Bakı. Trend:
Hazırda Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq işçi çalışır.
Trend xəbər verir ki, bunu “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev deyib.
O bildirib ki, ümumilikdə ticarət şəbəkələrinin inkişafı ölkədə işsizliklə bağlı məsələlərin həllində böyük dəstək ifadə edir.
"Lakin onu da qeyd etmək lazımdır ki, ali və orta təhsil müəssisələrində bu sahə üzrə kadr hazırlığının səviyyəsi aşağıdır. Bu da öz növbəsində kadr potensialı ilə bağlı problemlər yaradır. Bu səbəbdən də hər bir şəbəkə özünün təlim mərkəzini yaratmaq məcburiyyətindədir. Bu sahədə yüksək ixtisaslı kadrların sayı azdır", - deyə S.Abdullayev əlavə edib.
Qeyd edək ki, ictimai müzakirə KOBİA və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və media nümayənələri iştirak edirlər.