpası tıxaca necə təsir edə bilər?

Cəmiyyət Materials 13 Yanvar 2025 10:58 (UTC +04:00)
Bakıda tramvayın bərpası tıxaca necə təsir edə bilər?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. O bildirib ki, tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 May" metrostansiyasına qədər əhəmiyyətli ola bilər. Nazir müavini əlavə edib ki, "Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə tramvay effektiv ola bilər.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə bildirib ki, böyük şəhərlərdə tıxac ənənəvi hallardandır:

"Lakin onun ciddi alternativləri olmalıdır. Bu alternativlərin də məsafəyə uyğun təklifləri olmalıdır. Ötən ildən başlayaraq Bakıda mikromobillik zolaqları, avtobus zolaqlarının təşkili həyata keçirildi. Sevindirici haldır ki, bu ildən yeni metro stansiyalarının tikilməsi, həmçinin, tramvay xəttinin çəkilməsi kimi layihələr elan olunub.

Tramvayın ilkin olaraq keçəcəyi xətt müəyyən edilib. Bundan başqa, şəhərətrafı elektrik qatarı şəbəkəsinə də ciddi diqqət ayrılmalıdır. Mövcud dəmiryolunda qatar sayını artırmaq lazımdır. Fərqli seqmentlər üzrə investisiyaların artırılması şəhərdə ictimai nəqliyyatın keyfiyyətini artıracaq. İctimai nəqliyyatla hərəkət edən insanların çoxalması faiz etibarilə tıxaca birbaşa təsir edəcək. Ümumiyyətlə, ictimai nəqliyyata diqqət ayrılmalı, maliyyə dayanıqlılığı, komfortu təmin edilməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, tramvay xətlərinin açılması tıxacın aradan qaldırılmasına müsbət edə bilər.

"Bu, o zaman effektiv olacaq ki, tramvay xətti hər hansı avtomobil yolundan keçməsin. Əgər bu xətt avtobus və avtomobil zolaqlarının hesabına çəkiləcəksə, heç bir effekti olmayacaq.

Bu ictimai nəqliyyat növü elektriklə işlədiyi üçün, avtomobillərlə müqayisədə daha az emissiya istehsal edərək, şəhərin havasının keyfiyyətini yaxşılaşdıra bilər. Avtomobil sahibi olmayan və ya ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün əlavə nəqliyyat vasitəsi olacaq", - o əlavə edib.

Qeyd edək ki, tramvay Bakı şəhərində 1924–2004-cü illərdə fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti