Bakı. Trend:
Alimlər Böyük Britaniya sahillərində şəhər ölçüsündə olmuş nəhəng aysberqlərin izlərini aşkar ediblər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar bu aysberqlərin on minlərlə il əvvəl Şimal dənizinin dibini dərin izlərlə yararaq sahil boyu hərəkət etdiyini göstərir.
Tədqiqatçılar bu izlərin təxminən 18 min il əvvəl Britaniya və İrlandiyanı örtən buz örtüyündən qopmuş aysberqlərə aid olduğunu bildirirlər. Bu isə həmin dövrdə buzlaqdan böyük ölçülü aysberqlərin ayrıldığına dair ilk konkret sübut sayılır. Bu tapıntılar müasir dövrdə iqlim dəyişikliyinin Antarktidaya təsirini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Alimlər bu qədim aysberqlərin “barmaq izlərini” dəniz dibinin 3D seysmik məlumatları əsasında müəyyən ediblər. Bu məlumatlar adətən neft-qaz və külək turbinləri layihələri çərçivəsində aparılan okean tədqiqatlarında toplanır. Yüksək dəqiqlikli bu görüntülər müasir dəniz dibinin altında yerləşən çöküntü qatlarının keçmişdəki vəziyyətini MRT skanına bənzər şəkildə təsvir edir.
Tədqiqat nəticəsində böyük aysberqlərin sualtı kələ-kötür “daraqvari” izlər buraxdığı müəyyən edilib. Bu izlər Britaniya-İrlandiya buz örtüyündən qopan və suda hərəkət edən nəhəng buz parçalarının dibə sürtünməsi nəticəsində yaranıb. Alimlər qeyd edir ki, bu izlərin bəzisi müasir Şotlandiyanın şərq sahilindən cəmi 145 kilometr (90 mil) məsafədə yerləşir. Bu da həmin dövrdə buzlaqdan ayrılan aysberqlərin Böyük Britaniya sahillərinə nə qədər yaxınlaşdığını göstərir.