Bakı.Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Amerika Gəmiçilik Bürosunun (ABS) təşkilatçılığı ilə MEPC 83 Seminar Seriyası çərçivəsində beynəlxalq mütəxəssislərin təqdimatları dinlənilib.
Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.
Bildirilib ki, tədbir Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Mühitinin Mühafizəsi Komitəsinin (MEPC) 83-cü sessiyasında qəbul olunmuş qərarların dəniz nəqliyyatına təsirlərini qiymətləndirmək, emissiyaların azaldılması ilə bağlı strategiyaları müzakirə etmək və ekoloji texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübəni bölüşmək məqsədi daşıyıb.
Seminar “MEPC 83- Beynəlxalq gəmiçilikdə nəticələr və təsirlər” mövzusuna həsr olunub. Təqdimatlarda yeni tənzimləmələr, tullantıların azaldılması hədəfləri və alternativ enerji mənbələrinə keçidlə bağlı əsas istiqamətlər ön plana çıxarılıb.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxışında Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP 29 tədbirinin ölkənin ekoloji gündəliyində mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, ASCO 2050-ci ilə qədər donanmasında emissiyasız istismara keçid istiqamətində ardıcıl tədbirlər həyata keçirir və bu hədəf donanmanın yenilənməsi proqramında əsas prioritet kimi müəyyən olunub.
ABS-in Türkiyə və Xəzər regionu üzrə Biznes İnkişafı direktoru Seyfettin Tatlı MEPC 83 sessiyasının gəmiçilik sahəsində yaratdığı yeni normativ çərçivəyə toxunaraq, rəqəmsal yoxlama sistemlərinin istismar zamanı çeviklik, şəffaflıq və ekoloji nəzarət imkanlarını artırdığını diqqətə çatdırıb.
ABS-in Tənzimləyici Məsələlər üzrə baş mühəndisi Konstantinos Teokaris İMO-nun yeni qaydalarının tətbiq cədvəli, Avropa İttifaqının yanacaqla bağlı direktivləri və istixana qazı tullantılarının azaldılması məqsədilə nəzərdə tutulan təhlükəsizlikcmexanizmləri barədə geniş məlumat verib.
MAN Türkiyə şirkətinin meneceri Mevlüt Civelekal alternativ yanacaqlar, xüsusilə bioloji mənşəli yanacaq növləri, gəmi üzərində karbon qazının tutulması texnologiyaları və tullantıların azaldılması üzrə texniki yanaşmaları iştirakçılarla bölüşüb.
ABS-in Qlobal Dayanıqlılıq Direktoru Temis Vagiakos isə enerji
səmərəliliyi, dayanıqlı texnologiyalar və emissiyaların
azaldılmasına xidmət edən həllər haqqında danışaraq bu
istiqamətdəki beynəlxalq təcrübəni təqdim edib.
Seminar çərçivəsində nümayiş olunan rəqəmsal yoxlama
texnologiyaları texniki auditin yeni üsulları və ekoloji
standartların elektron izlənməsi imkanlarını əhatə edib. Ardınca
keçirilən interaktiv sessiyalarda iştirakçılar texniki və hüquqi
məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tədbirdə ASCO, Dövlət Dəniz və Liman Agentliyi, “Caspian Marine Services” Ltd, “Caspian BUE Offshore Ltd”, TEG Central Asia, Caspian Drilling Company, ASCO Shipmanagement AFEZCO, BP və Bakı Gəmiqayırma Zavodunun nümayəndələri də iştirak ediblər.