Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Trend-in məlumatına görə mayın 25-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qax şəhərlərində bu bölgələrin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin qəbulu Balakən şəhərində keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Balakən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Zaqatala şəhərində, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Qax şəhərində vətəndaşları qəbul ediblər.
Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.