Bakı. Trend:
Audi şirkəti Şanxay avtosalonunda Çin bazarı üçün nəzərdə tutulan yeni AUDI subbrendinin ilk modelini təqdim edib. Qeyd edək ki, brendin loqosu da fərqlidir – burada klassik dörd halqalı emblemdən istifadə olunmur.
Trend xəbər verir ki, yeni alt brend Çin nəhəngi SAIC konserni ilə əməkdaşlıq çərçivəsində yaradılıb və yalnız Çin bazarına yönəlib.
Subbrendin debüt modeli E5 Sportback adlı beşqapılı elektrokar olub. O, ötən il nümayiş olunan “AUDI E” konseptinin dizaynını əsas götürür. Avtomobilin əsas texniki xüsusiyyətləri belədir:
Uzunluq: 4870 mm
Təkər bazası: 2950 mm
Arxitektura: 800 voltluq sistem
Sürətli enerji doldurma: 10 dəqiqəyə 370 km məsafə üçün enerji
Yeni elektrokar qabaqcıl texnologiyalarla təchiz olunub: tam idarə olunan şassi, avtopilot sistemləri, ön panel boyunca uzanan 27 düymlük ekran, habelə arxa görüntü güzgüləri əvəzinə kameralar mövcuddur.
E5 Sportback bu yay Çində satışa çıxarılacaq. Qiymətlər isə hələ açıqlanmayıb.