...

Bəstəkar Nailə Mirməmmədli: "Hikmət hamının yuxusuna gəlir, mənimkinə isə yox"

Cəmiyyət Materials 11 İyul 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul/müx.TrendLife Fəridə Məhərrəmqızı/Bəstəkar Nailə Mirməmmədlinin əlavə təqdimata ehtiyacı yoxdur. Onunla çoxdan planlaşdırdığımız müsahibə dünyadan vaxtsız köçən həyat yoldaşı Hikmət Mirmmədlinin qırx mərasimindən sonraya təsadüf etdi. Nailə xanımla görüşümüz onun evində baş tutdu.

Qonaq otağının divarında asılmış Hikmət müəlllimin böyüdülmüş şəkli diqqətimizdən yayınmadı. Şəklə baxdığımızı görən Nailə xanım söhbətə özü körpü saldı: "Əvvəllər oradan heç nə asılmamışdı. Hikmət həmişə divara baxıb oradan nəyisə asmaq lazım gəldiyini bildirirdi. Tale elə gətirdi ki, həmin yerdən onun öz şəklini asmalı olduq, amma ölümündən sonra".

- Sizin üçün ağır olsa da, söhbətimizi qəmli notlarla başlamağa məcburuq. Eşitdik, həyat yoldaşınızın qırx mərasimini vaxtından əvvəl yola vermisiniz...

- Bildiyiniz kimi, bizim 4 övladımız olub. Məlum hadisə nəticəsində onlardan birini itirdik. Bəzi inanclara görə, mərhum qalan ömrünü övladlarına bağışlayır. Ona görə də biz 3 övladımızın xətrinə qırx mərasimini 3 gün qabağa çəkdik.

- Hikmət müəllimin yoxluğun necə qəbul edə bilirsiniz?

- Bu fikri özümə yaxın buraxmıram. O, mənim üçün yaşayır və yaşayacaq. İndi də onun evdə qoyduğu qayda-qanunlarla hərəkət edirik.

- Bəs yuxularınıza necə, gəlir?

- Nədənsə hamının yuxusuna gəlir, amma mənim yox. Belə deyirlər, gözü arxada qalmayıb, arxayındır, ona görə yuxularıma gəlmir. Ölümündən üç gün sonra rəfiqəmin anasının yuxusuna girib kiçik oğlumuzdan nigaranlığını bildiribmiş. Bunu mənə danışandan sonra, doğrudan da, kiçik oğlumuz qızdırma keçirdi.

- Çox qəribədir ki, sizin bəzi mahnılarınızın adı ilə həyatda yaşadıqlarınız üs-üstə düşür.

- Düz deyirsiniz. Mən oğlumu itirməzdən əvvəl "Dərd verdin" mahnısını yazmışdım. O mahnı mənim həyatımın leytmotivi oldu. "Son gecə" mahnım da elə bil Hikmətlə mənim taleyimizə aiddir. Bir dəfə telekanallardan birində həmin mahnı ifa olunurdu. Özümdən asılı olmayaraq ağlamağa başladım və bu, Hikmətin gözündən yayınmadı. Onun "nə olub" sualına "indiyədək bu mahnını belə dərindən hiss etməmişdim" - deyə cavab verdim.

- Nailə xanım, son illər həyatınızda bir-birinin ardınca baş verən hadisələri alın yazısı, qismət saymaq olar?

- Bilmirəm buna nəzər deyim, yoxsa başqa ad verim. Görünür, bu, alın yazısıdır. Hikmətin həyatı yarıda kəsilsə də, onun arzularını həyata keçirməliyəm.

- Sizcə, bu asan olacaq?

- Əlbəttə, olmayacaq, amma etməliyəm. Hikmət rəhmətə gedəndən üç gün sonra mənim başım çox qarışdı. Dostlarım, yaxınlarım, qohumlarım bizi tək qoymadılar. Bu qırx gün ərzində cəmi 3-4 gün mən özümü itirən kimi oldum. Belə hallarda ağlaya bilmirəm.

- Sizin ikinizdən bəhs edən "Bir məhəbbət hekayəsi" mahnısı və klipi kimin ideyasıdır?

- Özümün. Onun ölümündən sonra mənə bir neçə şeir göndəriblər. Lakin o şeirlərdə özümü tapa bilmirdim. Rəfiqəm Rəna Mirzəyevanın bir gün mənə verdiyi şeir çox xoşuma gəldi. O günə kimi röyalın qapağını açmamışdım. Amma buna ehtiyacım vardı. Bilirdim ki, royılın qarşısında oturub nə isə ifa etsəm, yüngülləşəcəyəm, içimdəki dərddən bir qədər azad olacağam. Bu mahnı beynimə necə həkk olundusa, eləcə ifa edib nota yazdım.

- Baş verənlər iş fəaliyyətinizə təsirsiz ötüşməyib. Həmin mahnıdan sonra başqa mahnılar bəstələdiniz?

- Bəli. "Bir məhəbbət hekayəsi" sanki mənə güc verdi. Ondan sonra dayanmadım. Yarımçıq qalmış mahnılar vardı ki, onları tamamladım. Mənim bundan başqa sənətim yoxdur. Ona görə də sənəti ata bilməzdim.

- Belə demək olar ki, Nailə Mirməmmədli bundan sonra ritmik deyil, ancaq kövrək mahnılar ifa edəcək?

-Mən belə fikirləşmirəm. Əkizlər bürcü altında doğulmuşam. Bu bürc altında doğulanlarda uzaqgörənlik olur. Bütün sənət adamları kimi məndə həssaslıq güclüdür. Hər şeyi əvvəlcədən hiss edə bilirəm.

- Nailə xanım, gələcək yaradıcılıq fəaliyyətinizi hansı istiqamətdə sürdürəcəksiniz?

- Bəzi planlar var. Hikmətin yarımçıq ideyalarını davam etdirəcəyəm. Onun yarımçıq qalmış əsəri vardı. Bu da güləşçilərə həsr olunub. Bildiyimiz kimi, 120 ölkədən olan güləşçilərin festivalı keçiriləcək. Hazırda həmin əsər səsyazma studiyasındadır. Güləşçilərə həsr olunan bu himni bir neçə müğənni ifa edəcək.

Daha sonra onun haqqında bir veriliş hazırlanmasını istəyirəm. Hikmətin ilində konsert proqramı təşkil etməyi düşünürəm. Bir arzum da var, istərdim ki, təqvimdə elə bir gün olsun ki, həyat yoldaşını itirən qadınlara həsr olunsun. İstərdim, bir libretto hazırlansın və mən ona opera yazım. İkinci opera yazan qadın bəstəkar olmaq arzusundayam. O mərd qadın obrazını hazırda yaşayıram.

Xəbər lenti

Xəbər lenti