...

Azərbaycan şahmatçıları dünya birinciliyində 4 medal qazanıblar

İdman Materials 16 May 2013 19:09 (UTC +04:00)
Yunanıstanın Halkidiki şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə dünya çempionatına yekun vurulub.
Azərbaycan şahmatçıları dünya birinciliyində 4 medal qazanıblar

Azərbaycan, Bakı, 16 may /Trend/

Yunanıstanın Halkidiki şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə dünya çempionatına yekun vurulub.

Trend Regional TV-yə istinadən xəbər verir ki, 9 turdan ibarət olan turnirdə 41 ölkədən 550 şahmatçı qüvvəsini sınayıb. Birinciliyə mayın 7-si start verilib. 7 gün davam edən çempionatda Azərbaycan 37 idmançı ilə təmsil olunub. 7-17 yaşadək idmançıların ayrı-ayrı yaş qrupları üzrə mübarizə apardığı çempionat 9 turdan ibarət olmaqla İsveçrə sistemi ilə keçirilib. Zəka sahiblərimiz turnirdə inamlı çıxışları ilə yadda qalıblar.

Artıq çempionata yekun vurulub. Təmsilçilərimiz ümumilikdə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. 15 yaşlı oğlanlar arasında mübarizə aparan Miradil Zeynallı bütün rəqiblərini
qabaqlayaraq 7.5 xalla 1-ci yerin sahibi olub. Bu yaş qrupunda digər mübarizə aparan Zaur Bayramov və Şahəli İsmayılov 6 xal toplayaraq 5-6-cı yerləri bölüşüblər.

Mükafatçılar arasında Quba şahmatçısı da yer alıb. 17 yaş qızlar arasında qüvvəsini sınayan Bikəxanım Zamanova aktivinə 6.5 xal yazaraq gümüş medala sahib olub. Eyni yaş qrupunda mübarizə aparan Aytən Əmrayeva isə 5.5 xal toplayaraq 4-cü pillədə qərarlaşıb.

Ölkəmizə 2-ci gümüş medalı 11 yaş oğlanlar arasında mübarizə aparan FİDE ustası Abdulla Qədimbəyli qazandırıb. Çempionatda 1-2-ci yerləri bölüşdürən Qədimbəyli yalnız əlavə əmsalına görə 2-ci olub. Ümid Aslanov isə 7 yaşlı oğlanlar arasında bürünc medalın sahibi olub.

9 yaşlı qızlar arasında İsmayıl Mələk fərqlənə bilib. O, 6.5 xal toplayaraq 4-cü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti