...

Mərmərə dənizində baş verən zəlzələdən sonra 291 afterşok qeydə alınıb – AFAD

Dünya xəbərləri Materials 24 Aprel 2025 23:17 (UTC +04:00)
Mərmərə dənizində baş verən zəlzələdən sonra 291 afterşok qeydə alınıb – AFAD
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) Mərmərə dənizində baş verən zəlzələdən sonra bölgədə 291 afterşok qeydə alındığını açıqlayıb.

Trend-in məlumatına görə, aprelin 23-də episentri Silivri sahillərindən təxminən 24 kilometr uzaqlıqda yerləşən və 6,2 maqnitudasında qeydə alınan yeraltı təkan İstanbulun cənub sahillərindəki yaşayış məntəqələrində 5 bal gücündə hiss olunub. Hazırda bölgədə afterşokların sayı azalmaqda davam edir.

AFAD-ın açıqlamasına əsasən, baş verən afterşokların 283-ü 3,9 və daha aşağı maqnitudada olub, onların əksəriyyəti isə 3 baldan zəif təkanlardır. Yalnız 8 afterşok 4 maqnitudanı keçib.

“Son 28 saat ərzində 4 saatlıq intervallarda aparılan müşahidələr göstərir ki, postseysmik aktivlik azalma tendensiyası göstərir və yeraltı təkanların qarşıdakı həftələrdə sönəcəyi proqnozlaşdırılır,” – deyə bəyanatda qeyd olunub.

AFAD əlavə edib ki, zəlzələ nəticəsində sərbəst buraxılan enerji trotil ekvivalentində 30 kilotondan çox olub ki, bu da 2019-cu il sentyabrın 26-da eyni bölgədə baş vermiş 5,8 maqnitudalı zəlzələdən təxminən dörd dəfə artıqdır.

Uzun müddətdir həyata keçirilən risklərin azaldılması tədbirləri nəticəsində zəlzələ heç bir struktur zərərə və insan tələfatına səbəb olmayıb.

Xəbər lenti

Xəbər lenti